ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra qeyri-ixtiyari günün birində Qarabağ ətrafında da dünya güclərinin ədalətsiz qərar verə biləcəkləri ehtimalı barədə düşünməli oluruq. Düzdür, Qarabağ məsələsi ilə Fələstin problemi arasında bərabərlik işarəsi qoymaq olmaz, bunlar fərqli məsələlərdir. Amma axı, biz ədalətsiz zamanda yaşayırıq. Həm də əbəs yerə deməyiblər ki, “şər deməsən, xeyir gəlməz”.
Keçən həftə Qüdsü İsrailin paytaxtı kimi tanıyan Trampın ölkəsi bəyan etdi ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Vyana görüşünü alqışlayır. Dünyanın tərkib hissəsi kimi elə bizim də başımız fələstinlilərin müsbətinə qarışdığı üçün soruşanımız olmadı ki, “mister, bağışlayın, nəyi alqışlayırsınız?”
Vyana görüşü bundan əvvəlki görüşlərdən nə ilə fərqləndi ki, hələ bir alqış da edirlər? Bəlkə Ermənistan işğalçı siyasətindən bir addım geri çəkildi? Bəlkə Serj Sərksiyanın oktyabr ayında dediyi “bizi ağrılı qərarlar gözləyir” sözlərinin reallaşması istiqamətində addım atıldı, işğalçı bir addım geri durdu? Heç biri olmadı. Onda bu, nə alqışdır?
Bəlkə də Ağ Ev ilin axırına qədər Ermənistan və Azərbaycan XİN başçılarını bir araya gətirib onların şəkillərini çəkdirə bilməyəcəyini zənn edirmiş, foto layihəsi alındığı üçün alqışlayır. Belə fotolardan nə qədər çəkilib indiyə qədər. Reallıq budur ki, həmsədr ölkələrin nazirlərin şəkillərini alqışladıqca biz də Qarabağdan çəkilmiş foto və videokadrlara ürəyimiz parçalana-parçalana baxmaqda davam edirik. Ürəyimizin tikə-parça olmasınımı alqışlayır Amerika?!
Nazlı qız kimi danışıqlar masası arxasına əyləşdirilən həmin bu Edvard Nalbəndyan yazda Qarabağa gəlib, separatçılara söz vermişdi ki, ilin sonunadək Dağlıq Qarabağın “müstəqilliyini” azı bir dövlət tanıyacaq. Hələ ki, ermənilər buna nail ola bilməyib. Ancaq biz bununla təskinlik tapası deyilik ki. Normalda ədalət olsaydı, ABŞ Azərbaycanın XİN başçısının terrorizmi dəstəkləyən birisi ilə görüşünü nəinki alqışlamaz, hətta ona bu fotoda yer almaq imkanı verilməzdi. Özgə torpağına soxulub buradakı işğalçıların qarşısında “İlin axırınadək Dağlıq Qarabağın müstəqilliyini azı bir dövlət tanıyacaq” vədini verən Nalbəndyanın yeri Vyanadakı danışıqlar masası yox, Haaqa Tribunalı olmalıydı.
Əslində Qarabağ danışıqlarında alqışa layiq heç nəyin olmadığını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-si Vyanada, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında bəyan edib. Nazirin “danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur” sözləri də İrəvanın gerçək mahiyyətini açır. Cənab Məmmədyarovun “Ermənistan təkliflərimizi rədd edir” sözləri isə danışıqlara vaxt sərf etməyin mənasız olduğunu demək üçün kifayətdir. Elə isə ABŞ nəyi alqışlayır – Ermənistanın danışıqlardakı təklifləri rədd etməsini?
Azərbaycan ərazilərinin işğalda olmasına baxmayaraq, Sülh Platformasını yaradıb, bu layihəyə dəstək verir, istəyir ki, qan tökülmədən məsələ ədalətli qaydada həllini tapsın. Ermənistan isə Vyana görüşü ərəfəsində Qarabağda iki hərbi təlim keçirdi. Tramp administrasiyası bu təlimlərimi alqışlayır? Alqışlamırsa, bəs, nədən Ermənistana etiraz səsini ucaltmadı?
Bu cür ikili standartların, növbətçi bəyanatların nəticəsi bilirsiniz nə oldu? Budur, Qarabağdakı baş separatçı Bako Saakyan “artsaxlıları” Dağlıq Qarabağda keçirilmiş ilk “konstitusiya referendumu günü” münasibətilə təbrik etdi. ABŞ-ın alqışından bircə gün sonra. Alqışdan sonrakı “bir tuş” bax, Bakonun təbriki oldu. Qarabağ erməniləri dünyanın sərt təpkisini görmədikcə “müstəqillik” iddialarını daha da ucadan səsləndirməyə həvəslənirlər. Necə ki, Bako Saakyan 1991-ci ilin d dekabrında Qarabağ ermənilərinin “müstəqilliyə səs verdiklərini” iddia edib. Uzağa getməyək, təkcə son aylarda iki ölkədə İraq və İspaniyada separatçıların referendumu keçirildi. Ancaq ABŞ başda olmaqla dünya gücləri nə kürdlərin, nə də katalonların nazı ilə oynamaq istəmədi, dərhal ağızlarının üstündən vurdular. ABŞ-ın on illərdir maliyyə yardımı ayırdığı (!) Dağlıq Qarabağ separatçıları isə “müstəqillik referendumu”nun 26-cı ildönümünü bayram edirlər. Separatçıya maliyyə yardımı ayırmağın özü elə müstəqilliyin tanınması anlamı verir, çox da ki, rəsmi mövqe yoxdur. Görəsən, Saakyanın təbrikinə ABŞ-dan alqış-filan olacaqmı?