Əslində Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Şuşada olduğu zaman dövlətimizin, xalqımızın ünvanına söylədikləri adamda dərhal emosiya doğurur, hiddət oyadır, nifrət körükləyir. Paşinyan bizim əsgərləri “barbar” adlandırıb, “qeyri-insani cinayətlər” törətməkdə suçlayıb.
Amma bütün hallarda məsələyə sakit, soyuqqanlı, təmkinli yanaşmaq lazımdır.
Ermənilər bizim 120 (ən azı) illik düşmənimizdir. Nikol isə bizə düşmən kəsilmiş bu xalqın oğludur, necə deyərlər, ermənipərəstdir (bu sözü qəribçiliyə salmayın).
O, öz xalqını faşistcəsinə sevir, onun dostuna dost, düşməninə düşməndir. Zatən, keçmiş jurnalistin hakimiyyət başına dırmaşmasının səbəbi elə sələfinə nisbətən özünün daha çox faşist olduğunu erməni xalqına sübut etməsi oldu.
İndi belə bir adamdan biz onsuz da ünvanımıza kompliment, xoş söz gözləmirdik. Əksinə olsaydı, Paşinyan sülhdən, xalqlar dostluğundan danışsaydı, qeyri-səmimi görünərdi, biz də onu riyakarlıqda ittiham edərdik.
Ancaq adam ürəyindəkini dilinə gətirir və biz, eləcə də bu regionla maraqlanan hər kəs görür ki, o da sələfi kimi işin düzələninə çalışan deyil, əvvəlki kompromissiz siyasəti davam etdirəcək.
Əlbəttə, bu siyasətin gətirib Ermənistanı dalana dirədiyini Paşinyan da bəri başdan anlamalıydı, amma o, onu sonradan anlayacaq. “Müsəlmanın sonrakı ağlı” ibarəsi bu dəfə “erməninin sonrakı ağlı” formasında təzahür edəcək.
Zatən, Sarkisyanın siyasəti erməni xalqını xoşbəxt etsəydi, onun Qarabağ savaşındakı “xidmət”lərini nəzərə alardılar, xalq “o, Qarabağı alıb” deyərək, onu toxunulmaz elan edər, hakimiyyətdən uzaqlaşdırmazdı.
Ancaq görün, vəziyyət necədirsə, bıçaq sümüyə necə dayanıbsa, ermənilər “qəhrəman Serj”ə təhəmmül edə bilmədilər, Nikolun simasında özlərinə yeni bir xilaskar, “ağ atlı oğlan” tapdılar.
Bir azdan onun da “ağ atlı oğlan” olmadığı ortaya çıxacaq, o da gəlib Xankəndinin Vəng kəndində keçirilən ənənəvi erməni festivalına – eşşək cıdırına qatılacaq.
Onun da sülhdən, qarşılıqlı anlaşmadan, münaqişənin dinc yolla tənzimlənməsi yollarından-filandan danışan vaxtları gələcək. Adam hələ duza gedir.
Ona görə də onun Azərbaycana dair həqarətli ifadələr (“qorxaq dövlət” ifadəsini işlətdiyi təsdiqlənmir, amma onun düşüncəsinin bu cür olduğu ortadadır) işlətməsinə hiddətlənmək olmaz.
Paşinyan da bilir ki, özlərinin cəsarəti, şücaəti haraya qədərdir, biz də bilirik, ruslar da bilir. Eyni zamanda o, yaxşı bilir ki, bizim əl-qolumuzu kim, necə bağlayır, nədən əks-hücuma keçib torpaqlarımızı xilas edə bilmirik. Elə bunu da biz də bilirik, ruslar da bilir, hətta avropalılar da xəbərdardır.
İki il öncə aprel ayında ermənilər Azərbaycandan yüngül bir şillə almışdılar, Kremlə açdıqları yalvarış dolu telefon zənglərinin ardı-arası kəsilmirdi, dəstəyi asmırdılar, xəttə qalıb, müsbət cavab, yardım vədi gözləyirdilər.
İndinin özündə də Ermənistan mediasında “2016-cı ilin aprelində rus bizə vaxtında kömək eləmədi, Kreml bizə xəyanət etdi” ritorikası səngimək bilmir.
Heç özlərinə sual da vermirlər ki, yaxşı, bəs ruslar kömək eləməsələr, halları necə olar? Bu “qorxaq millət”in qabağında neçə həftə (əslində neçə gün) tab gətirərlər?
Bəlkə də əməliyyatın həftəsi tamam olmaz və erməni siyasilər, diplomatlar bir yanı Vaşinqton, o biri yanı Moskva, eləcə də Paris, London, Brüssel, Berlin kimi qüdrətli paytaxtları bezar edərlər ki, bizi xilas edin.
Görünür, “aprel şapalağı”nın acısı ermənilərin canından çıxır artıq, özlərinə gəlirlər, dilləri uzanır.
Bax, Paşinyanın dediklərinə bu prizmadan yanaşmaq lazımdır. O, nə qədər bu cür kəskin, sərt, həqarətli danışsa, bizə bir o qədər yaxşıdır. Bu cür pafoslu erməni danışığı, bizi diri, hiddətli saxlayır.
Biz xoş qılıqdan, həlim baxışlardan, komplimentlərdən tez sıyılan camaatıq axı. Ermənilər siyasətlərini dəyişib bizim başımızı bişirməklə məşğul olsaydılar (bir ara “xalq diplomatiyası” deyilən avantüra ilə çox qabağa gəlmişdilər), düşmənçliyi unudan, barışıq addımı atan, daha çox güzəştə gedən biz olacaqdıq.
Ona görə də belə yaxşıdır: qoy Paşinyan sərt və yekə-yekə danışsın, amma bilsin ki, odundan maşa olmaz, gədadan paşa…