Dekabrın 2-də Rusiya paytaxtında sovet-alman müharibəsinə həsr olunmuş tədbir keçirilib. Postsovet respublikalarını təmsil edən veteranlar sovet qoşunlarının Moskva uğrunda döyüşlərdə faşistlər üzərinə əks-hücuma keçmələrini birgə qeyd ediblər. Yayılan məlumatlarda Azərbaycan və Ermənistandan olan veteranların da bir-birinin əlini sıxmasına diqqət çəkilib.
Yəqin orada Bakı neftinin faşizm üzərində qələbədə həlledici amil olması heç yada düşməyib. Rusiya heç Azərbaycanın 1941-45 müharibəsində 300 mindən çox insan itirməsinə dəyər vermədi, o ki, qaldı neftinə. Dəyərləndirsəydi, Ermənistanı silahlandırıb torpaqlarımızın işğalına bais olmazdı. Amma bunları xatırlatmağın nə mənası? Necə deyərlər, “Moskva göz yaşlarına inanmır”.
Rusiyada tədbir keçirilən saatlarda… Bakını işğalla hədələyən (!) Ermənistan prezidenti Serj Sərkisyan hərbi geyimlə Qarabağdaydı, Azərbaycan torpaqlarında möhkəmlənməyin yollarını arayırdı. Bu Xocalı qatili Füzuli-Cəbrayıl istiqamətində Ermənistan və “dqr ordusu”nun birgə hərbi təlimlərini izlədi.
Həyasızlığın miqyası artıq xeyli genişlənib. Sərkisyan bununla “Rusiyanın müdaxiləsi ilə 3-5 rayon qaytarılacaq” söhbətinə də nöqtə qoydu. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan əbədi olaraq “təlim mərkəzləri” kimi istifadə etmək istəyir. Deməli, bir qarış da torpaq qaytarmayacaqlar!
Sözsüz ki, Serj Sərkisyan bu hərəkətini Rusiya ilə razılaşdırıb. Yoxsa onun nə hünəri var ki, Kremlin cızdığı xətdən kənara çıxsın? Erməni əsilli Lavrov son səfərində yəqin qandaşlarını təlimatlandırıb.
Çox vaxt Rusiya iqtidarı İrəvanın öz qərarlarında “müstəqil” olduğunu iddia edir. Ancaq işğalçı ölkənin nə qədər “müstəqil” olması quru və hava sərhədlərinə rus əsgərinin nəzarətindən bəlli olur. Elə Qarabağda təlim keçən tanklar da Rusiyanın Ermənistana hədiyyəsiydi…
Rusiyanın mövqeyi bəllidir. Bəs, ədalətdən dəm vuran Avropa niyə Serj Sərkisyanın Qarabağdakı həyasızlığına göz yumur? Özü də noyabrın 24-də Ermənistan Avropa Birliyi ilə hərtərəfli və geniş əməkdaşlıq haqda saziş imzalayıb. “Şərq Tərəfdaşlığı”nın Brüsseldə keçirilən beşinci sammitində İrəvan öhdəliklər götürüb. Həmin tədbirdə eyni zamanda ərazi bütövlüyünün toxunulmazlığı əsas prinsip olaraq bir daha xüsusi qeyd edilib. Bəs, hanı nəticəsi?
Yenə də Sərksiyan hərbi mundirdə Azərbaycanda yerləşdirdiyi terrorçuların yanındadır. Avropa beləsinimi öz yanında görmək istəyir? Doğrudanmı beynəlxalq aləmdə ərazi bütövlüyü prinsipi artıq arxaik ifadə kimi qəbul olunur? Amma Kataloniya və Şimali İraq separatçılarının ağzından vurulmasında biz başqa mənzərəni gördük axı. Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım məsələlərində də Qarabağdakı qədər müəmmalı mövqe görmədik.
Deməli, Avropa Birliyi bizimlə oyunmu oynayır? İndiki məqamda Ermənistana silah verib sülhdən danışan Rusiya ilə işğalçı İrəvanı yanında oturtmağı özünə fəxarət bilən Avropa arasında heç bir fərq yoxdur. İkisi də haqqı pozulana yox, uşaq qatilinin rəhbər olduğu işğalçı ölkəyə qahmar çıxır.
Avropa zənn edir ki, öz ərazisində rus qoşunlarının qalmasını nəzərdə tutan 49 illik müqavilə imzalayan Ermənistanı bu yolla Rusiyadan ayıra biləcək. Amma Ermənistan Rusiyanın köləliyini ona görə qəbul edib ki, varlığı “ağa”dan asılıdır. Baxın, Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirə olunarkən işğalçı ölkənin ünvanına beləcə dedilər: “Gəzəyən qızdır, əri olsa da özünə sevgili tapıb…”
Bu, ölümə bərabər təhqirdir, amma nə olsun, görün İrəvandan etiraz oldumu? Olmadı. Sərkisyan hər şeyi göz önünə alıb, təki Qarabağı əldən verməsin, gələn il hakimiyyətinin ömrünü uzatsın. Bir də gəzəyən üçün gəzdiyinin fərqi yoxdur, əsas məsələ kimin çox pul verməsidir. Necə ki, Rusiya ilə “gəzən” Ermənistan kreditlə silah almaqdansa, ona birdəfəlik maliyyə yardımı edən Avropa Birliyinin yanında yer almağa üstünlük verdi. Avropa ailəsinə qoşulmaq təqdirolunan sayılmalıdır. Ancaq Ermənistanın məsələsi dəyərlərə əsaslanmır, pul-paraya əsaslanır. Məlum səbəbdən.
İndi bu “gəzəyən” ölkənin rəhbəri Azərbaycan ərazilərində hərbi təlim keçir. Onunla həmsədrlərin vasitəçiliyi ilə danışmağın mənası yoxdur. Çünki “gəzəyən”i sözlə durdurmaq çox çətindir, onu Azərbaycan əsgərinin silahı dayandıra bilər. Onu elə havada qarşılayıb…yola salmaq olar.