Filippin prezidenti Rodriqo Duterte Venesuelanın sabiq və mərhum lideri Uqo Çavesi xatırladır.
Çaves də xalqın iradəsi ilə hakimiyyətə gəlmişdi və xarizmatik lider idi, Düterte də elədir.
Çaves də ABŞ-a meydan oxuyurdu, Düterte də oxumağa başlayıb.
Hakimiyyətə gəlməsinin 100-cü günündə cənab Düterte ABŞ-ın onu tənqid etməsinə sərt reaksiya verib.
ABŞ və Düterte arasındakı qarşılıqlı tənqidin səbəbi Filippin liderinin narkotik ticarətçilərinə və istifadəçilərinə qarşı tətbiq etdiyi sərt tədbirləridir.
Düterte eynilə Çaves və Liviya lideri Qəzzafi kimi diplomatik boşboğazlığa varmadan, sözünü pərdələmədən birbaşa belə deyib: “Bizimlə ayaqaltı kimi rəftar edə bilməzsiniz… Məni Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsi ilə devirmək istəyirsiniz? Cəsarətiniz varsa edin”.
Maraqlıdır, vaxtilə (26 il qabaq) Panama lideri Manuel Noryeqa da sırf Düterte kimi narkotik maddə üstündə ABŞ-a buynuz göstərmişdi. Sadəcə, o vaxt rollar dəyişik idi. ABŞ tələb edirdi ki, Noryeqa narkotik maddələrin Panama vasitəsilə ABŞ-a tranzit edilməsinin qarşısı alsın, narkotik ticarəti ilə mübarizəni gücləndirsin, ancaq narkotaik maddələrin satışından gələn milyardlar “inqilabçı”polkovnikin gözünü elə tutmuşdu ki, kiminlə rəqs etdiyini unutmuşdu.
Nəticədə ABŞ Panamaya müdaxilə etdi, 2-3 gündən sonra ölkənin rəhbərini – M.Noryeqanı adi bir narkodiler kimi həbs edib hakim qarşısına çıxardı və 40 il həbs cəzası kəsdi.
Hazırda isə ABŞ Düterteni məhz narkotik maddə ticarətinə qarşı sərt tədbirlər apardığına görə tənqid edir. Nə işdirsə…
Belə görünür ki, cənab Düterte prezident kürsüsündə 100 günlük təcrübəsi ilə bilir ki, ABŞ-la söz güləşdirməyin nə kimi perspektivləri var. Ancaq indilikdə Filippin xalqının onun arxasında durmasına arxayın olduğu üçün ötkəm danışır.
Bununla yanaşı, vaxtilə özünü, hakimiyyətini, dövlətini güclü saydığı üçün ABŞ-la çilingağac oynayan bir neçə odioz liderin aqibətinə baxmaq maraqlı olar.
Manuel Noryeqadan bəhs etdik. İraqın prezidenti Səddam Hüseyn də vardı. O, 1990-cı illərdə ABŞ-ın “namus”una – neft maraqlarına sataşmış, Küveytə hücum etmiş, onun marionetka müttəfiqini – Küveyt diktatorunu qovmuş, ABŞ-a meydan oxumuşdu. O zaman ABŞ 4-5 aylıq hazırlıqdan sonra “Səhrada tufan” adlı əməliyyatla Küveyt çöllərində tufan qopardı, Səddamı çıxdığı yerə – İraq sərhədlərinə qədər qovdu və məğlub etdi. Ancaq düşmənçilik bitmədi. İraq diktatoru ABŞ-a hərbə-zorba gəlməkdə davam edirdi. ABŞ əvvəlcə onu qonşu dövlətlərlə düşmən halına gətirdi, sonra informasiya müharibəsində uddu, bəşər düşməni kimi təqdim etdi, daha onra devirdi, axırda kanalizasiya quyusundan tapdırdı və asdırdı.
Bu yaxınlarda Səddamın edamı ilə bağlı açıqlanan memuarda deyilirdi ki, ABŞ prezidenti Corc Buş İraq baş naziri Nuri əl-Malikidən Səddamın taleyinin necə olacağını soruşanda o, qısaca “asacağıq” deyib və Buş çox məmnun qalıb.
Liviya lideri Müəmmər Qəzzafi də ABŞ-la qanlı-bıçaq idi və heç vaxt dilini dinc qoymurdu. Qəzzafi hətta ABŞ torpağında, Nyu-Yorkda da bu cür davranırdı. Bir dəfə BMT Təhlüksizlik Şurası Baş Assambleyasının növbəti sessiyasında Buşdan sonra çıxış edən Qəzzafi ABŞ prezidentini nəzərdə tutaraq tribunadan demişdi ki, buradan şeytan iyi gəlir.
Bu qovğanın sonu da pis qurtardı. ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin himayədarlığı və fitvasıyla Qəzzafini devirən qüvvələr Liviya liderini rüsvayçılıqla öldürdülər.
Uqo Çavesin ABŞ-la mübarizəsi çox parlaq idi, ABŞ-la düşmən olan ölkələrin hamısının liderləri ilə dost idi. Amma o da həyatdan vaxtsız getdi və Venesuelada belə şübhələr var ki, Çaves öz əcəli ilə ölməyib.
Serbiya diktatoru Slobodan Miloşeviç ABŞ-a dirsək göstərənlərdən idi, devrildi, məhkəməyə çəkildi. Suriya prezidenti Bəşər Əsəd ölkəsinin və özünün başına gələnlərin başlıca səbəbkarı kimi ABŞ-ı görür.
Elə çıxa bilər ki, ABŞ dünyadakı despotların hamısının qənimidir. Elə olsaydı, dünya tamam başqa cür olardı. Dünyanın ən böyük despotu Səudiyyə kralı və Misir diktatoru Sisidır, amma ABŞ-la dostdurlar deyə, onların ölkəsində “insan haqlarına riayət” və “demokratiyanın bərqərarı” vacib deyil.
“MKİ tərəfindən devrilmək” ittihamı bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra yenidən güclənib. Dütertenin bunu nəzərdə tutub-tutmadığını isə bilmək olmaz.