Terror elə bir cinayətdir ki, heç bir yüngülləşdirici halı, bəraəti yoxdur – motivi, səbəbi nə olur-olsun. Terrorçu elə bir canidir ki, yalnız iki cəzası ola bilər – ya edam, ya da ömürlük həbs. Belə adamların 40 ildən sonra olsa da, yenidən cəmiyyət içinə buraxılması mümkün deyil.
Dünyada heç bir terror təşkilatı danışıqlar yolu ilə ram olmayıb, silahı yerə qoymayıb. Hamısını ya sonuncu nəfərinə qədər öldürüblər, ya da təşkilatın nüvəsini dağıdıb pərən-pərən salıblar.
Ən pisi bir terror təşkilatını hansısa dövlətin himayə etməsidir. O zaman o terror təşkilatı daha güclü, daha uzunömürlü və daha əliuzun olur.
Böyük dövlətlərin çoxu zaman-zaman hansısa terror təşkilatlarını dəstəkləyib, onların xidmətindən yararlanıblar.
İstifadə müddəti bitdikdən sonra terror təşkilatlarının və ayrı-ayrı terrorçuların keçi qiymətinə satılması bu sferada adi haldır. Zatən onları “savaş köpəkləri” adlandırır, yeri, zamanı gələn kimi xərcləyirlər.
Terrorizmə qarşı ən qətiyyətli mübarizəni ABŞ aparır. Bir nümunə göstərin ki, ABŞ-da bir terrorçu bir, iki, beş, on adamın həyatına qəsd edə və onu ya hadisə yerindəcə güllələməyələr, yaxud da mühakimə edib, elektrik stulunda oturdub çırpındırmayalar.
ABŞ-ın başqa bir dövlətin mühakimə edərək edam cəzasına layiq gördüyü terrorçuya münasibəti başqa cür, bir az yumşaq ola bilər, amma həmin şəxs o cinayətlərin yüzdə birini ABŞ vətəndaşına qarşı etsəydi, onun yalnız bir aqibəti olardı.
Məsələn, 30 mindən artıq insanın (əsgərin, polisin, qocanın, qadının, uşağın) ölümündə günahlandırılan PKK lideri Abdulla Öcalanı ABŞ Femidasının əlindən heç bir bəşəri və ilahi qüvvə xilas edə bilməzdi.
Avropa son illər terrorçulara qarşı bir qədər yumşalmış kimi görünür. Onların ələ keçənlərini mühakimə edirlər, amma ölüm cəzası vermirlər, bəzən heç ömürlük cəza da kəsmirlər. Nəticə: Avropa terrorçular üçün əlverişli fəaliyyət meydanına çevrilməkdədir.
İsrail dövlətinin 68 illik tarixində cəmi iki nəfərə (biri yanlış) ölüm hökmü çıxarılıb, amma bu dövlət yüzlərlə terrorçunu məhkəməsiz-filansız məhv edib. İsraillilər hesab edir ki, dinc insanlara, hətta polis və əsgərlərə qarşı terror aktı törədən canilər öz hökmlərini özləri veriblər, onları yenidən mühakimə etməyə ehtiyac yoxdur.
Elə ona görə də bir vaxtlar İsrail diplomatlarına, siyasilərinə, dövlət qulluqçularına qarşı törədilən silsilə terror aktlarının qarşısı sırf dövlətin həyata keçirdiyi amansız qisas aksiyaları ilə alındı və yaxud xeyli səngidi.
İranda müqavimət göstərən terrorçunun bir aqibəti var – ölüm. Müqavimət göstərməyən, silahını yerə qoyaraq təslim olan terrorçunun da aqibəti eynidir – edam. Sadəcə, prosedur bir az uzun çəkir. Adamı mühakimə edir, hökmünü verir, sonra modern dar ağacının – qaldırıcı kranın altına aparırlar.
Eyni terror təşkilatının (PKK) Türkiyədə göstərdiyi fəaliyyətə baxaq, İrandakı qolunun (PJAK) mövcudluğuna baxaq. PKK Türkiyədə hər gün, günaşırı terror aktı törədə bilirsə, PJAK ildə bir dəfə belə bir əmələ qol qoya bilir. Onda da bu işdə yaxından-uzaqdan rolu olan bütün silahlılarını itirir.
Məşhur rus jurnalisti Valentin Zorinin kitabında var, sovet dönəmində ərəb terrorçuları Misirdə Asuan bəndinin tikintisində iştirak edən sovet mühəndislərini girov götürübmüşlər. Sovet kəşfiyyatçıları terrorçulara girovları sağ-salamat azad etmək üçün 24 saat vaxt verib, terrorçular tələbə məhəl qoymayıblar. Belə olanda sovet cəza maşını gecəylə hərəkətə keçib və təsbit edilmiş terrorçuların yaxınlarını güllələyib, onları başa salıblar ki, SSRİ ilə zarafat olmaz, o terrora terrorla cavab verəcək qədər sadə çıxış yoluna əl ata bilər.
Uzun sözün kəsəsi, terrorla siyasi mübarizə aparmaq, terrorçuların islah olunacağını gözləmək absurddur. Bəlkə terroru doğuracaq səbəbləri aradan qaldırmaq, lap əvvəldən profilaktik tədbirlər görməklə nəsə əldə etmək olar. Ancaq beyni yuyulmuş fanatlar əllərinə silah götürüb, bellərinə “şəhid kəməri” bağladılarsa, demək, artıq öz hökmlərini veriblər.