Bu ölkədə kimsə varmı ki, onun yaxın adamı – dostu, qohumu, məktəb yoldaşı, qonşusu xərçəng xəstəliyindən əziyyət çəkməsin?
Müşahidələr göstərir ki, elə bir adam yoxdur. Hər kəsin mütləq bir “xərçəng hekayəsi” var və bu hekayə dramatizminə görə heç də Soljenitsının “Xərçəng korpusu” povestindən geri qalmaz.
Bu mərəz son illər öz kütləviliyi ilə ürküdücü xarakter alıb. Sanki ölkədə (eləcə də dünyada) onkoloji epidemiya var.
Oxumuş-gəzmiş adamlar hələ 25 il öncədən deyir, xəbərdarlıq edirdilər.
Onların əsas arqumenti bu idi ki, yediyimiz, içdiyimiz qidaların kanserogen tərkibi güclüdür, udduğumuz hava çox çirklidir və bunların bir fəsadı olacaq.
Budur, həmin fəsad özünü göstərir. Ən yaxın dostlarımız, qohumlarımız onkoloji problemlərlə üzləşiblər.
“Filankəsin səhhətində problem var” deyəndə ilk ağlımıza gələn onkoloji problem olur. Hamı ilk ondan şübhələnir, ondan qorxur.
Az qala hər kəs də problemin nədən qaynaqlandığını bilir. Nədən olacaq? Bu, müasir həyatın, elmi-texniki tərəqqinin zirvəsinə çıxmış dünyanın, atom əsrinin problemidir.
Dünya dövlətləri sayı 7 milyarda çatmış əhalini kimya sənayesinin gücü ilə yedirib-içirməyə, geydirməyə məhkumdur. Kimya sənayesi isə, bildiyimiz kimi, insanlarda blastomogenlik yaradan preparatlar və məhsullar istehsal edir.
Hələ bunun radioaktiv şüalanmaları, geni dəyişdirilmiş məhsullar istehsal etməyi var.
Bəşəriyyəti aclıqdan xilas edən kimya o tərəfdən də insan oğluna öldürücü zərərlər yetirir.
Hələ sovet dönəmində imtiyazlı insanlar kateqoriyası vardı ki, adi insanların yediyindən yemir, içdiyindən içmirdilər. Onlar üçün ərzaq məhsulları xüsusi təsərrüfatlarda, dərman preparatlarının, kimyəvi gübrələrin qatqısı olmadan yetişdirilirdi.
O cür adamlar indi də var. Bu sıraya o qədər də var-dövlətli olmayan, kənd yerində yaşayan və orqanik qidalarla bəslənməyi üstün tutan şəxslər də aiddir. Onlar da az deyil, amma əksəriyyət kimya sənayesinə möhtacdır.
Bu, acı bir gerçəklik olaraq ortadadır ki, yüksək məhsuldarlığı təmin etmək üçün gübrələrdən istifadə etmək qaçılmazdır. Eləcə də məhsulu fitopatoloji xəstəliklərdən, zərərvericilərdən qorumaq üçün də kimyəvi preparatlardan faydalanmaq labüddür.
Daha sonra qida sənayesi üzrə ixtisaslaşan və çox pul qazanmaq istəyən konsern və şirkətlərin baş vurduğu bicliklər var. Onlar üçün əsas məsələ əhalinin sağlamlığı deyil, daha çox pul qazanmaq, biznes şəbəkələrini daha da genişləndirməkdir.
Dövlətin borcu qida sənayesinə, istehlak bazarına total şəkildə nəzarət etməkdir. Hər hazır məhsulda kimyəvi preparatların qalığının normativə uyğun göstəricisi var, ondan artıq olduqda, məhsul istifadəyə yararsız sayılır.
Adi yemişi kəsir, xüsusi lakmus kağızını kəsiyə yapışdırırsan, bir dəqiqədən sonra o kağız qızarırsa, demək, yemişdə nitratın tərkibi yüksəkdir, məhsul kanserogendir və yeməli deyil. Sadə bir şey.
Təəssüf ki, Azərbaycan istehlakçısı belə məsələlərdə dotələb deyil, hətta olduqca məsuliyyətsizdir. Qırx de, qırx bir de, öz bildiyindən vaz keçməz.
Mütəxəssislər dönə-dönə deyirlər ki, filan cür məhsullardan istifadə etməyin, filan yağları işlətməyin, filan içkiləri içməyin, diqqətli olun, ancaq istehlakçılar mütləq etiraz edirlər: “Boş sözdür, hamısı antireklamdır, camaat qırx ildir, bunu yeyir, niyə heç kəsə heç nə olmur?”.
“Niyə heç kəsə heç nə olmur?” Bəs onkoloji mərkəzlərin, şöbələrin, kabinetlərin önündə növbəyə duran onlarla, yüzlərlə insan kimlərdir? Bunlar məhz müxtəlif səbəblərdən həmin o sağlamlıqlarına “bir şey olan kəs”lərdir.
O gün keyfiyyətli saydığım və çoxdan sınadığım çay markası haqda sosial şəbəkədə status yazmışdım. Statusuma şərh yazan dostlardan bir çoxu məhz dad məsələsinə vurğu edir, başqa ölkələrdəki qida məhsullarının dadsız olduğunu qeyd edirdilər.
Bizi bu günə qoyan məhz dad dalınca qaçmağımızdır. Avropada çoxdandır qidaların dadlı olub-olmamasına diqqət etmirlər, əsas məsələ qidanın sağlıqlı olmasıdır. Bundan başqa, firavan ölkələrdə kalorili yeməklərdən imtina da, istirahət günlərinin, saatlarının səmərəli keçirilməsi də prioritetdir.
Biz ölənə qədər işləyən, “yeməyə yeri olmayan”a qədər yeyən və “düt” deyincə içən camaatıq. Ona görə də kütləvi şəkildə xəstəyik.