Yazıya böyük Çin mütəfəkkiri Konfutsinin sosial şəbəkələrdə dolaşan bir kəlamı ilə giriş etmək daha doğru olar. Kəlam belədir: “Planlarınız bir illikdirsə, düyü əkin. On illikdirsə, ağac əkin. Min illikdirsə, uşaqlara təhsil verin”.
Əslində Milli Məclis sədrinin müavini Bahar Muradovanın dünən müəllimlərin qurultayında dilə gətirdiyi fikirlər Çin filosofunun bu kəlamına qarşı deyil, hətta onun sözünə qüvvətdir.
Bahar Muradovanın fikri də belədir: “Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur və bunun qanunverici əsasını yaratmaq olar”.
Bəli, elədir. Övladının təhsil xərclərinə maliyyə vəsaiti ayıranlar məhz Konfutsinin məşhur nəsihətinə riayət edənlərdir. Bəlkə də onların bir çoxunun heç Konfutsidən xəbərləri yoxdur, sadəcə, sövq-təbii hiss edirlər ki, övladına yaxşı təhsil vermək vacibdir.
Biz, əlbəttə, övladlarımıza təhsil verərkən heç də “min illik plan”a malik deyilik, uzağı, 15-20, lap çoxu, 30-40 il sonranı düşünürük.
“Min illik plan”dan danışan Konfutsi isə heç də haqsız deyil. Sadəcə, “min illik plan” millətə, onun gələcəyinə aiddir.
Bu gün dünyanın ən inkişaf etmiş dövlətlərinin tarixinə baxanda görürük ki, onlar ilk universitetlərini, yüksək təhsil verən məktəblərini min il olmasa da, 500-600 il öncə yaradıblar.
Biz isə ən böyük və ən qədim universitetimizin 100 illiyini hələ gələn il qeyd edəcəyik.
Yeri gəlmişkən, bu 99 illik universitetimizin fəaliyyət dövrü 95 ildir. Aradakı 4 illik fasilə o səbəbdəndir ki, bir erməni bolşevik (Levon Mirzoyan) Azərbaycanın başına keçir və 1930-cu ildə BDU-nun fəaliyyətini dayandırır. BDU “Müsavatın qalığı” elan edilir. Universitetin fəaliyyəti bir də 4 ildən sonra bərpa olunur.
Şübhəsiz ki, bu, Mirzoyanın bu millətə düşmənçiliyindən irəli gələn akt olub. Bir xalqa zərbə vurmaq üçün ən yaxşı üsul onu təhsildən uzaq tutmaq ola bilərdi.
İndi problem yoxdur, orta məktəblər, kolleclər, liseylər, universitetlər çoxdur. İndinin problemi başqadır – tədrisin keyfiyyəti.
Təhsildəki uğurlardan danışarkən heç də döşümüzə döyüb öyünməyək. Xeyli geridəyik.
Düzdür, ölkəmizdə övladının təhsilinə maliyyə vəsaiti ayıran, hətta bu xüsusda ifrata varan, övladlarını dünyanın ən prestijli universitetlərində oxutduran minlərlə valideyn var, amma biz standart olaraq Cənubi Koreyanın, Yaponiyanın, İsrailin, Kanadanın təhsilini götürəsi olsaq, danışmağa söz yoxdur.
Problem ondadır ki, övladın təhsilinə böyük məbləğdə yatırım qoymaq məsələsində hədəf heç də elmin zirvəsini fəth etmək, elmi nailiyyətlərlə dövlətə, millətə faydalı olmaq deyil.
Bu, birincisi, bəhsləşmək və prestij məsələsidir. “Filankəsin övladı xaricdə ali təhsil alıb, mənim övladım ondan əskik deyil” düşüncəsinin məhsuludur.
İkincisi, xaricdə yaxşı ali təhsil almış gənclərin çoxu sonradan ölkəyə qayıtmaq istəmir, birtəhər oxuduğu ölkədə və ya bir başqasında “ilişib qalmaq”, “iş qurmaq” haqqında düşünür.
Üçüncüsü, xaricdə pis-yaxşı təhsil və diplom alıb qayıtmış məzunların bir xeylisi mühüm dövlət strukturlarında yaxşı vəzifələrə düzəlir, ölkəni banına alıb daşıyan nəhəng korrupsiya maşınının vintinə çevrilirlər.
Belə baxanda gerçəkdən də “hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur”, ancaq hər ailənin də öz övladının təhsilinə vəsait tapa bilməməsi qəbahətdir.
Bu halda hər il minlərlə gənc abituriyent ya yaxşı təhsil almaq imkanından məhrum olur, ya da təhsilini davam etdirə bilmir, bakalavr pilləsində qalır. Halbuki o, universitetə 700 balla qəbul olunmuşdu, dövlətdən dəstək görsə, magistr pilləsini də dəf edər, gələcəkdə elm xadimi, icad-ixtira müəllifi ola bilərdi.
Hazırkı təhsil sistemimizdə sinfi bərabərliyin pozulması təmayülü var. İmkanlı şəxslər öz övladlarını ən prestijli universitetlərdə oxuda bildikləri halda, imkansız adamlar ölkə daxilindəki ortabab universitetlərdə belə öz övladlarına təhsil verə bilmirlər.
Həm ödənişli təhsilin xüsusi çəkisi ildən-ilə artır, həm də təhsil haqqı. Belə getsə təhsil sahəsinin biznes strukturuna çevrilməsi sovet dövründəkindən də betər olacaq. Açıq şəkildə “pulunu ver, diplomunu al” epoxası başlayacaq.
Konfutsi belə deməyib, o diplom almağı yox, savad almağı nəzərdə tutub.