3 il öncə həmkarım Cavid İsmayılla Astanada, indiki Nur-Sultan şəhərində hotelin foyesində oturub bizi toplantı məkanına aparacaq avtobusu gözləyirdik. Birdən hotelin fırlanan qapısı açıldı, içəriyə 18-20 çinli turist doluşdu. Məhz “doluşdu”.
Şovinistlik kimi çıxmasın, onlar öz dillərində qart-qurt edə-edə, diyircəkli çamadanlarını gah ora, gah bura sürüdülər, qeydiyyat sürahisinə yaxınlaşdılar, sonra divan-kresloların yanında bənd aldılar. Onların hamısı qadın idi. Yaşları 20-40 arasında olardı. Boy-buxunca bizim otüstü hokkey millimizin üzvlərinə – Su Məmmədovaya, Vi Quliyevaya, Hu Sadıqovaya oxşayırdılar.
Əvvəlcə mən də elə bildim, onlar həndbolçu, ya hokkeyçidilər (qızlarda voleybolçuluq, basketbolçuluq boy yox idi). Sonradan məlum oldu ki, onlar, ümumiyyətlə, idmançı deyillər, eləcə turistdirlər.
Ertəsi gün bir də fikir verdik ki, hotelə yenə 18-20 nəfərlik (molekul kimi ora-bura çox hərəkət edirdilər, dəqiq saylarını bilmək olmurdu) çinli turist qrupu gəldi. Bu dəfə aralarında kişi xeylağı da vardı – 1-2 nəfər.
Həmin günlərdə küçədə, ticarət mərkəzlərində, iaşə obyektlərində böyük qruplarla gəzən çinli turistlər gördük (Çin hökuməti bilə-bilə böyük qruplarla göndərir və üstlərində xüsusi xidmət orqanlarının bir və ya bir neçə əməkdaşı gedir).
Hər dəfə onları görəndə belə bir sual yaranırdı: “İnsan nə qədər gəzər? Bir ölkədən nə qədər turist çıxar?”
Ancaq Çinin əhalisinin sayını (axırıncı dəfə 1,5 milyardda hesabı itiriblər, təzədən saymağa da ərinirlər) nəzərə alanda görürsən ki, yox, normaldır, çoxdan çox turist çıxar, azdan az.
Heç demə, çinlilər turistlikdə dünya üzrə ikinci yerdəymişlər. Bəs 1-ci yerdə kimdir? ABŞ-lılar.
Bəziləri “amerikalılar” deyir, amma Çili də Amerikada yerləşir, Kanada da. Toplamda Amerika materik və qitələrində 35-40 ölkə var, prinsipcə, hamısı amerikalıdır. Amma turistlərinin sayına görə dünya birincisi olan məhz ABŞ-dır.
Buralarda çox görünmədiklərinə baxmayın, ABŞ-lılar əsasən Kanada, Meksika və İtaliyaya səyahət edirlər. Bir də dünyanın yerdə qalan 200 ölkəsinə. Elə bir ölkə tapmaq olmaz ki, orada ABŞ-lı diplomat, biznesmen, hərbçi, kəşfiyyatçı olmasın. Düzdür, onlar turist deyillər, amma yanlarına gedib-gələnlər, əl-əlbət, turist sayıla bilər.
Turistləri çox olan başqa ölkələr isə aşağıdakılardır: Almaniya, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yaponiya, Kanada, Rusiya, Tayvan.
Siyahıya diqqət edirsinizmi? Sanasan, G-8 ölkələrinin siyahısını oxuyursan. Təkcə Tayvan və Rusiya istisnadır. Qalan hamısı onlardır – yəni iqtisadiyyatı güclü olanlar.
Bax, o vaxt deyiləndə ki, “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, ağız büzənlər vardı. Amma təcrübə göstərir ki, güclü iqtisadiyyata malik olanda xalqın da cibişdanında, bank hesabında bir şeylər olur, o da canı istəyən kimi çamadanını qablayıb gedir səyahətə.
Kasıb ölkələrin vətəndaşları isə lap cənnətdə yaşasalar da, iki addım o tərəfə atıb, hurilər dolaşan məkanlarda istirahət edə bilmirlər. Məsələn, 40 yaşına qədər Bodrumda yaşayan, amma bir dəfə “Allah, sənə şükür eləyib” dənizə girməyən adamlar var, səhər açılandan axşama qədər çalışır, özləri demişkən, əkmək parası qazanırlar.
Yəni bu səyahətdir, tətildir-filandır, bunlar varlı ölkələrin əhalisinin kütləvi şəkildə özlərinə rəva görə biləcəyi işdir. Deyilə bilər, bəs ruslar necə olsun, onların ölkəsi kasıbdır axı, hər halda ABŞ-ın, Kanadanın, Yaponiyanın tayı deyil, amma il on iki ay gəzirlər.
O məsələ başqa cürdür. Ruslar fanatik səyahətçidirlər. Ciblərində 200 dollar oldumu, üstünü də düzəldib, ucuz tur tapıb gedəcəklər. Onların bizim ölkədəki həmyaşıdları evində 20 min, hətta 200 mini olsa da, qımzanıb bir yerə getməz, üstünü düzəldib oğluna lüks maşın, qızına bahalı cehiz alar, torpaq sahəsi götürüb üçmərtəbə evin bünövrəsini tökər, bir xaral pul verib kürəkənini yaxşı işə düzəldər və sair və ilaxır vacib şeylər edər. Gəzmək nədir, səyahət nədir, 3-5 gün asudə yaşamaq nədir? Bizimkilərə haramdır.