O gün deputat Siyavuş Novruzov deyib ki, siyasətdə əxlaqsızlıq etmək olmaz, mübarizəni kişi kimi aparmaq lazımdır.
Kim bu fikrə qarşı çıxa bilər? Heç kim. Əslində bu sözü Siyavuş Novruzovdan da qabaq çox deyiblər, ondan sonra da çox deyəcəklər. Amma siyasətdə mübarizənin kişi kimi aparılması faktı hələm-hələm qeydə alınmayacaq.
Sanki bu peşənin fitrətində var, mütləq ətrafında çirkab, xoşagəlməz, hətta iyrənc söhbətlər, dava-dalaşlar, süpürləşmələr olmalıdır. Başqa cür mümkün deyil, sanki.
Mən gözümü açıb belə görmüşəm. Düzdür, sovet dövründə elə də siz deyən siyasət-filan yox idi, amma partiyadaxili intriqalar vardı. Yenə kimlərsə seçkili orqanlara seçilmək üçün mübarizə, intriqa aparırdı, rəqibini gözdən salmaq üçün onun içki düşkünü, məişət pozğunu olduğunu iddia edirdi.
O “məişət pozğunu” olmaqda ittiham edilmək vardı ha, bu gün seks videosu çıxmaq kimi şey idi. Sadəcə, o vaxtlar müvafiq fotoşəkillər, videosüjetlər çəkmək imkanı yox idi, eləcə şifahi şəkildə deyilirdi. Ən böyük ittiham isə ondan ibarət olurdu ki, “bu şəxs kommunistə yaraşmayan hərəkətlər edir, daha bir arvad saxlayır”.
Bu cür ittihamlara görə partbiletini təhvil verənlər olurdu. Daha dəqiqi, yüksək vəzifəli bir şəxs “daha bir arvad saxlayan” kommunisti kabinetinə çağırıb üstünə qışqırırdı, deyirdi, partbileti qoy stolun üstünə, rədd ol bayıra, pozğun!”
Orası da vardı ki, rəqiblər partiya iclaslarında ağız-ağıza verib söyüşməzdilər, arvad-uşaq, nəsil-şəcərə söhbəti eləməzdilər. Düzdür, onlar bir-birinin haqqında elə ittihamlar irəli sürərdilər ki, dalına düşən olsa, ikisinəd güllələmə hökmü kəsilərdi, amma dillərinə pis söyüş gətirməzdilər. Kommunist əxlaqı imkanı verməzdi.
Heç o vaxt rəqabəti uduzanlar, bir-birini öldürməyə hazır olanlar gedib kiminsə atasının qəbrinə pəşov da eləməzdilər.
Bu, xətalı iş idi. Bunu kim eləsə, nəsillər arasında elə bir qırğın düşə bilərdi ki, sovet hökuməti gərək döyüş bölgəsinə ordu yeridəydi. Yəni birinin əzizinin məzarının təhqir olunması çox yekə söhbətdir, onun altında bir tanker qan var.
İndi görün, insanlar necə məsuliyyətsizləşib ki, belə bir hərəkət etməkdən qorxmurlar.
Düzdür, yeni videolar çəkilib, ortaya faktlar qoyulub, bəlli olur ki, təhqir olunan məzar heç də adı çəkilən şəxsin atasına məxsus deyil. Amma fərqi yoxdur, lap belə gedib çaylaqda yekə bir daşın üstünə pəşov edib, “bu filankəsin atasının qəbridir” deyirlərsə, artıq həqarət öz ünvanına çatmış olur.
Belə yerdə nə baş verməlidir? Bu yerdə hökumət orqanları məzarlıqda video çəkə-çəkə, sələn-sələn hərəkət edən o şəxsləri tapmalıdır, ikisinin qoluna bir qandal vurub bölməyə gətiriməlidir, orada onlara “düz iş görməmisiniz” deməlidir. Sonra məhkəmədə o “qoçaq”ların hərəsinə layiq olduqları cəza kəsilməlidir və iş bitməlidir.
Yoxsa cəzasızlıq olacaqsa, indən belə kimin kimdən xoşu gəlmir, iki-üç litr pivə içib cumacaq qəbristanlığa ki, qisas almağa gəlmişəm.
Beləcə, siyasi mübarizədə yeni mərhələ başlayacaq, kompromat müharibəsini “sidik çiləmə” müharibəsi əvəz edəcək.
Ayıbdırmı? Ayıbdır. Axtarsan, bu mübarizə üsuluna bənzər hərəkətlərə qeyri-mədəni cəmiyyətlərdə, üçüncü dünya ölkələrində rast gələrsən. Amma əmin olun ki, at maralı arvadların seçkidə qalib gəldiyi Finlandiyada, adlarını “petux”luğa çıxartdığımız Hollandiya və Fransada (və sair və ilaxır) belə şey görməzsiniz. Oralarda hansısa büstün, abidənin üstünə boya atılanda media “vandalizm aktı” deyib haray salır, hamı tökülüşüb qınayır.
Bir də gərək hər kəsin dilinə yiyəlik eləsin, ağzına gələni danışmasın, əlinə sahib çıxsın, beynindəki çirkabı klaviaturaya axıtmasın. Siyavuş Novruzov demişkən, “birinin əsəbi dözür, birininki dözmür”, əli düşməninə çatmayanda hirslənib cumur pivəxanaya ki, kanistri doldursun, qisas günüdür.
Adam bu kimi hadisələrə baxır, baxır, xeyli müddət deməyə söz tapmır, axırda fikirləşir ki, gör hansı səviyyədəyik. Camaat ballistik raket qayırır, Marsa cihaz göndərir, biz soxulcan səviyyəsinə düşüb gor eşirik.