Əsas odur qəza yerinə 6 gəmi göndərildi. Hələ vertolyotlar-zad da olmalıdır. Hər batan neftçiyə təxminən 1 gəmi və o qədər də xilasedici düşəcəkdir. İnsana başqa nə lazımdır? Dövlətin qayğısını, diqqətini üzərimizdə daim hiss edirik. Keçən il batan neftçilər hardasa 40 nəfər idilər. İndi cəmi 10 nəfər batıb. Bu da bir inkişafdır. İldən-ilə az batırıq. Gələn il ümid edək iki-üç nəfər batar.
Batanların ailəsinə veriləcək kompensasiyanın miqdarı da çox vacibdir. O cümlədən gərək rayon icra hakimi şalvarının yağa, pencəyinin dovğaya bulaşmasından çəkinməsin, mərhum neftçilərin bütün cümə axşamlarında kollektiv şəkildə iştirakçı olsun.
Sizə bir sirr açım, vallah, mən heç kimdə günah görmürəm, axtarmıram. Neyləmək olar, təbiət hadisəsidir, o bayquşa oxşayan telekanalizasiya zəhmətkeşi demişkən, “bir küləkdir, əsdi, keçdi”. Rəhmətliyin qızı bəd ağzını necə açıbsa, o vaxtdan bəri hər külək əsəndə Azərbaycandan xeyli adamı süpürləyib aparır dənizə. Yadınıza gəlirsə, o, həmin sözləri yanan binada ölən 16 nəfər üçün demişdi və həmin gün heç külək əsməmişdi. Bəs niyə küləkdən misal çəkmişdi? Yəqin bu da bir fatalist möhürdür, yapışdırıb uca millətin alnına. Ölü dirildən, ştatdankənar Şeyx Nəsrullah işləyən mistik-zurnalistlərimiz üçün yaxşı temadır, haram xoşunuz olsun, götürün, cızmaqara edin. Hələ bu faciəni İsrail baş nazirinin Azərbaycana səfəri, Hələbdə atəşkəs, Trampın İlon Maskla görüşü və Avstraliyada kenqurunu yumruqlayan adamla da əlaqələndirmək olar. Bəs nədir!? Hər şeylə əlaqəsi var, bircə bizim hökumətdən başqa. “Hamı günahkardır dünyada amma, Dünyada heç kəsin günahı yoxdur” – təzəcə 70 yaşı olmuş, Anardan diplom almış xalq şairimiz demişkən.
Prinsipcə, şair doğrudan çox uzaqgörənlik edibdir. Guya o estakadanın bir küləklik canı olduğunu neftçilər bilmirdilər? Bilirdilər. Ancaq canlarını dişlərinə tutub işləyirdilər. Bizdə hamı bir-birini yola verir, müəyyən rüşvətlə-zadla hətta uzun müddət yaşamaq da olur. Təki külək əsməsin. Çovğun olmasın. Zəhləmgetmiş politoloq qırıqları necə deyirlər? Ay sağ ol: fors-major hal yaranmasın. Bu bir fransız sözüdür, açması “ali qüvvə” deməkdir. Yəni, nə səndən, nə məndən asılı olmayan bir zad çıxır ortaya və evimizi yıxır, heç mıqq eləyə bilmirik.
Guya Hacıbala müəllim, Xaləddin müəllim Binəqədini su basmasını xoşlayırlar? İnandırıcı deyil. Axı onların heç yaxtası da yoxdur. Sadəcə, yağış çox yağır, göl yaranır.
Hökumət bu 10 neftçinin də suya düşməsini istəməzdi, çünki biz dövlət büdcəsini vergilər, işıq pulu, qaz pulu ilə doldurmağa hələ təzə-təzə başlayırıq. İndi bunlar suda batdılar, bəs diferensial qaz pulunu kim verəcək? Hələlik ölüdən qaz pulu almağın yollarını fikirləşməmişik.
Vətəndaşlar dövlətçilik naminə yaşamalıdır. Təzə qanunlar çıxır, tamadalardan, ayaqqabı təmir edənlərdən, təkər qaraldanlardan, şalvar yamayanlardan, zibilqabından çörək qırıntısı yığanlardan, evsizlərdən, yiyəsizlərdən, yetimlərdən vergi tutulacaqdır. Bunun çox xeyri var. Büdcə neftlə doldurulanda zəhmətkeşin vecinə deyildi orda hansı oğurluq olur. İndi öz pulunu verəcək, büdcənin sərfi ilə də maraqlanacaq. Dövlətçilik, qarşılıqlı məsuliyyət, siyasi cavabdehlik belənçik yaranır, bəs necə! Yoxsa, sən gəl, dur idarənin qabağında, denən dədəm ölüb, mənə ünvanlı yardım verin – bunlar keçmişdə qaldı. Dövlət hər yetimin qayğısına qalsa, özü də yetim gününə düşər, sabah heç GUAM dövlətləri arasında çempionat keçirməyə pul tapmaz. Təkcə atası ölən yetimlərdən tutulan yetimçilik vergisi ilə hər iki valideyni ölən yetimlərdən tutulan vergi arasında fərq olacaqdır. İkiqat yetim daha çox vergi verməyə bocludur. Bəlkə elə onları özün öldürmüsən?
6 gəmi gedib ey, təsəvvür elə! Hər batana, yalan olmasın, bir gəmi düşür. Bunlar hamısı xərcdir, borcdur. Molla Nəsrəddin demişkən, külək belə əssə heç nə. Ancaq bunlar bizə 15 dekabrı xilasedici gəmilər günü kimi qeyd etməyə mane olmamalıdır.