O gün həmkarlarımızdan biri “işıqpulu ajiotajı” kampaniyasına qoşulmayaraq sosial şəbəkədə yazmışdı ki, onun ünvanına gələn qəbzdə göstərilən məbləğdən şikayəti yoxdur, istifadə etdiyi qədər gəlib.
Adam tanınmış telejurnalistdir, qəzetlərdə, tv-lərdə işləyib, yüzlərlə müxalifətçiylə, o qədər iqtidar adamıyla, beş o qədər də bitərəflə çörək kəsib, bir neçə sistern araq-pivə içib, amma hələ də anlamır ki, ilin-günün bu vaxtında elə söz yazmazlar.
İlin-günün bu vaxtında belə söz demək, təxminən, Ermənistan vətəndaşı olub İrəvanda yaşayan erməninin “Qarabağ Azərbaycanındır” deməsi kimi bir şeydir. Adamı orda nə günə qoyarlar, bilirsiniz.
Ona görə də siyasi fəallar, sosial şəbəkə üzvləri günün günorta çağı belə bir ağır siyasi səhv buraxmış telejurnalisti virtual şəkildə linç etməyə qalxdılar və məqsədlərinə çatdılar. Adam həmin mövzuda ikinci status yazmalı, ittihamlara cavab verməli oldu.
Ona qarşı ittihamlardan biri və başlıcası bu idi ki, həmin jurnalist 2020-ci ildə jurnalistlərə paylanması nəzərdə tutulan 3-cü binadan ev almaq niyyətindədir, ona görə də hökumətə yaltaqlanır.
Sanki o, “mənə də işıqpulu çox gəlib, narazıyam” deyə yazsa, bu, hakimiyyətə qarşı üsyan bayrağı qaldırmaq demək olacaqmış.
Jurnalist izahat verir ki, bundan əvvəl jurnalistlərə paylanan evlərə iddia etməyib və hazırda kirayədə yaşayır. Bir nəfər dərhal şərh yazıb sual verir ki, bəs 3-cü binadan ev almaq üçün namizəd olacaqsanmı?
Belə çıxır ki, bu ölkənin hazırda 3 problemi var: biri Qarabağ problemidir, ikinci jurnalistlərə ev verilməsi məsələsidir, üçüncü isə, Allah bilir, nədir.
Adını çəkmədiyim jurnalistin sərt tonundan sonra onun virtual dostlarının bir qismi belə bir şərh yazıblar ki, bəs zarafat ediblər, “evə görə yaltaqlıq” iradını məzəyə yazıblar. Hiss olunur ki, səmimidirlər, gerçəkdən də o sözü zarafatla yazıblar.
Amma bu zarafat təxminən adamı divara söykəyib başındakı almaya məzə üçün güllə atmağa bənzəyir. Sən bilirsən ki, tuşqul adamsan, sərrast atıcısan, atdığın güllə adamın başındakı almaya dəyməsə də, hər halda alnına da dəyməyəcək. Fəqət başında nişan-alma olan adam bu zarafatı anlamır, hər dəfə güllə açılanda gödən bağırsağının büzülmə sistemini taraz saxlamaq üçün əziyyət çəkir.
Ümumiyyətlə, son vaxtlar “hədiyyə evlər” məsələsi jurnalistlərə qarşı total zarafat, eləcə də total baş töhməti predmetinə çevrilib.
O gün hakimiyyətin tərəfində olan bir jurnalistə qarşı da yazmışdılar: “Belə davam etsən, sənə də ev verərlər, dincələrsən”. Bu həmkarımız 20 ildən artıqdır ki, iqtidar jurnalistidir və elə o vaxtdan bəri hakimiyyətin üstünə toz qondurmur, üstəlik, 2017-ci ildə ona ev veriblər, amma bundan xəbərsiz fəallar elə bilirlər ki, adamın dərdi ev dərdidir.
Bu saat 200-ə yaxın jurnalist var ki, nə sosial şəbəkə üzvüdürlər, nə də çalışdıqları media quruluşlarında hökumətin xeyrinə (eləcə də ziyanına) bir kəlmə yazırlar, amma vaxtı gələndə ev alacaqlar.
O cümlədən elə jurnalistlər var ki, hər gün hansısa dövlət strukturunun rəhbərliyinin, bütövlükdə hakimiyyətin müyyən qarşı statuslar yazırlar, amma 2020-ci ildə onlara da ev veriləcək.
Bundan başqa, 1-ci və 2-ci ev paylanışı kampaniyasında mənzillə təmin olunan neçə-neçə jurnalist var, hər gün tənqidi statuslar yazırlar və heç kim zəng edib onlara demir ki, burnunuzdan gəlsin, verdiyimiz evdə yaşayırsınız, amma bizi bəyənmirsiniz.
Nəhayət, bu söhbət bağlansa yaxşıdır, dövlətin öz vətəndaşlarına bağışladığı evi yeri gəldi-gəlmədi, zarafat və baş töhmətinə çevirməyin şiti-şoru çıxıb artıq.
“Yeri gəldi-gəlmədi” deyəndə, bilirsiniz, nə nəzərdə tutulur? Məsələn, jurnalist yazır ki, Venesuela neft ölkəsidir, amma acından ölür. Mütləq bir (beş) adam onun statusuna belə bir şərh yazır: “Maduro da jurnalistlərə ev paylasaydı, yazardılar ki, hər şey əladır”. Yaxud başqa bir jurnalist küçədə harın sürücü tərəfindən vurulan süpürgəçi qadının halına acıyır, müvafiq status yazır. Mütləq kimsə yazır: “Çox da şey eləmə, birdən ev verməzlər”.
Yəni Nodar Dumbadzenin “Ağ bayraqlar” romanında lətifəsi danışılan, bütün fikri-zikri rezin əldə edib sapand qayırmaq və şüşə sındırmaq olan manyak var ha, bəzi fəallar eynilə onun kimi söhbəti mütləq hərləyib-fırlayıb ev söhbətinin üstünə gətirirlər – zarafat edirlər.
Başındakı almaya güllə atılan adam isə dişi bağırsağını kəsə-kəsə zarafatın sona yetməsini gözləyir.