Fransanın qatı və açıq ermənipərəstliyinin bir qolunun zərbəsi də bizi vurur. Bu dövlətin son on ildə ermənipərəstlik motivi ilə Türkiyəyə qarşı yeritdiyi siyasət artıq dözülməz hala gəlib və Türkiyə dövləti buna dözmək niyyətində olmadığını göstərir.
Dünyada “erməni genosidi” deyilən, I Dünya müharibəsinin yüzlərlə faciəvi epizodundan biri olan 1915-ci il olayını “soyqırım aktı” ilk tanıyan ölkələrdən biri Fransa olmuşdu.
Ancaq bu, bəs olmadı, fransız deputatlar bir neçə ildən sonra mahiyyətcə fikir və mətbuat azadlığı ilə daban-dabana zidd olan bir qanun da qəbul etdilər. Bu, “erməni genosidi”ni inkar etməyə, bu barədə polemika aparmağa cəhd edənlərin hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlıydı. O qanuna görə hansısa tarixçi çıxıb “xeyr, ”erməni genosidi” məsələsi mübahisəlidir” desə, adamı mühakimə edə bilərlər.
Heç bu antidemokratik, insan haqlarına zidd qanunun qəbul edilməsi də ermənilərin cığallığının, fransızların qərəzkarlığının atəşini səngitmədi. Fransa prezidenti artıq 24 aprelin “erməni genosidi günü” kimi qeyd olunmasını nəzərdə tutan fərman verib. Hazırda fransızlar israrla o qərarın vacibliyini müdafiə edir, Türkiyənin verdiyi sərt təpki qarşısında duruş gətirməyə çalışırlar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşğlunun NATO-nun seminarında tutarlı arqumentlərlə etdiyi çıxış zamanı əks-tənqidlərə təhəmmül edə bilməyərək, toplantı salonunu tərk edən fransız siyasilərin hərəkəti göstərir ki, Taleyranın “diplomat xələfləri”nin deyəcək sözü qalmayıb. Bu, Fransa diplomatiyası adına tam bir rəzalət idi.
Çavuşoğlunun dediyi “Türkiyəyə soyqırım mövzusunda dərs verəcək sonuncu ölkə Fransadır” sözləri isə tam həqiqəti əks etdirir.
Fransa dünyada ən çox soyqırım aktları törətmiş ölkədir.
Bu dövlət bu işlərə 17-ci əsrdə başlayıb və 1960-cı illərə qədər davam edib. Fransızlar müstəmləkə imperatorluğu quraraq, zəbt etdikləri ölkələrdə milyonlarla insanı qırıb-çatıblar. Bu sırada Braziliya, Əlcəzair, Tunis, Mərakeş, Rodeziya, Sudan, Madaqaskar, Ruanda, Qabon, Kot d’İvuar kimi ölkələr var.
Fransızların tərifli imperatoru Napoleon Bonopartın vaxtında da fransız hərbçilər İspaniyada, Rusiyada, İtaliyada, Misirdə milyonlarla dinc insanın ölümünə bais olublar.
Əslində ötən əsrin ortalarında Fransa öz müstəmləkələrini könüllü şəkildə tərk etməyib. Afrika dövlətlərinin Fransadan müstəqillik qazanması milyonlarla insanın ayağa qalxması, yüz minlərlə insanın fransız gülləsinə qurban getməsi nəticəsində başa gəlib.
Fransa dövlətinin yeritdiyi müstəmləkə siyasəti, törətdiyi qətliamlar tarixi və mötəbər sənədlərlə sübut olunur.
Cəmi 25 il öncə fransız hərbçilər Ruandada milli çoxluğu (70 faiz) – tutsiləri əsarət altına saxlamaq istəyən azlıqda olan hutu (20 faiz) millətinin silahlılarını dəstəkləyərək, açıq-aşkar genosid siyasəti yeritmişdilər. Hutular fransızların yardımı və iştirakı ilə tutsiləri qırıb-çatmaq, aradakı fərqi qapatmaq istəyirdilər. 6 aprel – 19 iyul (1994-cü il) arasında baş verən qətliamlarda 500 min (qurbanların sayının 1 milyon olmasına dair də rəsmi rəqəmlər, iddialar var) insan qətlə yetirilib. Bütün bunlara görə, hüquq və mənəvi məsuliyyət məhz Fransa dövlətinin üzərindədir.
İndi belə bir haqsız, ədalətsiz, aqressiv, qərəzkar dövlət Türkiyəni 104 il əvvəl baş vermiş hadisələrə görə ittiham edir. Bu, təkcə “öz ayıbına kor olmamaq” hadisəsi deyil, eləcə də Fransanın aqressiv xarici siyasətinin, başqa dövlətləri şantaj və qərəz yoluyla sıxışdırmağa çalışmasının göstəricisidir.
Ən pisi odur ki, daima haqsızın yanında olan, haqq-ədaləti quyuda basdırıb, üstünü betonlamağa çalışan, ayrıca uzun illərdən bəri açıq-aşkar ermənipərəst mövqe tutan bu dövlət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir, guya ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vasitəçilik edir.
Biz bu cür, öz məkrli və yaramaz siyasətini heç cür dəyişmək istəməyən dövlətdən hansısa münaqişənin ədalətli şəkildə tənzimlənməsinə dair obyektiv mövqe gözləyə bilərikmi? Əsla mümkün deyil.
Ona görə də əslində Azərbaycan diplomatiyası həmlə edərək Fransanın ATƏT-in Minsk Qrupundan uzaqlaşdırılması təşəbbüsü ilə çıxış etməlidir.