Ruslar ov itinə “qonçiy” deyirlər. Bizim dilə tərcüməsi “tazı”dır.
İndi təsəvvür edək ki, biz həbsxanadan qaçmış dustaqları axtarıb tapan, yaxalayan kimlərisə tərifləmək, öymək üçün onlara “tazılar” deyək. Nə olar? Adamı tutub ən azı döyərlər, söyərlər, məhkəməyə verərlər, başına it oyunu açarlar.
Amma ruslar özlərində bu işi görən, yəni həbsxanadan, düşərgədən qaçan adamları təqib edən, axtarıb tapan, ələ keçirən şəxslərə fəxrlə “qonçie” deyirlər. Ən əsası, bu peşənin adamları da özlərini qürur duya-duya belə adlandırırlar. Bu xüsusda rusların məşhur, eyni adlı kriminal serialları da var.
Bu, ondan irəli gəlir ki, onlar bu sözü təhqir hesab eləmirlər. Ona qalsa, Avropa ölkələrində də bir çox jurnalistlər özlərini sevə-sevə “cəmiyyətin keşikçi köpəyi” adlandırırlar. Onlar da burada təhqiramiz bir şey görmürlər.
Bu məsələ bizdə fərqlidir. Biz aşağı rütbəli (canavardan aşağı) heyvanların adıyla adlanmağı qəbul etmirik. Məsələn, kiməsə aslan desən xətrinə dəyməz. Heç şir, pələng, leopard, yaquar, bəbir adlandırılan adamlar da buna etiraz etmirlər. Hətta Şirxan, Aslan, Bəbir adlı adamlar da var və adları ilə qürur duyurlar. Eyni zamanda adı Ceyran, Maral olan və kompliment olaraq bu isimlərlə təriflənən xanımlar var və bu halda xoşhal olurlar.
Amma bizdə kiməsə çaqqal, tülkü, goreşən desən, xətrinə dəyər. Çünki o heyvanların reputasiyası bərbaddır. Məsələ də bundadır. Heyvanlar aləmində aşağı iyerarxiyada olanlar yaxşı qəbul olunmur. Hamı istər ki, ona şahin, qartal, tərlan desinlər, amma qarğa, bayquş, quzğun deməsinlər. Baxırsan, ikisi də quşdur, ha şahin, ha bayquş. İkisi də yırtıcıdır, ikisi də ət yeyir. Amma fərqləri də var. Bayquş və ya quzğun ətə cumarkən şərəf və layaqətini gözləmir, özlərini axırıncı yola qoyurlar. Ona görə də sevilmirlər və xalq onların adıyla adlandırılmağı təhqir hesab edir.
Hazırda məşhur telejurnalistimiz deyir ki, yox, bir çox sözlər var ki, təhqir deyil. Əlbəttə, ayrı-ayrılıqda “qəhvə” və “oğlu” sözü təhqir deyil. Amma sən birinə “qəhvə oğlu” deyəndə, hamı bilir ki, hansı hərfi necə dəyişmisən və nə demək istəyirsən. Üstəlik, bildiyimiz qəhvənin oğlu-qızı olmur, tozu, dənəsi, ağacı olur.
Söz oynatmağa qalsa, vallahi, papaq altında elə oğullar var, sözləri elə oynadarlar, sirkdə bir əlində altı şar oynadan artistlər belə mat qalar. Bir ara dəb düşmüşdü, gənc jurnalistlər sosial şəbəkədə hansısa mövzuda məşhur sözoynadanı təqlid edə-edə status yazır, söz oynadırdılar. Həm gülməli, həm də ibrətamiz alınırdı, amma sonra onlar bu vərdişlərini tərgitdilər, gördülər ki, camaatı sözdən iyrəndirirlər.
Sözləri hərləyib-fırlayıb kimisə təhqir etməyə nə var ki. Məsələn, birinə “oğraş” deməzsən, amma belə deyərsən: “O, dövlətçilik maraqlarına görə öz ömür-gün yoldaşının vəzifəli şəxslə görüşünü təşkil edən və bu zaman heç bir qısqanclıq hiss keçirməyən kübar bir şəxsdir”. Amma hamı da o “kübar şəxs”in mahiyyətinin nə olduğunu biləcək, qah-qah güləcək. Bəs cümlədə təhqir varmı? Yoxdur. Sözlərin heç biri özündə təhqir daşımır. Cümlənin məğzinə gəlincə, özündə bir barrel qan daşıyır. Əgər adam gerçəkdən də “kübar şəxs” deyilsə, gəlib o sözü deyəni vurmalıdır – nəylə vurar, özü bilər.
Bu, qaydaya çevrilsə, onda bu cür ibarəpərdazlıqla yazmağı bacaran adamlar qəzetdə-saytda, ekranda-efirdə xoşlarına gəlməyən şəxsləri təhqir edə-edə gedəcəklər və bir gün zibili çıxacaq.
Ona görə də Bəxtiyar Hacıyev deyir ki, yuxarılar bu cür danışanların ağzına bir azca senzura qoysunlar ki, onlar da hər verilişdə mütləq kimisə təhqir etməsinlər, kiməsə rəhmət oxutmasınlar.
Rəhmət məsələsinə gəlincə, bu, adətən həftənin birinci günləri olur. Çünki tamaşaçılar bazar günü efirə verilən verilişə baxır, öz emosiyalarını birinci gün izhar etməyi üstün tuturlar.