Baş prokurorluq yanında korrupsiya ilə mübarizə idarəsi 2017-ci ilin yekunlarına həsr olunan brifinqdə ölkəmizdə bu bəlaya ən çox uğramış qurumların adını çəkdi: birinci yerdə banklar, kredit qurumları imiş, ikinci yerdə tikinti sektoru. İdarə dövlət sirri olduğundan 3-cü yeri tutub bürünc medal alanın adını açmayıb, ancaq biz güman edə bilərik ki, bu da Binəqədi Mənzil İstismar Sahəsinin 4-cü Aşırım küçəsi, 5-ci Endirim döngəsi üzrə süpürgəçisi Güləndam xanım olmuşdur. Əlimizdəki informasiyalara görə Güləndam xala dövlət büdcəsindən küçəni süpürmək üçün ayrılan vəsaiti, yəni, 1 ədəd çırpı süpürgəsini qanunsuz olaraq Xutor yaşayış zonasındakı şəxsi həyətyanı sahəsinə aparmış və şənbə-bazar günləri oranı təmizləmək üçün istifadə etmişdir. Hüquq-mühafizə orqanları dövlət vəsaitinin talanması, korrupsiya faktının üstünü isti izlərlə açmış, süpürgə tərəfimizdən aşkar edilərək götürülmüş, yolüstü Güləndam arvadın (daha beləsinə xanım, xala yazmağa da adamın əli gəlmir) sonbeşik nəvəsi Əlibalanın cibindən bir büküm marixuana bitkisinin şəxsi istifadə məqsədiylə hazırlanmış toxumları müsadirə edilmişdir. İstintaqın gedişi, gəlişi, dönüşü haqda oxucularımıza məlumat verəcəyik. Mütləq.
İnsanın inanmağı gəlmir ki, bu cür gözəl inkişaf edən respublikamızda (misal üçün, hazırda Füzuli rayonunda yazlıq arpa, Biləsuvarda qışlıq buğda, Zaqatalada payızlıq tütün, Sabirabadda yaylıq qarpız əkinləri tam sürətlə davam edir) hələ də belənçik korrupsioner ünsürlər vardır. Axı sizə yaşamaq üçün nə lazımdır? Hər şeyiniz var. Məzahir müəllim növbəti prezident seçkilərinə hazırlığın başladığını da bildirmişdir. Yenə sizin əvəzinizdən bütün işləri görəcəklər. Siz isə utanmadan korrupsiyaya qurşanmısınız. Həmin o bank işçilərini, tikinti bənnalarını, süpürgəçini əlimə versələr uf demədən qanlarını içərdim! Elə bil Almaniyada, Amerikada, nə bilim, Dominikanda-zadda yaşayırlar… Korrupsiya xaricdə geniş yayılıbdır. Gərək onu bura da gətirəsiniz? Biz Avropanın gərək yaxşı cəhətlərini götürək, pisini ataq. Düzü, heç bilmirəm yaxşı cəhətləri qalıbmı. Çürüməkdə olan kapitalizm sistemidir.
Bayaq Dominik-in adını çəkdim, təsadüf deyil. Bu, Karib dənizi tərəfdə yerləşən ada dövlətidir. Əslində orda Dominikan Respublikası və Dominika adlı tamam ayrı 2 dövlət vardır, heç bilmirəm yazacağım əhvalat bunların hansında olmuşdur. Görünür bunların Orfoqrafiya Nazirliyinə ehtiyacı var, hələ özlərinə düzgün, fərqli və fərli adlar tapa bilmirlər. O cümlədən, bu dəqiqə Makedoniyada referendum gedir, camaat müəyyən eləmək istəyir ki, dövlətimizin adını nə qayıraq: Makedoniya Skopye Respublikası, yoxsa Makedoniya Vardar Dövləti. İki dənə ayrı variant da olmalıdır, ancaq mənim bu Vardar adından xoşum gəldi, ağılları olsa qoyarlar. Varlığa nə darlıq?
Sözümün canı odur ki, dünyada hər kəs bizim qədər xoşbəxt deyil, ay camaat, hökumətin qədrini bilin, ətrafında daha sıx birləşin. Baxın, neçə illərdir respublikamızın adını kəşf edib Azərbaycan qoyublar, heç dəyişdirməyə lüzum yaranmır. Nəsə, çox uzağa getdik (Bakıdan Dominikə neçə kilometr olar, Xaçmazın icra başçısı Şəmsəddin müəllim gərək bunu da ölçüb bir yerə yazsın, biz savadsızlar öyrənək), tema Dominikdəki əhvalat idi. Təzəcə oxumuşam, o qədər güldüm qarnım ağrıdı.
Demək, 1982-ci ildə bunların bir prezidenti olubdur, Antonio Qusman Fernandes adında. Babat da işləyirmiş, bunun vaxtında Dominikin iqtisadiyyatı, siyasi durumu xeyli yaxşılaşıbdır. Ancaq yazdığım kimi, 1982-ci ildə Antonio bəy təpəsinə bir güllə vuraraq intihar etmişdir. Səbəb isə belədir ki, orda araşdırma aparılıb, bunun qızı və kürəkəninin korrupsiya ilə məşğul olması üzə çıxarılıbdır. Bunu eşidəndə Antonio dözməyib, özünü vurubdur.
Düzgün adamsansa, tapşırıq ver, hüquq-mühafizə orqanları işi araşdırsın, ta ölmək niyə? Sən öl, mən ölüm, o ölsün, bəs korrupsiya ilə kim mübarizə aparsın?