Ermənistanın işğalçı ordusuna çağırışçı böhranı yaşayır. Düşmən ölkədə bir müddətdir “xalq-ordu” ideyasının ortaya atılması və bu ideyanı qanuniləşdirmək yönündə səylər, ideyanın tərkib hissəsi kimi də tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi şəkk-şübhəsiz, elə çağırışçı ehtiyacı ilə bağlıdır.
Artıq bir reallıqdır ki, Ermənistanda faktiki, büdcəyə yük olan yaşlı əhali – pensionerlər, bir az da işləyən azsaylı orta təbəqənin təmsilçiləri yaşayır. O da faktdır ki, Ermənistanın olan-qalan əhalisi Rusiya və Türkiyədən gələn pul transfertlərin və lobbinin ianələrinin ümidinə qalıb (qardaş ölkədə erməni əmək miqrantlarının sayı iki il öncəki statistikaya görə, 100 minə yaxın idi).
Azərbaycanda isə tələbələrin əsgərlikdən möhlət hüququ qalır. Çünki onu ləğv etməyə ehtiyac yoxdur. Bu da bizim işğalçı tərəf üzərində daha bir strateji üstünlüyümüzdür. Bu, həmçinin o anlama gəlir ki, müharibə variantında Azərbaycanın Ermənistandan fərqli olaraq, insan resursu problemi olmayacaq. Üstəlik, Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququ aradan qalxandan sonra fərq xeyrimizə daha da böyüyəcək.
Nədən ki, gənclərin xaricə axını güclənəcək. Hər necə olmasa, ağlı başında olan erməni gənci kriminal Sərkisyan rejiminin avantürist ideyaları yolunda “top əti” olmaq istəmir. İrəvanı silkələyən son tələbə etirazlarının qayəsində də bu durur. Ancaq bu, bizim problemimiz deyil. Öz gələcəyini, genofondunu düşünməli olan erməni xalqının dərdidir.
Əksər hərbi ekspertlərə görə, Ermənistanın silah arsenalı, hərbi texnika da xeyli dərəcədə köhnədir. Bu günlərdə erməni ekspertlərdən Ara Papyan açıq etiraf elədi ki, müasir silah-sistemlərlə silahlanan Azərbaycan bu göstərici üzrə də Ermənistanı üstələyir.
Gerçəkdən belədir. Təkcə dediyimiz iki fakt (insan resursu və hərbi-texniki üstünlük) kifayətdir ki, Azərbaycan özünün işğal altındakı ərazilərini qısa zamanda işğalçılardan təmizləsin. Bircə Rusiya faktoru əngəl olmaya təbii ki. Bu xüsusda istefada olan general, Qarabağ savaşının ünlü iştirakçılarından olan Yaşar Aydəmirovun “Yeni Müsavat”a verdiyi müsahibədə bir sitat diqqət çəkir.
General deyib: “Əgər siyasi qərar qəbul olunsa ki, buyursunlar, dövlətlər öz talelərini özlərini həll etsinlər, o zaman Azərbaycan öz taleyini yaxın vaxtlarda həll edəcək. Demirəm ki, bizdə atom bombası var, heç lazım da deyil. Ordumuz qısa müddətdə məsələni həll edəcək. Prezident açıq şəkildə dedi ki, iri dövlətlər Azərbaycanı müharibə etməyə qoymur. Qoysunlar, görəcəklər nə baş verir. Bir neçə birləşmə hücuma keçsə, Dağlıq Qarabağda erməni ordusundan əsər-əlamət qalmayacaq… Allah bizə müharibə qismət eləsin”.
Bunu müharibənin ağrı-acısını görmüş, Azərbaycan Ordusunun və işğalçı qüvvələrin gücünü yaxşı bilən general deyir. Şəkk eləməyə dəyməz. Doğru, Allahdan müharibə arzulamaq bir qədər qəddarlıq kimi görünə bilər. Çünki savaş biz tərəfdən də ölüm-itim deməkdir. Gənc insanların, gələcək ailə başçılarının, gələcək ailələrin məhvi deməkdir.
Amma nə edəsən ki, özünü Rusiyanın istehkamına çevirmiş cırtdan Ermənistan ayrı yol qoymayıb, sülh qapılarını möhkəmcə bağlayıb – həm də yenə rusun diktəsi ilə. Bizim davamız isə əlbəttə ki, Ermənistandan daha çox onun arxasındakı Rusiya ilədir – torpaqlarımızın işğal ortağı ilə! İşğal şəriki ola-ola, özünü bizə qərəzsiz vasitəçi, arbitr kimi sırımağa çalışan Rusiya ilə! Üstəgəl, xarici siyasətinin başında erməni birisinin durduğu Rusiya ilə!
Odur ki, işdir generalın arzusu çin olsa, qoy olsun, amma Allah bizə uyğun bir vaxtda müharibə qismət eləsin ki, işğalçının nəfəsini minimum itki ilə və qısa zamanda kəsək İnşallah. Ancaq ona qədər Rusiyadakı anti-Azərbaycan erməni dairələrinin başında duran Lavrovun XİN-dən uzaqlaşdırımasına nail olmalıyıq.
Rusdan bizə ədalətli vasitəçi çıxmazsa, ermənidən heç çıxmaz…