Jurnalist həmkarımız Natiq Qədimovun 41 yaşında qəfil ürəktutmasından vəfat etməsi onu yaxından tanıyan-tanımayan, fərqi yoxdur, hər kəsi üzdü. Bu acı xəbəri eşidən kimi ilin əvvəlində Musavat.com-da dərc olunan bir yazını xatırladım.
Deputat, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovla qəfil ölümlərlə bağlı etdiyimiz söhbəti nəzərdə tuturam. Rəşad həkim bu ölkədə çox ürək krizi olan insanların həyata qaytarıb və şəfalı əlləri ilə öz şərəfli missiyasını davam etdirməkdədir. O, parlamentdəki çıxışlarının birində demişdi ki, dünya ölkələrinin səhiyyəsində tətbiq olunan “stent for life” proqramından yararlanmaqla Azərbaycandakı qəfil ölümlərin böyük bir hisəsinin qarşısını almaq tamamilə mümkündür.
Məşhur cərrah ürək tutmalarının əsasən 40-60 yaş arasındakı insanların arasında geniş yayıldığını da söyləmişdi. Fakt ortadadır. Təkcə 41 yaşında ürəyindən gedən Natiqdirmi? Elə qəfil dünyasının dəyişən jurnalist dostlarımızın siyahısına baxsaq, ölkədəki mənzərə göz önünə gələr. Bu, hələ jurnalistikanın qəfil itkiləridir. Görün digər sahələrdə nə qədər “qəfil”lər var.
“Stent for life” – “yaşamaq üçün stendləmə” deməkdir. Bu proqram həm ürək, həm beyin damarlarını bərpa etmək imkanı verir. Yəni damarın tam tutulması anında belə o, xəstəxanaya çatdırılarsa, həmin tibbi avadanlıqlar vasitəsilə iki saat ərzində damarın yolunu bərpa etmək və pasiyenti ölümdən xilas etmək mümkündür.
Rəşad həkim deyir ki, bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir. Təsəvvür edin, ildə 15 min insan! Hazırda isə bu insanlar ya əlilə çevrilir, ya da həyatını itirir. Əlilliyə çevrilməsi həm də onların əmək qabiliyyətini itirməsi deməkdir. Bu isə təkcə həmin şəxslərin ailələrinə yük olmaları deyil, həm də dövlətə yük olurlar. Bunun ardınca təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin sayının artmasından, paralel olaraq pensiyaçıların statistikasında artan tempin müşahidə olunmasından danışmağa məcbur olacaq. 10-15, hətta 20 min adamın təkcə ürək probleminə görə dövlətə yük olması sadə məsələ deyil. Hələ düşünən beyinləri itirməyimiz…
Gözləyirdim ki, həmkarımızın qəfil dünyasını dəyişməsi xəbərindən sonra bu təşəbbüs 2018-ci ilin büdcə müzakirələrinin gedişində xatırlanacaq. Gələn ilin xərclər smetasına bir əlavə də etmək olardı. Böyük vəsaitdən də söhbət getmir, hər halda cərrah millət vəkili deyir hökumət bunun üçün adambaşına 1-2 manat ayırsa, həmin tibbi avadanlığı ölkəmizə gətirmək olar. Uzağı, 20 milyon manatdan söhbət gedir. Gələn il üçün hansısa yolun, körpünün tikintisini təxirə salmaq, yaxud daha ucuz variantlara üstünlük vermək olardı. Bir yolu bir-iki il gec də salmaq olar, təki gənc, ortayaşlı insanların ömrü yarıda qırılmasın.
Əslində heç kəs qəfil ölümdən sığortalanmayıb. Elə bu il neçə qəfil, sarsıdıcı xəbər eşitdik. Sinifdə qəfil ürəktutmasından dünyasını dəyişən müəllimdən tutmuş, sükan arxasında gözlərini əbədi yuman sürücüyə qədər. Təkcə sadə insanlarmı? Xeyr. Natiq Qədimovun adaşı, sabiq nazir Natiq Əliyev də ürəyindən dünyasını dəyişdi. Kim bilir, Azərbaycanda “Stent for life” – “yaşamaq üçün stendləmə” olsaydı, kifayət qədər təcrübəli məmur hələ neçə illər dövlətimizə xidmət edə bilərdi.
Elə bu yazını yazarkən saytların birində xəbər gördüm. Cəlilabadın Alar kənd icra nümayəndəsinin 57 yaşlı müavini qəfildən dünyasını dəyişib. Nə qədər ki, həyəcan təbilinə reaksiyamız adekvat deyil, bu da son qara xəbər olmayacaq. Qeyd etdiyim kimi, qəfil ürək tutması məmura, jurnalistə, müəllimə baxmır. Düzdür, ürəktutmaları müxtəlif faktorlarla əlaqədardır. Buraya qidalanmadan tutmuş, stress, ətraf mühit faktorları aiddir. Yəni deyilə bilər ki, biz səbəbləri aradan qaldırmaqdansa, nəticədən danışırıq. Ancaq hələ ki, biz damarlarımızın tıxanaqlığı yaradan səbəbləri aradan qaldırmaqda acizik.
Hələ ki, yağın baha olmasını ürəyimizə dərd edirik, keyfiyyət məsələsi küll halında bizi düşündürmür təəssüf ki. Bir gün gələcək sağlamlığımız naminə keyfiyyətə üstünlük verəcəyik. Ona qədərsə ürəyimizi qəfil tutmalardan qorumaq lazımdır. Hökumətimiz 1 dekabr müzakirələrində bu məqsədlə səhiyyəyə 15-20 milyon ayırsa, məsələ həllini tapar. İnsan faktoru ilə müqayisədə milyonlar nədir ki?..