Təxminən 10 il öncə həmkarlarımızdan biri ABŞ-a səfər etmişdi, qayıdıb gələndə ailə üzvlərinə müxtəlif hədiyyələr alıb gətirmişdi. O hədiyyələrin içində bir əla görünüşlü və bahalı idman ayaqqabısı da olub.
Həmkarımız danışırdı ki, 50 dollar verib aldığı idman ayaqqabısını 10 yaşlı oğluna verib və iki dəqiqədən sonra belə bir replika eşidib: “Ata, bu ”kitayski”dir, bax, altında yazılıb ki, Meyd in Çayna”.
Həmkarımız bir qədər pərt halda ayaqqabını alıb, baxıb ki, uşaq düz deyir, amma başqa bir qeyd də var: “Only for U.S.A.” (Yəni “Yalnız ABŞ üçün”).
Sonradan o, məsələnin mahiyyətini anlayıb. Heç demə, ABŞ-ın, eləcə də digər qüdrətli dövlətlərin aparıcı şirkətləri, məşhur brendləri öz zavod və fabriklərinin mühüm bir hissəsini aparıb Çində quraşdırıblar və özlərinin yüksək texnologiyası, çinlillərin ucuz işçi qüvvəsi hesabına keyfiyyətli və ucuz məmulatlar istehsal edərək, dünya bazarına çıxarır, milyardlar qazanırlar.
Bu, əlbəttə ki, milyard yarımlıq əhalisini yedirmək, geydirmək istəyən Çin dövlətinə də sərfəliydi. Dünyanın bir nömrəli kopyalama, yamsılama, təqlid etmə ustaları olan çinlilər bu minvalla artıq dünyanın ən güclü iqtisadiyyatına çevriliblər. Bütün dünya Çin malı geyir, Çin avadanlıqları işlədir. ABŞ-ın məşhur avtomobil markası “Hammer”, Rusiyanın modern reaktiv təyyarə markaları Çində yığılır. Bir sözlə, çinlilər dərzi iynəsindən tutmuş ta sualtı qayığa qədər hər şey istehsal edirlər.
Dünyanın hesablaşmalı olduğu gerçəklik budur: Çin iqtisadiyyatının son tərəqqisi 100-dən artıq ölkənin, xüsusilə də yoxsul ölkələrin xilas kəməridir. Onlar məhz Çinin ucuz paltar-palazı, məişət avadanlığı hesabına vəziyyətdən çıxa bilirlər, yoxsa əyinləri yalın, əlləri boş qalar, hər işlərini kustar üsulla görməyə məcbur olarlar.
ABŞ-ın gözü, qursağı Çinin bütün sferalaradakı yüksəlişini, nailiyyətlərini götürmür. Bu intriqa bir neçə il idi ki, gizli-gizli gedirdi. Dünyanın ən qüdrətli ölkəsinin xüsusi institutlarI müxtəlif hesabatlar hazırlayır, bu gedişlə Çinin haralara gəlib çıxacağını birəbir dəqiqliklə proqnozlaşdırırdılar.
Budur, Donald Trampın hakimiyyətə gəlişindən sonra artıq ABŞ Çinə qarşı açıq kartlarla oynayır. ABŞ Rusiya ilə, İranla, ərəb ekstremizmi ilə mübarizəni, Avropa ilə çəkişməni bir kənara qoyaraq, artıq özü üçün bir nömrəli təhlükə olaraq Çini görür.
İstər Tramp, istərsə də dövlət katibi Maykl Pompeo Çinə düşmənçilik münasibətində olduqlarını gizlətmirlər. Son olaraq Pompeo müttəfiqlərini Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlıqlarından istifadə etməməyə çağırıb.
Tək “Huawei”ə qarşı deyil, ümumiyyətlə, Çinə qarşı iqtisadi sanksiyaların tətbiqi şiddətlənməkdədir.
Əlbəttə, Çin farağat ölkə deyil, ekspansiv siyasət yeridən, totalitar dövlətdir. Bu dövlət dünyanın, demək olar ki, bütün mühüm ölkələrində geniş casuslar şəbəkəsinə malikdir və bu casuslar əsasən iqtisadi sferada fəaliyyət göstərirlər.
Çində birpartiyalı siyasi sistem mövcuddur, Kommunist Partiyası hökmrandır. Partiyanın daxilində sərt iyerarxiya sistemi var, fraksiyaçılıq qadağandır. Bununla belə, Çin zamanında özəl sektorun inkişafına yaşıl işıq yandırdığı üçün bu günkü tərəqqisini ona borcludur.
Çində həm azsaylı xalqların hüquqları, həm də insan haqları sahəsində ciddi problemlər var. Ancaq ABŞ indiyədək nə məxməri genosid siyasətinə məruz qalan uyğurların (eləcə də Daxili Monqolustanda yaşayan hüquqsuz monqolların), nə də məhbəslərdə çürüdülən dissidentlərin davasını aparmır, onlara göz yumurdu.
İndi uyğurlar da yada düşüb, Çində demokratiyanın, insan azadlıqlarının olmaması da diqqət cəlb edib. Əsas hədəfin isə Çinin iqtisadi yüksəlişini durdurmaq, onun rişələnərək dünyada, xüsusilə də Avropada iqtisadi şəbəkələr yaratmaq niyyətinin qarşısını almaq olduğu heç kəsdə şübhə doğurmur və heç ABŞ tərəfi də bunu danmır.
ABŞ rəsmiləri açıq-aşkar şəkildə rəsmi Pekinin Polşa və Macarıstan kimi strateji bölgələrdəki varlığından narazı olduqlarını ifadə edirlər. Çin öz yüksələn hərbi qüdrəti ilə də həm qonşularını, həm də okeanların o tayındakı ABŞ-ı ürküdür.
Çinin isə başqa yolu yoxdur. O, milyard yarımlıq əhalisinin yaşayışını təmin etmək üçün insan zəkasına gələ biləcək hər yola əl atmağa məhkumdur. Çinin öz hərbi sənayesini inkişaf etdirməsi isə göstərir ki, həmin yollardan biri də qaçılmaz müharibədir və Çinin niyyəti müharibədən qalib çıxmaqdır.