Dünən mediada milyonçulara dair iki fərqli xəbər vardı, amma onları tutub bir-birinə bağlamaq mümkün idi.
Biri həmvətənimiz Zamirə Hacıyevanın (Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda türmədə cəza çəkən Cahangir Hacıyevin ömür-gün yoldaşı) Londonda xərclədiyi milyonlara dair yeni təfərrüat idi.
İngiltərə hüquq-mühafizə orqanlarının və qəzetçilərinin yazdığına görə, xanım bir üzüyə 2 milyon, oyuncaqlara 1 milyon manat xərcləyibmiş və bu səxavəti ilə dünyanın ən varlı adamlarının belə ağzını ayrıq qoyubmuş.
İkinci xəbər isə milyonçuların babat pul-para qazanandan sonra qaçdığı ölkələrin siyahısı idi. Siyahıda 9 ölkənin adı vardı və bunlar sağ böyürdəkilərdir: Çin, Rusiya, Hindistan, Türkiyə, Böyük Britaniya, Fransa, Braziliya, Səudiyyə Ərəbistanı, İndoneziya…
Ötən il adı başda olan ölkədən qaçan milyonçuların sayı 15 min olubsa, adı sonda gələn ölkədə pul qazanıb aradan çıxan milyonçuların sayı 1 000 nəfər olub.
Siyahını maraqlı edən bir məqam odur ki, orada Böyük Britaniyanın və Fransanın da adı var. Bu, o ölkələrdir ki, dünyanın dörd bir tərəfindən milyonçular ora axışırlar. Heç demə, ingilislərin və fransızların öz milyonçuları da başqa (məsələn, ABŞ, Kanada, İsveçrə kimi) ölkələrə qaçırmışlar.
Hələ siyahıda Braziliya da var. Amerika qitəsinin milyonçuları bu ölkəyə getdikləri halda, Braziliyanın milyonçuları niyə belə hərəkət etsinlər, mat qalmalı işdir.
Əlbəttə, heç kəs kefindən belə addım atmaz. Bir ölkədə ki oğurluq-doğruluq milyonlar qapazlamaq olur, ordan niyə qaçasan? Ancaq görünür, qaçqın milyonçuların bu gündən sabaha etibarları yoxdur, bilirlər ki, hökumət əvvəl-axır girəvələyib onların əlindəkini alacaq, özlərini də içəri basacaq.
İndi gələk mətləb üstünə və yuxarıda dediyim kimi, Londonda milyonlar xərcləyən Zamirə Hacıyevanı qaçqın-qaçaq milyonçularla əlaqələndirək.
Əgər Cahangir Hacıyev vaxtında tədbirli və çevik tərpənsəydi, həbs olunmamış aradan çıxa bilsəydi, o da qaçqın milyonçulardan biri olardı. Amma o, nəyə görəsə ləngidi və həbsə düşdü. Bununla belə, onu ziyanın yarısından qayıtmış adam saymaq olar. Çünki özü vətəndə qalaraq öz azadlığını fəda eləsə də, arvad-uşağı və milyonları ölkədən çıxara bilib.
Hazırda sabiq bankir türmədə tualet növbəsinə durur, amma xanım Londonun ən bahalı dükanlarında milyonluq bazarlıqlar edir və İngiltərə ictimaiyyəti bu duruma dözə bilmir.
Bəlkə də o biri ölkələrin qaçaq milyonçuları bu cür əhvalatlardan xəbərdardırlar və qazandıqları milyonların halallıq əmsalını bilirlər deyə “haray bəri başdan” devizi ilə hərəkət edirlər, köçlü-külfətli aradan çıxırlar.
Hər halda, birdən-birə 7, 10, 15 min milyonçunun ölkədən qaçması xırda məsələ deyil. Əgər o ölkələrin yerində bizim kimi balaca ölkələr olsaydı, iqtisadiyyatları çökərdi. Yaxşı ki, hər ölkənin öz boy-buxununa görə də milyonçuları var, azı gedir, çoxu qalır.
Biz o cür mötəbər siyahılara düşmürük. Çünki birincisi, bizdə rəsmi milyonçu yoxdur, ikincisi isə, qeyri-rəsmi olanlar da çox deyil. Yoxsa halımız, türkün sözü, fəna olardı.
Məsələn, yüksək vəzifədən çıxarılan bir xeyli adam var ki, onların səsi xaricdən gəlir. Bunlar əsasən keçmiş nazirlər və onların övladlarıdır. Amma belələri çox olar 50, 100 nəfər, 1000-ə çatmaz. Qaçaq milyonçularımızın sayı 1000-ə çatsa, bizim adımız da TOP-10-a girərdi və istəsək, qürur duya, istəməsək, xəcalət çəkə bilərdik.
İndilikdə isə yalnız onunla fəxr edə bilərik ki, Çinin, Rusiyanın, Hindistanın qaçaq milyonçularının heç biri bizim Zamirə kimi performans göstərə, pul xərcləyə bilmirlər. Onlar elə bir şey etsəydilər, indi sığındıqları ölkənin mediası müvafiq xəbərlər yazmış olardılar, biz də oxuyub hali olardıq.
Hazırda ömründə avro, dollar, hətta milli 200-lük görməyən yüz minlərlə həmvətənimiz oturub fikirləşir ki, axı 2 milyonu 5-6 qramlıq metala necə vermək olar. Onların bu sualın cavabını bilməsi üçün hərəsinə bir neçə milyard müftə pul vermək lazımdır. O zaman görəcəklər ki, zəhmətlə qazanılmamış pulu xərcləmək, daha dəqiqi, xəzəl kimi havaya sovurmaq texniki işdir, adamın nə əl-qolu ağrıyır, nə də vicdanı.