Uzun illər öncəydi (təxminən 21-22 il əvvəl), bir gün 39 saylı marşrutda işləyən avtobusdan düşüb indiki “İçərişəhər” metrostansiyasına girəndə kassanın qabağında sifəti mənə olduqca tanış gələn yaşlı kişi gördüm. Kişi jeton satan xanıma çox mədəni və ləyaqətli şəkildə kompliment deyəndə mən onun yaşına və başına fikir verdim. Adamın azı 65 yaşı olardı və başında bir dənə də olsun ağ tük yox idi.
Eskalatorla perrona enəndə ağsaqqalı (təbii ki, yaşına görə deyirəm, yoxsa onun üzü tərtəmiz təraş edilmişdi, ağ tükü yox idi) tanıdım. Bu 1960-70-ci illərdə çox məşhur olmuş, eyzən radiolarda konsertləri verilən xanəndələrimizdən biriydi. Adam gümrah və pozitiv idi. Amma saçı nədən bu qədər qaraydı, onu sonra bildim… Sonradan onu da bildim ki, sənət camiəsində bu, qəbul edilmiş normadır. 7-8 il qabaq İbrahim Tatlısəsin başına güllə dəyəndə həkimlər onun qapqara saçlarını qırxdılar, 3-4 həftədən sonra İbo kamera önünə çıxanda məlum oldu ki, ağsaçlı, ağsaqqal kişidir – yeni tüklər ağ çıxmışdı və hələ boya görməmişdi.
Var belə adamlar… Yaşlanmaq istəmirlər. Amma bu, onların əlində olmadığı üçün gücləri ona çatır ki, müəyyən vasitələrdən yararlanaraq, yaşlı görünmələrini pərdələsinlər. 5-6 yaş cavan görünmək üçün nələrə əl atırlar.
İdmanı, pəhrizi hesaba almamaq olar. Bu normaldır. Adam istəyir, gümrah qalsın, yemək-içməyinə fikir verir, müntəzəm idman təmrinləri yerinə yetirir, canı da sağ olur. Bu heç.
Bir də var, keçəl başa tük əkdirmək, ağaran saçları boyamaq, üzün dərisini çəkdirmək, əməliyyatla piy götürtmək və sair və ilaxır.
Əslində bunlar da anormal deyil. İnsan istəyir ki, estetik baxımdan gözəgəlimli olsun, eybəcər olmasın, ətrafdakılarda xoş təəssürat doğursun.
İntəhası, bizim mühafizəkar camaat saçını boyayanlara və başına tük əkdirənlərə pis baxır. Ümumiyyətlə, yaxın coğrafiyamızda tüklə bağlı problem var. Bəzi qonşu ölkələrdə də üzlərini qırxanları “ibnə” deyib qaralayırlar. Hətta 100 ilin dünyəvi dövləti olan Türkiyədə artıq 17-dən 77-yə saqqalsız kişi tapmaq müşkül məsələdir.
Bir dəfə başa tük əkdirmək məsələsindən söz düşmüşdü, əməkdaşlardan biri adını çəkərək dedi ki, filan müğənni (hazırda o, Amerikada yaşadığı üçün adını çəkmirəm, “qrin-kard” udub gedib) başına 1-i 1 dollardan 15 min tük əkdirib. O biri də dünya üzrə tanınan 5-6 milyarderin, bir o qədər prezidentin adını çəkdi, dedi, onlar da keçəldirlər (və ya saçları seyrəkdir), istəsələr, başlarına 150 min tük əkdirərlər, amma eləmirlər. Başqası da dedi ki, onlar elə etsələr, imicləri dəyişər, xarizmaları cızılar, reputasiyaları bərbad olar, ona görə bu işdən vaz keçirlər.
Buradan o nəticə çıxır ki, reputasiya vizual görünüşdən ötədir. Yəni xalqın arasındakı ciddi ad-san daha üstündür, nəinki bir-iki nazlı dilbərin “aaa, siz necə də cavan qalmısız, əla görünürsüz” deyə səmimi və ya qeyri-səmimi olduğu bilinməyən komplimentin yaratdığı şən ovqat.
Bir-iki dost tanış var, güzgü qabağında duranda saçlarına dən düşməsini özlərinə dərd edirlər. (Yeri gəlmişkən, şairlərimiz və aşıqlarımız da vaxtilə öz saçlarına müraciət edərək “ağarmayın” məzmunlu xahişlərdə, sitəmlərdə bulunublar). Onlara deyirəm ki, vecinizə də almayın, saçın rənginin və ya başda hansı sıxlıqda qalmasının əhəmiyyəti yoxdur. Çox dərd edənlərə isə başqa tövsiyələr verirəm. Amma onlar o tövsiyəyə qulaq asmağa risk eləmirlər, elə bilirlər ki, sonra rişxənd edərəm, sataşaram. Əsla. Sadəcə, bir neçə kupletlik həcv yazaram. Təxminən belə bir şey:
Lələyə, bax, lələyə,
Əl atıb bir kələyə.
Saçına boya qoyub,
Yenə dönüb kələyə.
Zarafat edirəm, yazmaram. Yazsam da, ictimailəşdirmərəm, eləcə özünə deyərəm.
Uzun sözün kəsəsi, təbii olmaq daha yaxşıdır, türkün sözü, coluq-cocuğun əlində meymuna dönməkdənsə, qoy sənə ağsaqqal desinlər, nə olacaq ki?
Belə daha yaxşıdır. Şübhələrdən xilas olursan. Yoxsa bir xanım bir dəfə saçını boyayan ərinə deyib ki, xeyirdirmi, sən niyə belə cavan və yaraşıqlı görünmək istəyirsən. O da deyib ki, xalqım üçün, pərəstişkarlarım üçün. Qadın daha da əsəbiləşib: “Sən İbrahim Tatlısəssən, ya kimsən? Stomatoloq adamsan, get dişini düzəlt dəə”.