Çoxları düşünürdü ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları şimal qonşumuzu durduracaq. Ancaq bu, baş vermədi. Əksinə, bugünlərdə Rusiya bütün varlığı ilə postsovet məkanını təsir dairəsinə almaq üçün hərəkətə keçib.
Bu mənada Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45″ xilasetmə yedək gəmisinin Bakı limanında peyda olması da yalnız idmanla bağlı məsələ deyil. Düzdür, avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında ”Dəniz Kuboku – 2017″ beynəlxalq yarışları keçiriləcək və orada Azərbaycanla yanaşı, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri də iştirak edəcək. Ancaq
İllərdir ki, Azərbaycan xoş məram nümayiş etdirib Xəzərin statusunun razılaşdırılmasına israr etdiyi halda, bu, mümkün olmur. İndi raket gəmisi ilə bu nə yarışdır? Həm də neçə illərdir ki, Rusiya bizi hərbi gəmilərlə “yoxlayır”. Elə iki il əvvəl, avqustun “nəhs” günündə prezident Putin də Bakıya Xəzər yolu ilə, hərbi gəmidə səfər etmişdi. Təsadüfdürmü?..
Proseslər o qədər məntiqi ardıcıllıqla və sürətlə cərəyan edir ki, bunlara təsadüf demək mümkün deyil. Elə götürək Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Moldovaya təhdidini. Rusiyalı dövlət rəsmisi Kişinyova xəbərdarlığı çox qorxuncdur. Sitat: “Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əskik olsa, cavab çox sərt olacaq”. Bu, artıq işğalla təhdiddir.
Görün durum nə həddə çatıb ki, Rusiya rəsmisi Moldova lideri ilə “ciddi söhbət” edəcəyini, separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşə hazırlaşdığını deyir, Moldovanın qərbyönümlü hökumətini “cinayətkar” adlandırır. Bu, Rusiyanın işğal planının anonsudur. Faktiki “Qızıl Ordu”nun çəkmələrinin ayaq səsləridir…
Kreml “iri addımlarla” işğalı həyata keçirir. Respublikalar səviyyəsində mümkün olmayanda ötən əsrin 20-ci illərində basdırılmış “minalar”ı işə salır, muxtar respublikalarda möhkəmlənməklə müstəqil dövlətlərin paytaxtlarına meydan oxuyur.
Moskvanın çeşidli planları var, təkcə “beşinci kolon”larla kifayətlənməyib. Gürcüstandakı separatçı bölgədən uzanan əl Bakı-Supsa kəmərinə qədər çatıb. Amma Qərb susur. Rusiya Ermənistandakı Gümrü və Erebuni hərbi bazaları ilə kifayətlənməyib bu ölkəyə Gürcüstan üzərindən quru yol açmaq istəyir. Qərb yenə sükut edir. Rusiya Ermənistanla 120 minlik ordu yaradır, yenə sükut!
Belə görünür ki, Qərb taleyi ilə barışıb. Rusiyanı Suriyadan çıxartmağa çalışdı, ancaq əvəzində rus raketləri Xəzərdən Suriyaya “uçuruldu”. O bir test oldu. Gördülər ki, Rusiyanı bu şəkildə dayandıra bilməyəcəklər. Ona görə də sanksiya adlı “mərhələli həll planı”nı işə saldılar. O planın sonunadək postsovet məkanında nələr baş verəcəyi deyəsən, ABŞ və Avropanı az maraqlandırır. Hər halda Rusiya Krımı ilhaq edəndə Qərbi “dişinə vurub”.
Kremldə düşünürlər əvvəl Cənubi Osetiya və Abxaziyaya, sonra Dnestryanıya, ardınca da Krıma rus pasportları payladım, nə dəyişdi ki, bundan sonra nə ola? Vaxtaşırı rusların səsinin Şuşadan gəlməsi də səbəbsiz deyil. Günün birində Azərbaycan torpaqlarını azad etmək istəsə, Rusiya burada da “rus vətəndaşı”nı tapacaq və “onların başındakı tükü” axtaracaq…
Təbii ki, Rusiya vətəndaşı deyərkən 3 ildir Dağlıq Qarabağda Şahbaz Quliyevlə birgə girov saxlanılan Dilqəm Əsgərovdan söhbət getməyəcək. Moldovanı rus vətəndaşlarına görə hədələyən Roqozin və onun hökuməti bircə dəfə Rusiya vətəndaşı olan Dilqəmin adını çəkib onu müdafiə etməyib.
Amma əvəzində Bakıya gələn rusiyalı erməni mənşəli şəxsləri açıq müdafiə edib, Azərbaycana nota verib. Dilqəm Əsgərov illərdir öz torpağında işgəncə altındadır, ancaq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova onunla bağlı sual verən jurnalisti təhqir etməklə yadda qaldı. Ancaq Moskva Qarabağa qanunsuz səfər etdiyi üçün cəzalandırılan Lapşini geri almaq üçün bütün təzyiqlərə əl atır. Öz dədə-baba yurdunu ziyarət etdiyi uçün ömürlük (!) həbs olunan Dilqəm Əsgərovun müsibətlərinə göz yumaraq…
Bu durumda da Rusiyanın Azərbaycana normal münasibətdə olduğunu iddia edənlər var. İnanmaq istərdik. Amma əksini demək üçün başqa arqumentlərə gərək yox. Qoy Roqozin bircə dəfə çıxıb Qarabağ separatçılarına elə beləcə desin: “Rusiya vətəndaşı Dilqəm Əsgərovun başından bir tük əskik olsa…” Desin…