(Barış Mançonun əziz xatirəsinə ithaf edirəm)
Hökumətin tamada və sünnət dəlləklərindən vergi tutub dövlət büdcəsini doldurmaq planlarına ironik yanaşmaqla biz bir daha qeyri-vətənpərvər olduğumuzu nümayiş etdirdik. Bir neçə dəfə yazdığım hal yenidən təkrar oldu: göründü ki, biz Azərbaycanı bu iqtidar qədər sevmirik. Onlar bu respublikanın hər qəpiyinin qədrini bilirlər. Bizim uca millət isə özünü yalandan qürurlu, gözütox aparmaqdadır. Elə bu saxta məğrurluğumuzun altını çəkirik. Şair Məmməd Araz demişkən:
“Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni”.
Çox şeirə aludə olmayaq, bu dəqiqə poeziya sahəsində kritik dönəmdir, şairlər ancaq xoruz buraxmaqla məşğuldur, sanki Odlu Qırmızı Xoruz ili – Çin təqviminə görə 2017-ci il respublikamıza tez gəlibdir. Qayıdaq mövzumuza. Söhbət deyəsən qənaətcillikdən gedirdi. Rabitə Nazirliyi darmadağın edilib xeyli adam zindana salınandan sonra mən bu sahədə tutulanların məhkəmə proseslərini bir müddət maraqla izlədim. Ta ki, nazirliyin tabeliyindəki “AzİnTelekom” MMC-nin şefi olmuş Cəlil Cəfərovun həbsi zamanı hüquq-mühafizə orqanlarımızın götürdüyü əşyayi-dəlillərin siyahısını oxuyana qədər. Bundan sonra o proses artıq gözümdən düşdü. Neyləyim, mən də qürurlu xalqın övladıyam, belənçik xırda-mırdaçılıq görəndə iyrənirəm. Məsələ budur ki, orqanlar Cəlil müəllimin ev-eşiyini yağmalayan zaman bəzi qızıl saatlar, bahalı antikvar əşyalar, qızıl külçə-zadla yanaşı… qalstuk sıxan kimi əşyaları da basıb aparmışdır. İstintaq materialından sitat: “Cəfərovun evindən götürülən, üzərində qızılı rəngli imza olan daş parçasının dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxanın dəyəri 200 manat, gümüşü rəngli açar saxlayanın dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxan və köynək qolları düymələrinin dəyəri 750 manat, gövdəsinin arxasında ”İşgüzar əməkdaşlığa görə. Nazir, Akademik Ə.Abbasov” sözləri yazılmış saatın qiyməti 750 manat, “Tissot” markalı saatın qiyməti 250 manat, “Pierre cardin” markalı suvenirin qiyməti 120 manat, ətir və qələmlərin qiyməti 2.750 manat, ümumilikdə isə 22 ədəd əşyanın dəyəri 25.420 manat təşkil edir”. Sitatın sonu.
Yəni adamın evində dişə dəyən nə varsa yığıb aparıblar. Bəlkə qızıl dişi olsa onu da çıxarıb siyahıya salardılar, ancaq Cəlil müəllim yəqin o qədər kasıbçılıq eləməzdi, onun dişləri minimum farfordan olmağa məcburdur. İndi biz 2017-ci il dövlət büdcəsini məhz o üzərində imza olan daş parçasını (kimin imzasıdır, təxmin edirik, hərçənd, istintaq yazmağa qorxubsa, biz niyə yersiz cəsarət göstərək?) 150 manata satmaqla dolduracağıq.
Hərçənd, ətirləri niyə aparıblar anlamadım. Bəs hamam sabunları niyə qalıb? Bəs gümüş saplaqlı mərcan dabanqaşıyan? Bəs qırağı zərxaralı, üstündə ipək saplarla “Nazirdən yadigar” yazılan atlas hamam kisəsi? Bunları müstəntiq nə edibdir? Niyə işin içində yoxdur?
Dünən qəzetdə oxudum, həkim-deputat intervüsündə hökumətdən çox razılıq etmişdi, deyir həkimlərimiz 190 manat maaş alır, boğaza qədər bəsləridir. Təbii, burda imzalı daşın dəyəri ilə həkimin maaşı arasında 40 manat fərq yaranır, bunu da tamadalardan yığacağıq. Heç kim narahat olmasın, bizi 2017-ci ildə parlaq, hətta deyərdim partlaq gələcək gözləyir. Pis mənada deyil, şirinlikdən partlayacağıq.
Əl-ayağınıza dolaşan, analoqu olmayan inkişafa maneçilik törədən burnufırtıqlı uşaqlar varsa onları da küçəyə, zibilliyə atmaq məsləhətdir. Son 1 həftədə təkcə Bakıda 2 belə körpəni atıblar. Bundan qorxmaq lazım deyil, axı indi AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu yüzilliklərin qaranlığı tarixin zibil yeşiyinə atılmışdır, indi bizdə zibilxana və küçələr o qədər abadlıq, o qədər çıraqban, o dərəcədə rahatdır ki, istənilən uşağı at, get, heç zad olmur. Millət gecə-gündüz küçələrdə gəzir, halbuki qabaqlar küçəyə çıxa bilmirdik, İsgəndər Həmidov nindza paltarı geyinib küçələri gəzirdi, körpə demirdi, valideyn demirdi – hamının boğazını qılıncla üzürdü. Yazıq Tahir Kərimli buna dözmürdü, o qədər qışqırdı ki, axırda deputata çevrildi.
İndi söz əlaqədar təşkilatlarındır – görün daha kimdə babat qalstuk sancağı var.