Hökumət deputatxanaya təzə qanun göndərib, istəyirlər internetdə, sosial şəbəkədə yalan, böhtan yazanları cərimə eləsinlər, tutsunlar. Mən açığı, başa düşmədim: ölkəmizdə nəşə qurtarıb ki? Nə ehtiyac var belə qanun dəyişməyə? Hələ su butulkasını heç demirəm, misal üçün, jurnalist Seymur Həzini guya su butulkası ilə bir vələdüznanı döydüyü üçün tutublar. Demək, su butulkası da azalıb.
Belə getsə hər şey qanuni olacaq. Jurnalistləri yazdığı sözə, müxalifətçiləri də müxalifətçiliyə görə tutacaqlar. Bizə bu lazımdırmı? Məncə yox. Dövlətçilik nəsə mifik, əfsanəvi, virtual olanda maraqlıdır, möhkəmdir. Yoxsa adamı tut sal türməyə, hamı da bilsin ki, bu facebookda ağzına gələni yazdığı üçün cəzalanıbdır – belə ərazidə qanuna heç kim hörmət eləməz.
Dünən məhkəmə və prokurorluq keçmiş MTN generalı Akif Çovdarovun qamarladığı əmlakın şort-listini (qısa siyahı deməkdir ingiliscə – özümü savadlı göstərirəm) açıqlayıb. Mən ordakı minlərlə hektar torpaq bir yana qalsın, təkcə mənzil sahələrinin kvadratını hesablamaq istədim, kalkulyatorumun təpəsindən tüstü çıxdı. 8 min 700 kvadratmetrdə dayandım, hələ bir neçə çoxqatlı bina da var idi. 27 kvadratmetrlik mənzildə 4 ailə üzvü ilə yaşayan jurnalist üçün 8700 kvadratmetr mənzili təsəvvür eləmək çətindir. Yəqin dəyməsələr Akif müəllim 86,6 min kvadratkilometrin hamısını ələ keçirərdi, bəlkə elə yapistlər bundan qorxub ona “dur” deyiblər, tutub zindana salıblar.
Əslində ilk hal deyil, Fərhad Əliyevi də tutanda istintaq onun evindən Bakıda 60 mənzilin kupçasının çıxdığını açıqlamışdı. Dünyada 1 adama düşən mənzil standartı bütün sanitar-gigiyenik, sağlıq normalarını nəzərə almaqla 18 kvadratmetrdən yuxarıdır. Sivil ölkələrdə isə 30-40 kvadratmetrdir. Ancaq Azərbaycanda yarıtmaz iqtisadiyyat üzündən 18 kvadrata da həsrətik – müstəqil ekspertlərin hesablamalarına görə ölkədə adambaşına 11,5 kvadratmetr, bəzi pessimist rəqəmlərə görə hətta 7 kvadratmetr mənzil düşür. Hakimiyyət özü guya 17 kvadrat düşdüyünü deyir. Bir general isə 10 min kvadratmetrdən çox ələ keçiribmiş…
Yeri gəlmişkən, siyahıda mənim diqqətimi çəkdi ki, Çovdarov Kürdəmirdə də xeyli torpaq və əmlak ələ keçiribmiş. Halbuki, orta statistik azərbaycanlılardan soruşsan Kürdəmir ərazisinə lağ edəcəklər, guya oranı çox isti, heç faydası olmayan torpaqlar kimi qələmə verəcəklər. Həmişə yazmışam, demişəm, təkrar edirəm: bu ölkəni, onun torpağını, sərvətlərini sevməyi yapistlərdən öyrənin, ay camaat. Görürsünüz, sizin lağ elədiyiniz yerin altında qızıl yatdığını bunlar gözəl biliblər. Qəpik-qəpik, qarış-qarış, damla-damla toplayıb, sümürüb, qanını içiblər Azərbaycanın. Biz isə özümüzü guya gözütox, guya təvazökar, guya xırdaçılıq eləməyən kimi göstərib düzdə qalmışıq. Vətənin hər qarışı sevilməlidir – qoy bu da əmlak generalı Çovdarovdan bizlərə bir dərs olsun. Zeytunluq da sevilməlidir, şoranlıq da. Yovşanlıq da eşq doludur, palıd meşələri də. Sadəcə, bu ətri duymaq lazımdır. Hamımız vətəni belə ürək yanğısı, belə acgözlüklə sevsəydik, çovdarovlar onu elə rahatlıqla basmarlaya bilməzdilər. Sevsəydik, əlimizdən belə rahat tutub almazdılar.
Dünən Astara gömrüyündə 4 gömrükçünün də tutulduğunu oxudum. Bu da əsrarın dağılması silsiləsindən bir xəbərdir, məncə hökumət düz eləmir. Gömrükçünü tutmaq, oturduğun budağa balta çalmağın bir üsuludur. Başa düşürəm, iqtisadi böhran adlı əjdaha ağzını açıb hər gün qurban tələb edir, ancaq ta gömrükdəki uşaqları nöşün incidirsiniz? Bıçaq sümüyə, böhran sərhədə qədər dirənib?