“İnsan olan vatanını satar mı?
Suyun içip ekmeğini yediniz.
Dünyada vatandan aziz şey var mı?
Beyler bu vatana nasıl kıydınız?”
(Nazim Hikmət)
****
Bir nəfər vətənə xəyanət edən yoldaş yaxalanmışdır. Hansısa xarici ölkəyə işləyirmiş, bizim məlumatları satırmış. İşlədiyi ölkənin adı açıqlanmadığı üçün biz ancaq fərziyyələr qura bilərik. Yəqin Burundi Cümhuriyyəti xeyrinə casusluq edirmiş. Ya da Sakit okeandakı Kiribati üçün. İran, Rusiya, Amerika, Fransa-filan olmaz ki. Bunlar hamısı dostlarımızdır, xarici siyasətimiz sayəsində qardaşımızdır. Ermənistan isə boşalıb, boş yerə casusluq edənin ağlı yoxdur. Qalır Burundi. Onun bizdə maraqları şübhəsiz vardır. Misal üçün, Kürdəmirdə tikilən kosmodromumuzu partlatmaq istəyirlər.
Ancaq məni düşündürən, mənim yazım sayəsində sizi də işə salan bu deyil. Söhbət ondadır ki, DTX-nın açıqlamasında həmin casus zəhmətkeşimizin maddi maraq naminə şpiyonluq, xainlik elədiyi yazılmışdı.
Minimum əmək haqqı təzə qalxıb 180 manat olub. Elman müəllim deyir manat daim yaşayacaqdır. 1 milyon iş yeri açılıb. Qeyri-nöyüt sektoru fontan vurur. Bəs bu adam niyə belə vətənə xəyanət edir? Ya da niyə vətənə belə xəyanət edir? Niyə biz bunu vaxtında aşkar edib pulla təmin etməmişik? Hesab edirəm, yaxud, Rəsul müəllim demiş, “sayıram” biz bu cür yoldaşların profilaktikasına gərək diqqətlə yanaşaq. Ola bilsin dövlət büdcəsindən bu yoldaşa çatası pulu da Cahangir Hacıyev yeyibdir, nəticədə zəhmətkeş casusluğa qurşanıbdır. Məhkəmə araşdırmalıdır.
Tək o deyil, kriminal hesabatlarda əcaib cinayətlərə rast gəlirik. Görürsən biri xəstə adıyla klinikalara girib həkimləri soyurmuş. Əlin qurusun, adam da həkimi soyar? Həkim adamı soysa, bunu başa düşərsən. Başqası su motorlarını çırpışdırırmış. Dəhşətdir. Elə bil bizdə hər ev daimi su ilə təchiz edilməyibdir. Üçüncüsü büdcə vəsaitlərini (!!!) oğurlayıbdır. Dördüncüsü Volodarskinin paltarlarına “Quççi” emblemi yamayırmış. Beşinçi, altıncı… Hansını yazasan bilmirsən.
Halbuki, yenə yazıram, dünyanın başqa yerlərinə baxanda bizdə sabitlik vardır. Başqa planetlərdə yaşayanlar bizim sabitliyin sorağıyla uçub gəlirlər, sən isə hansısa qor-qoduq dövlətcik üçün casusluq edirsən, ayıb deyilmi? Axırıncı kərə (kərə yağı bahalaşandan kərə sözünü az işlədirəm) uçan boşqabları Xızıda, Beşbarmaq dağı tərəfdə görüblər. Ziyarətə gəlibmişlər. Şeyximizin ordakı nəzir qutularına planetlərarası valyuta salırlar. Görkəmli astroloq alim Firudin müəllim həmçinin bunu ərazinin planetar enerji mənbəyi olmasına bağlayır. Yəni, biz təkcə neft-qaz satmırıq, başqa planetlərə Xızıdan enerji kəməri də çəkmişik. Firudin müəllim deyir özü şəxsən oralarda neçə dəfə uçan boşqab görübdür. Açığı, mən Beşbarmağın yanından keçəndə tozun içində qarğıdalı satanlardan başqa varlıq görməmişəm. Üçüncü göz məsələsidir, inkar etmirəm. Elə şeylər var hamıya əyan olmur. Ancaq DTX hamısını görür, biz buna şübhə etmirik. Özünüzü yığışdırın, bu, başqa planetdən gələn yoldaşlara da aiddir.
Ümumiyyətlə, Azərbaycanın planetar önəmini çoxları qeyd edibdir, bunlardan Salvador Dalini göstərə bilərik. Dahi rəssamın 1943-cü ildə çəkdiyi “Geopolitik uşaq Yeni insanın doğuluşunu müşahidə edir” adlı tablosunda Yer kürəsi yumurta şəklində çəkilib. Bu yumurtanın ABŞ hissəsində bir nəfər planeti cırıb çıxmaq istəyir. Bir növ doğulur. Trampın geopolitikanı cırmasının simvoludur. Tablonun sağında, isə iki lüt adam durub, bunlardan biri uşaqdır. Böyük adam uşağa qlobusun… Abşeron yarımadası olan hissəsini göstərir. Barmağını tam Bakımıza tuşlayıbdır! Dali bununla demək istəyir ki, biz lütük, ancaq Bakıda camaat gül kimi yaşayır. Həmçinin, bakılılar ABŞ-ın yeni prezidentinin seçilməsində böyük rol oynayacaqdır (trol fabrikinin azərbaycanlı müdiri, klipində Trampı çəkən bakılı balası – hansını yazasan?).
Hələlik bu qədər. Beşbarmağa ziyarətə gedən varsa Allah nəzirlərini qəbul eləsin.