Qıllı-qılaflı, dolaqlı-patavalı şəkildə həyatımıza soxulmuş facebookun çox bəyəndiyimiz bir funksiyası var – bloklama.
Bu funksiya vasitəsilə eyzən nifrət qusan pərto ağızları qapatmaq, latayır danışan dilləri “kəsmək”, klaviaturada palaz səviyyəsində düşük-düşük cümlələlər yığan barmaqları qurutmaq, hökumət adamlarının sözü olmasın, hər şeyi qara görənlərin gözlərini örtmək olur.
Onları seçib atırsan bloka, nə sənin yazdıqlarını görür, mənasız mübahisələrə girişirlər, nə də sən onların yazdıqlarını görmürsən, qanın da qaralmır. Nəticədə xeyli boş vaxt və qulaq dincliyi qazanmış olursan.
Bir ara dəb idi, müxtəlif siyasi, dini baxışlara, fərqli mədəni səviyyələrə malik olan insanlar bu platformada saatlarla, bəzən günlərlə, hətta aylarla davam edən mübahisələr aparırdılar: “Bizi qoyub gedib BMP ilə saziş bağladınız”; “Bizim partiyadan qopmalar olanda siz onu parçalanma kimi qələmə verdiniz”; “1992-ci ilin dekabrında siz….”; “1993-cü ilin iyununda biz…”; “1998-ci ilin oktyabrında onlar…”; “O vaxt sizin lider meydana niyə gəlmədi?”; “26 noyabrda xalqı meydanda oturmağa çağıran, iki dəqiqədən sonra meydandan qaçan siz olmadınızmı?”; “2000-ci ildə sizə saxta mandat verdilər, gedib parlamentdə oturdunuz”; “2005-ci ildə də sizə mandat verdilər, imtina etmədiniz” və sair və ilaxır.
Bütün bu mənasız, sonu görünməyən, min il ərzində davam edə biləcək mübahisələrin həllinin bircə yolu var: eyzən cığallıq edən, heç cür adam balası kimi polemika apara bilməyən və buna çalışmayan adamlarla söhbəti, ünsiyyəti birdəfəlik kəsmək. Onun adı blokdur. Qoy hər kəs öz dostlar dairəsində olsun, elə hey özləri deyib, özləri eşitsinlər. İki qapıya futbol oynamaq alınmırsa, təkqapıya oynamaq da bir şeydir, heç olmasa adam formada qalır.
İndi baxıram, Xarici İşlər Nazirliyimiz də arzuolunmaz və xoşagəlməz adamlara qarşı bloklama siyasəti yeridir. Hər birimiz kimi XİN-imizin də “qara siyahı”sı var. Bizim kimi, xarici siyasət idarəmizin də “qara siyahı”sı ad-soyadlarla ləbələb doludur.
İntəhası, bizdən fərqli olaraq XİN tez-tez öz blok siyahısından kimlərinsə adını çıxarır və bunu təntənə ilə bəyan edir, informasiya yayır.
Düzdür, bəzən facebook istifadəçiləri də “amnistiya” elan edir, vaxtilə söyüşüb-dalaşdığı, əsəbi şəkildə blokladığı adamı bağışlayır, blokdan çıxarır, amma təcrübə göstərir ki, “humanizm prinsiplərini əldə rəhbər tutan” şəxs sonradan peşman olur. Çünki “bağışlanan” adam ilk fürsətdə yenə onun liderinə, çox qanacaqsızdırsa, anasına söyür. Demək, belə məsələlərdə çox da ürəyiyumşaq olmaq olmaz, adamla münasibəti birdəfəlik ayırd etmisənsə, qoy getsin işinin ardınca.
Amma XİN-imiz fərqli düşünür, düşmənimizin əlinə oynamış, onu təbliğ etmiş və haqlı olaraq “arzuolunmaz şəxslər” siyahısına salınmış adamları o siyahıdan çıxarır.
Məsələn, axırıncı dəfə belə bir mərhəmətli addım Ukrayna vətəndaşı teleaparıcı Nadia Bazivə qarşı atılıb. Nadia Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib və XİN bu arzunu gerçəkləşdirib.
Düzdür, teleaparıcı öz məktubunda “tort yemişəm, çox yemişəm” mənası verən ifadələr də işlədib, bundan sonra Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini qeyd edib, amma yenə də onu asanca bağışlamaq olmazdı. Çünki onun bizə işi düşüb, ölkəmizə səfər etmək niyyətindədir, o, gəlib-gedəndən sonra yenə də Vəngə səfər edib, ənənəvi qoduqötüşdürmə yarışlarına tamaşa edəcək.
Məndən olsa, Nadia Bazivin adı arzuolunmaz şəxslər siyahısından çıxarılmazdı. Qoy qalsın orada. Yox, gedib Xankəndində, Şuşada yeyib-içib gəzəcəklər, sonra “bağışlayın, bir də eləmərik” deyəcəklər, biz də dərhal bağışlayacağıq. Düzgün deyil.
Belə edəcəkdiksə, onda “DQR”ə səfər etdiyinə görə həbs etdiyimiz Lapşinin anasını Bakıda, sözün əsl mənasında, niyə ağladırdıq?