Millətlərin xarakter özəlliklərinə dair çoxlu lətifələr var. Biri də belədir: “Bir alman bir işçidir, iki alman – zavod, üç alman – qüdrətli dövlət; bir yəhudi bankirdir, iki yəhudi -diaspor təşkilatı, üç yəhudi – Dünya Bankı; bir fransız kefqomdur, iki fransız – yemək-içmək məclisidir, üç fransız – 18+ kütləviliyi”.
Bu, improvizəyə açıq lətifədir, hər millət özünün və qonşusunun adını ona qoşa bilər. Məsələn, biz bu lətifəni qafqazlaşdırsaq, belə alınar: “Bir erməni fağır dülgərdir, iki erməni – inşaat briqadasıdır, üç erməni – separatçı hərəkat; bir gürcü ev oğrusudur, iki gürcü – ziyafət, üç gürcü – ”qanuni oğrular birliyi”; bir azərbaycanlı əhlikef oğlandır, iki azərbaycanlı – iki eloğlu, üç azərbaycanlı… “Stop! Üç azərbaycanlı bir yerdə ola bilməz. O üçüncü azərbaycanlı öz xaloğlusu (dayoğlu, biboğlu, eloğlu) ilə ayrı bir ittifaq qurub artıq.
Qəti zarafat eləmirəm. İllərdir, hətta bir qərinədən çoxdur görə-görə gəlirəm. Bir tərəfi ABŞ, bir tərəfi İsveç, Hollandiya, Almaniya, bu tərəfi Rusiya, Ukrayna, Türkiyə, getdiyim, gördüyüm yerlərdə maraqlanmışam, harada azərbaycanlı yaşayır, orada mütləq qruplar və bitib-tükənməyən intriqalar, söz-söhbətlər var.
İri-iri imperiyalar dağılıb, xırda-xırda dövlətlər əmələ gəlib, özlərini dünyaya tanıdıblar, ABŞ-la düşmən olan ölkələr onun müttəfiqinə, Rusiya ilə qardaş olanlar qatı düşmənə çevriliblər, amma bizim diaspor təşkilatlarındakı intriqa, giley-güzar başa çatmayıb. Dünyada baş verən heç bir hadisənin bu duruma təsiri yoxdur.
Bəzən kənar müdaxilələr olur, ağsaqqallar, qarasaqqallar yığışıb konflikti çözməyə, tərəfdarları barışdırmağa çalışırlar, Allah tərəfi, müəyyən uğurlar da əldə edirlər, küsülü, didişən tərəflər bir araya gəlir, yeddi saat bir-birinə sitəm etdikdən sonra ağsaqqalların sözünü qırmayıb barışırlar. Hətta badə-badəyə vurub tost deyənlər, lap axırda qucaqlaşıb öpüşənlər olur. Kənardan baxan deyər, həə, bu məsələ də belə həll olundu. Amma bu barışığın ömrü ilk qığılcıma qədərdir. Hansısa mənasız bir müsahibədə işlədilmiş mənasız bir kəlmə, yaxud hardasa paylaşılmış bir mənasız fotoşəkil o yüz minnətlə başa gəlmiş dostluq-qardaşlıq büsatının ortasına zibil qoysun, siz də baxın.
Bəs ağsaqqalların, vasitəçilərin sözü necə olsun? Heç nə. Onlar təzədən yığışmalıdırlar ki, iki azərbaycanlını yan-yana gətirə bilsin. Ona da aylar, illər lazımdır.
Bax, elə bu sətirlər yazılanda kompüterimdə iki xəbər görürəm. Biri belədir: “Rusiyada iki məşhur azərbaycanlı arasında gərginlik”. Digəri də bu cürdür: “Rusiyada azərbaycanlı həmyerlisini öldürüb”.
Hər iki olayın detallarına varmaq artıq iş olar. Onsuz da ha araşdırırsan, ixtilafın qaynağını axtarırsan, tapa bilmirsən, heç cür anlamırsan ki, dava nə üstündədir, kim niyə o yerə layiq deyil, özü olsa, nə olacaq və sair və ilaxır.
Göründüyü kimi, hadisənin ikisi də Rusiyada yaşanıb. Nədən? Çünki orada çoxuq. Çox olduğumuz yerlərdə də məcbur bir araya gəlməli oluruq və bu, prinsipcə, düzgün olmadığından dava-dalaş düşür.
O biri çox olduğumuz yerlərdə vəziyyət, oxumuş adamların sözü olmasın, proporsional olaraq belədir: harda çoxuqsa, daha çox münaqişəmiz var, harda azıqsa, daha az. Harada yoxuqsa, təbii ki, orada nifaq yoxdur.
Amma məsələn, ola bilər ki, Seneqalda iki azərbaycanlı var və bir-birini tanıyırlar. Onlar istər-istəməz dost-mehriban olmağa məcburdurlar. Amma çətini hansısa birinin yanına bir həmvətənimiz getsin… Aldı görək, tərəflər illərlə yığılan gileylərdən nə dedi, hansı dastanlar bağladı.
İndi elə çıxmasın ki, müəllif bu xüsusda çox pessimistdir, elə hesab edir ki, xasiyyətimizi tərgidə bilməyəcəyik, düzəlməyəcəyik. Xeyr. Məncə, gələcəkdə, dünya ilə çulğaşdıqca, acı reallıqlarla üzləşdikcə, biz bu şakərimizdən əl götürəcəyik. Konkret rəqəm istəyirsinizsə, deyə bilərəm. 350-400 ilə biz üç azərbaycanlını eyni təşkil atda dost-mehriban görə biləcəyik. 2369-cu ildə… Bir şey qalmayıb.