AXC-Müsavat hakimiyyətinin vaxtıydı, evdən çölə çıxa bilmirdik… Zarafat edirəm, günüm çöldə keçirdi. 10 hektar üzüm bağım vardı, onu becərirdim.
Düzdür, rayonun İH başçısı Şakir Abbasov bir toplantıda şəxsən özü mənə yaxınlaşıb İH aparatına vəzifəyə dəvət etmişdi və mən də lazımi sənədləri toplayıb vermiş, əmrimin veriləcəyi günü gözləyirdim, amma vəzifəyə arxayın olub, bağımı yiyəsiz, baxımsız qoymurdum. Ayağımda uzunboğaz rezin qaloş, əlimdə bel işləyirdim, bağı suvarırdım.
O günlərin birində kiçik qardaşım atamın avtomobili ilə işlədiyim sahəyə gəldi, maşını bir kənarda saxladı, düşüb yavaş-yavaş yanıma gəldi. Mənə çatmağa 15-20 metr qalmış, gördüm ki, qaqam uğunub qəşş elədi. Deyib-gülən uşaq olduğuna görə dedim, görən, yenə kənddə nəsə məzəli bir hadisə olub, ona gülür, indi danışacaq. Amma bəradər bərabərimə çatdı, barmağını ayağımdakı qaloşa tuşlayıb dedi: “Cənaba bax, cənabın ayağındakı qaloşa bax, əlindəki lapatkaya bax”.
Əlavə informasiyaya ehtiyac yarandı və qardaşım izah etdi ki, 3-4 dəqiqə əvvəl yolda olanda maşında AzadlıqRadiosunu dinləyirmiş, verilişin aparıcısı Mirzə Xəzər “Cümhuriyyət” qəzetinin birinci səhifəsində dərc olunmuş (o yazını Yadigar Məmmədli və rəhmətlik Gülməmməd Məmmədzadə dərc etmişdi) yazımdan sitatlar oxuyurmuş, hər dəfə də sözünü başlayanda ad-soyadımı çəkir, deyirmiş: “Cənab… hesab edir ki…”; “Cənab … ın fikrincə…”; “Cənab … a görə…”
Beləcə, qardaşım ayağımdakı uzunboğaz qaloşu görəndə “cənab” və “qaloş” kəlmələri ona gülməli dərəcədə təzadlı görünüb.
Mən təbii ki, özümü o yerə qoymadım, dedim, adam öz təsərrüfatının cənabı, ağası da olar, fəhləsi də. Amma beynimə gəldi ki, Şakir bəyə ya onun birinci müavini Süleyman Qaradağlıdan, ya da humanitar məsələlər üzrə müavini Firəddin Eyvazovdan belə bir xəbər göndərim: “O məsələ nə oldu, İH aparatına işə gəlirəm, yoxsa qaloşumun qədrini bilim?”
Bunu ona görə yazıram ki, mənim də qaloşla bağlı məzəli bir xatirəm var.
Yəni yeri gələndə qaloş çörək ağacı ola bilər, ona görə də heç kəs ona yuxarıdan aşağı baxmasın.
Bu gün ölkənin gündəmində “çörək ağacı” olan başqa bir qaloş var, amma bu qaloş uzunboğaz deyil, suvarma, əkin-biçin işlərinə yaramır, eləcə, həyət-bacada gəzmək üçündür. Amma necə “müqəddəs”ləşibsə, onu sellofan torbaya (çirklənməsin, murdarlanmasın) qoyublar və camaatın başına, boynuna toxundururlar. Çünki bu, adi qaloş deyil, “seyidin qaloşu”dur, şəfavericilik xassəsi var, min bir dərdin dərmanıdır. Düzdür, sonradan biri dedi ki, adamlara toxundurulan qaloş deyil, ayaqqabıdır. Amma nə fərqi, ikisi də ayağa geyinilir…
“Qaloş piri”nə aid video da paylaşılıb və açıq-aşkar görünür ki, qaloşun kəramətinə inanan N qədər adam var. Axırıncı dəfə bu qədər adamı 19 dekabr mitinqində görüblər.
Goranboylu mürşidə bu qədər inanan varsa, o, əməlli-başlı təriqət şeyxi ola, müridlər dəstəsi saxlaya bilər. Nə qədər olmasa da, onun “ocağ”ına gələnlər nəzir-niyaz da verirlər, təriqəti ayaqda saxlamaqda problem olmaz.
Zarafat bir yana, doğrudanmı 21-ci əsrin 19-cu ilində bir rayonda yüzlərlə, hətta minlərlə adam “seyidin qaloşu”na görə şəfa tapacağına, müşkülünün həll olunacağına inanır?
Belə görünür ki, inanırlar. Mirzə Cəlil sağ olsaydı, bu duruma baxıb yeni bir “Ölülər” yazmazdı, sadəcə, dəli olardı ki, necə yəni bir millət üçün bu qədər kitab, məqalə yaz, amma o, 100 ilə də düzəlməsin. Əbdürrəhim bəy də oturub təzədən “Pir-2″ yazmazdı, bu videoya baxar, kövrələr, əlini yelləyib, ”Allah bəlanızı versin, hələ də ordasınız” deyərdi.
Yox, daha ziyalıların maarifçilik işi aparmasından, alimlərin elmi izahatalar verməsindən keçib, bu iş onlarlıq deyil. Bu işlə hökumət məşğul olmalıdır. Bu, hüquq-mühafizə orqanlarının işidir. Elə adamları ənsələyib içəri basmaq lazımdır, qoy “seyidin qaloşunu” “zon”da geysin.
Əslində istənilən bir müasir kəndin camaatı xurafata, mövhumata, cəhalətə qarşı çıxaraq, xalqa kələk gələni tutub yerə yıxmalı, ağzının üstündən o qaloşlardan birinin tayı ilə vurmalıydılar (qaloş və ya ağız cırılana qədər). Amma nə yazıq ki, camaat növbədədir, başına qaloşla sığal çəkilməsini, ağzına tüpürcəkli qənd qoyulmasını gözləyir.
Gərək mən də o vaxt geyib bağ suvardığım uzunboğaz qaloşu sellofan torbaya qoyub saxlayaydım. Nə də olmasa, o qaloş daha manidar suvenir ola bilərdi.