İstanbulda Yeni il şənlikləri, kütləvi tədbirlər yasaqlanıb. Bunun Türkiyə vətəndaşlarının təhlükəsizliyi naminə edildiyi deyilir. Ötən il məhz yanvarın 1-ə keçən gecə qardaş ölkənin bu ən böyük şəhərinin kafelərindən birinə özbək əsilli, İŞİD-çi terrorçunun hücumu zamanı biri azərbaycanlı qız olmaqla, onlarla dinc sakin həyatını itirmişdi.
Əlbəttə ki, hansısa terrorçu və ya terror qrupu terror törətmək fikrinə düşübsə, bunu o, (onlar) Yeni ildən əvvəl də həyata keçirmək fikrinə düşə bilərlər, ondan sonra da. Dövlətin, onun məxfi servisinin əsasi vəzifəsi də daim öz əhalisinin dincliyini və amanda olmasını təmin etməkdir. Bunu əgər o, bacarmırsa, onda həmin dövlətə bir quş. Belə dövlətin varlığı “5 qəpiyə” dəyməz və onu saxlamağa da lüzum yox…
İŞİD-in məğlubiyyətindən sonra terror təhlükəsi ilk baxışda səngimiş təsiri bağışlaya bilər. Hər necə olmasa, bölgədəki ən böyük, ən həssas dövlət kimi qardaş ölkədə terror aktlarının xeyli müddətdir olmaması sevindiricidir. Gerçəkdə isə İŞİD ləğv olunsa da, İŞİD-çilərin kökü kəsilməyib, “ayaq səsləri” hələ də gəlir. Onların qalıqları indi dünyaya, regiona səpələnmiş durumda, insanlar arasındadır – kamifuljay olmuş şəkildə, başqalarından faktiki, fərqlənmədən.
Bunu da unutmaq olmaz ki, beyinləri yuyulmuş, yalnız “o dünya ilə” əlləşən bu adamların gözündə bu dünyanın sakinlərinin həyatı öz həyatları ilə birgə dəyər daşımır. Yəni varlıqları yoxluq kimi bir şeydir. Onların tezliklə normal düşüncəyə, normal həyata qayıtması da böyük zaman tələb edən qəliz məsələdir. Praktik olaraq mümkünsüzdür. Çünki ideoloji “çapıqlar” gec sağalır, yaxud heç sağalmır.
Odur ki, sayıqlığı əldən vermək olmaz. İŞİD-çilərin reabilitasiyasındansa, daim izlənməsi əsas hədəf olmalıdır. Bundan ötrü yalnız bir ölkənin kəşfiyyat xidmətinin imkanları yetərli deyil, ola bilməz. Dövlətlər sinxron, uzlaşdırılmış fəaliyyət göstərməlidir. Necə ki, bu günlərdə ABŞ məxfi xidmətinin kəşfiyyat məlumatlarını Rusiya ilə bölüşməsi nəticəsində Sankt-Peterburqda yüzlərlə günahsız insanın həyatı xilas edildi, Putin buna görə Trampa məxsusi minnətdarlıq elədi – hərçənd, Moskva-Vaşinqton münasibətləri “soyuq savaş” dövründən sonra ən gərgin dövrünü yaşayır.
Lakin vurğulandığı kimi, terrorla mübarizə bir dövlətin bacardığı iş deyil. Ümumi, ortaq problemdir, bəşəriyyətin ortaq dərdidir. Ortaq dərdə qarşı isə ortaq mübarizə, ortaq çarə lazımdır. Bu zaman heç bir başqa siyasi maraq güdülmədən təbii ki.
Terrordan şübhəsiz ki, heç bir dövlət sığortalanmayıb – istər güclü dövlət olsun, istərsə də zəif. Çünki virtual düşmənlə fiziki üsullarla, silahla mübarizə həmişə çətin olub, səmərəsiz olub. Demək, virtual mübarizə üsulları da vacibdir.
Bəli, terror yuvalarından biri dağıdılıb. Ancaq bu, arxayınlıq üçün yox, hərəkətə keçmək üçün motiv olmalıdır. Səbəb deyildi. Terror təhlükəsini ciddi saymayan bir dövlət bəri başdan özünü terrora həssas eləmiş saya bilər. Üstəlik, yaxın tarixin təcrübəsi göstərir ki, yeni-yeni terror təşkilatlarının peyda olması da istisna deyil. Əfsus ki, həm də bəzi böyük güclərin məqsədli göz yumması və ya hətta gizli dəstəyi ilə bu, mümkün ola bilir. Qardaş Türkiyəyə qarşı PKK terrorunun on illərdir sürməsinin baş səbəbi bu.
Bəşəriyyətin ən böyük bəlası da terrorun, terrorçu dövlətlərin (Ermənistan) və təşkilatların “yaxşı” və “pis” kimi təsnif edilməsidir. Nə qədər ki, belə bir dəhşətli bölgü var, terrorun “ayaq səsləri” heç vaxt səngiməyəcək – o cümlədən onu sortlara bölənlər üçün. Bumeranq effekti yəni.