Biz heç olmasa bu məsələni həll etməliyik – yollarda qəzaların kütləviliyi məsələsini.
Bu da Qarabağ münaqişəsi deyil ki, açarı əlimizdə olmaya, ya da gücümüz yetməyə.
Bu, heç ölkənin həlli çətin olan digər böyük problemlərindən biri də deyil ki, da onu həll etməyə iradəmiz, səriştəmiz çatmasın, müvafiq arzumuz olmasın.
Yollarda kütləvi qəzalar problemini həll etmək olar. Mümkündür. Həm də çox aktualdır. Hər gün qəzalarda ortalama dörd adamın öldüyü barədə xəbərlər gəlir. Dörd o qədər də yaralanan olur.
Hər qəzaya görə həbsə düşənləri də nəzərə alsaq, bu, böyük insan itkisi deməkdir. Demək, qəzalar gerçəkdən ölüm-qalım məsələsidir.
Son on il ərzində ölkəmizin yollarında baş verən qəzalarda ildə orta hesabla 1000 (min) adam ölüb. Elə il olub ki, ölənlərin sayı 1160-a çatıb, elə il də olub, 980 adam qəza qurbanı olub.
Bu, son 10 ildə 10 mindən çox vətəndaşımızın təsadüfi yol qəzalarına qurban getməsi deməkdir. 10 min insan (əksəriyyəti cavan və ortayaşlı kişi) az deyil.
Müqayisə üçün deyək ki, əhalisi Azərbaycanın əhalisi qədər olan Avropa ölkələrində 10 ildə yol qəzalarında heç 500 adam da ölməyib. O ölkələrdə ildə ortalama 40-50 civarında yol qəzası qurbanı olur.
Bu da o deməkdir ki, bizdə yollar düşmənlə təmas xətti kimi bir şeydir. Necə ki, təmas xəttindəki səngərdə ani səhv buraxan adam düşmən snayperi tərəfindən vurula bilər, eləcə də bizdə yollarda ani bir səhv çoxölümlü qəzalara səbəb olur.
Çünki biz sürücü olaraq çox məsuliyyətsiz, intizamsız, səriştəsizik. Üstəlik, hövsələsizik. Bir saniyə səbr etməkdənsə təhlükəyə atılmağı gözə alırıq.
160 saylı marşrutda işləyən avtobusun qatara çırpılması hadisəsi məhz o məsuliyyətsizliyin, səriştəsizliyin, intizamsızlığın, ən başlıcası hövsələsizliyin nəticəsində baş verib.
Bu, nə ilk hadisədir, nə də bu gedişlə sonuncu olacaq.
Bizim ölkədə müvafiq sektordakı vəziyyətə baxanlar mövcud problemi həll etmək üçün ciddi tədbirlər görməlidirlər.
Avropa ölkələrində bu kələfi çözməyin yolunu çoxdan tapıblar. Orada 9-cu sinifi 3-lə bitirən hər kəsə asanlıqla sürücülük vəsiqəsi verilmir. Bunu almaqdan ötrü onlar az qala universitet bitirməyə bərabər əziyyət çəkməli, imtahan verməli, avtomobil idarə edilməsi xüsusunda öz bilik və bacarıqlarını sübut etməlidirlər. Asan deyil. Hər adam vəsiqə ala bilmir və imtahanda ələnirlər. Belələri maşına minib yola çıxa bilmir.
Eləcə də nəqliyyat şirkətləri sürücü vəzifəsinə adam qəbul edərkən onu hərtərəfli araşdırır, psixi sağlamlığından zərərli vərdişlərə aludəçiliyinə qədər hər cəhətinə bələd olur, sonra işə götürürlər.
Bir narkomanın hansısa nəqliyyat şirkətində işə düzəlməsi müşkül məsələdir.
Ancaq bizdə necədir? İki-üç ay öncə avtobus sürücüsü sərnişin dolu avtobusu idarə edə-edə siqaretə anaşa doldurarkən görüntülənmişdi. Bu, ona baha başa gəldi, söz yox, amma başqa bu sayaq vərdişləri olan sürücülərə, eləcə də onları işə götürən sahibkarlara dərs olmadı.
160 saylı avtobusun sürücüsünün də narkoman çıxması həmin məsuliyyətsizliyin göstəricisidir.
Belələri taksi sürücüləri arasında da kifayət qədərdir. Hamı bilir ki, içkili maşın sürmək olmaz, amma belə çıxır ki, avtobusu və ya taksini nəşəli sürmək olar. Spirt iyi gəlmir, vəssalam. Anaşanın iyi isə siqaret tüstüsünə qarışır, gedir. Heç yol polisinin də ağlına gəlməz ki, budur, siqraet çəkə-çəkə gələn, bərk sürən sürücü əslində marixuana çəkir və belə məsuliyyətsizlik edir.
Hər kəs bu faktla barışıb ki, avtobus sürücülərinin sürüşü budur: yolun yarısını olduqca yavaş, o biri yarısını olduqca bərk sürürlər (guya ki, interval tənzim edirlər), işıqforun qırmızı işığından keçirlər, şlaqbaumlara, qoşa xəttin tələbinə, digər yol nişanlarına məhəl qoymurlar.
Bu isə heç də həmişə yaxşı sonluqla nəticələnmir. Bir gün narkoman sürücü camaatı kütləvi şəkildə qəzaya uğradır, bir neçə nəfərin ölümünə, 20-30 nəfərin yaralanmasına səbəb olur.
Bəs çıxış yolu nədir? Çıxış yolu belə adamların sürücülük vəsiqəsi əldə edə bilmələrini bloklamaqdır, bu cür ölüm-qalım məsələsi olan işlərə qəbul etməməkdir. Hər adam pilot olmadığı kimi, hər adam da 60-80 nəfəri mənzil başına aparan avtobusun sükanı arxasına oturmamalıdır.
Bu problemi həll etmək çətin deyil, iradə, qətiyyət, prinsipiallıq lazımdır. Heç olmasa bu problemi həll edək.