Əgər dünyanın çarxı tərsinə dönməsəydi və ermənilər işğal edib yandırmasaydı, bizim, iki parametr üzrə yəhudi kibutsasına oxşayan kəndimiz Qaxın İlisu və Cəbrayılın Soltanlı kəndinə çatacaq və onları ötəcəkdi.
Söhbət təkcə kəndimizin yerləşdiyi əlverişli relyefdən, hələ 60-cı illərdə əl əməyi ilə abadlaşdırılmış (geniş park, zəngin kitabxana, iki məktəb, böyük meyvə bağları içində tikilmiş xəstəxana, buxarxanalı hamam, uşaq bağçası və s.) olmasından getmir, həm də təhsilli adamların çoxluğundan, təhsilə, elmə marağın yüksəkliyindən gedir.
Kəndimizdə elə bir ailə olmazdı ki, orda bir neçə ali təhsilli adam olmasın. Hətta elə ailələr vardı ki, 6 övladdan 6-sı, bəzən 5-i, yaxud 4-ü ali təhsilli idi. Belə ailələr çox idi və bu yazının oxucuları onlardan bir neçəsini şəxsən tanıyır. Məsələn, vəkil Osman Kazımovun qardaşları və bacılarının hamısı ya Tibb Universitetini bitirmişdilər, ya da BDU və o biri universitetləri. Köşə yazarımız Zamin Hacının qardaş-bacılarının hamısı ali təhsillidir, yalnız ən kiçik qardaşının abituriyentliyi pis dövrə düşdüyü üçün ali məktəbə girmədi. Keçmiş əməkdaşımız Rahib Kazımlının 8 nəfərdən ibarət ailəsinin 6 ali və 2 orta ixtisas təhsilli üzvü vardı.
Bu xüsusda rekord isə bu günlərdə deputat Fazil Mustafa tərəfindən “savadsız” adlandırılan tarixçi-alim, elmlər doktoru Tofiq Nəcəflinin ailəsinə məxsusdur – 10 övladdan 10-u da təhsillidir (7-si ali, 3-ü orta ixtisaslı).
Bu yazıda Tofiq müəllimdən bəhs edəcəm. Onu 45 ildən artıqdır ki, tanıyıram.
Tofiq müəllimin atasıyla mənim atam 40 il Qarabağda çəpər qonşusu olublar, özü ilə də özüm Bakıda, Şərifzadə küçəsində.
O, məndən 3 sinif yuxarıda oxuyurdu. Sizə 40 il öncədən danışıram. Onların sinfindəki şagirdlərin çoxu yaxşı oxuyurdu. Tofiqin, Bərzuyənin, Afətin, Cavanşirin, Hikmətin və başqalarının tənəffüslərdə məktəbin həyətində o baş-bu başa gedə-gedə kitab oxuduqları (belə vərdiş eləmişdilər) bu gün də gözümün qabağındadır. Onların əlindən kitab düşməzdi. Sonradan çoxu ali məktəblərə daxil oldu – bəziləri birinci il müsabiqədən keçə bilməsə də, məqsədlərinə sonrakı illərdə çatdılar.
Bu yaxınlarda atam danışırdı ki, bir dəfə Tofiqin atası Hümbət kişi öz dostları ilə söhbət edərkən onlardan biri kiçik oğluna aldığı ikinci avtomobildən danışıb və deyib ki, ay Hümbət, bunun birini də sən al. Hümbət kişi dostu Səmiran kişiyə belə cavab verib: “Sənin iki maşının var, sağlığına qismət, amma mən bu saat dörd tələbə oxuduram”.
O tələbələrdən biri də Tofiq idi. O, universitetdə də əla qiymətlərlə oxuyurdu, fəal idi. 30 il öncə (1986-cı ilin iyun ayının axırlarında) çayxanada oturub söhbət elədiyimiz vaxt Zori Balayanın “Ocaq” adlı təxribatçı kitab yazdığını, Azərbaycana qarşı irəli sürülən ərazi iddiasını, bunun gələcəkdə Qarabağ münaqişəsinə səbəb olacağını məhz Tofiq müəllimdən eşitmişəm. O zaman Qarabağ konfliktinin başlanmasına hələ 1,5-2 il qalırdı. Amma Tofiq və onun tələbə yoldaşları ölkəmizi nə gözlədiyini bilir, bu barədə ictimai yerlərdə danışırdılar.
O, gəncliyini elmə xərclədi, aspirant oldu, namizədlik dissertasiyası müdafiə etdi, bu səbəbdən gec ailə qurdu, amma istədiyinə çatdı, tarixçi alim oldu. Bu günlərdə Tofiq müəllim doktorluq dissertasiyası da müdafiə edib, orta əsrlər araşdırmaçısıdır və bu sahədə ölkəmizin ən savadlı, bilikli üç alimindən biridir.
Bu gün gündəmdə olan Şah İsmayıl – Sultan Səlim polemikası barədə fikirlərini Tofiq müəllim mənə 20 il öncə, aspirantlar yataqxanasında qaldığı zaman danışıb. O, hələ o zaman deyirdi ki, Osmanlı məxəzlərini oxuyanda Şah İsmayıla qarşı o qədər kin-küdurət, həqarət görürsən ki, mat qalırsan.
Bir neçə gün öncə Tofiq müəllim redaksiyamıza gündəmdə olan mövzuya dair böyük həcmli bir yazı göndərmişdi. Akademik təhkiyə ilə yazılan yazıda bir qrammatik səhv yox idi. Amma ertəsi gün deputat Fazil Mustafa onu, ölkənin ən bilikli orta əsrlər tarixi araşdırmaçısını “savadsız alim” adlandırdı.
Bunu haqsızlıq hesab etdiyim üçün Tofiq müəllim haqqında ətraflı yazdım ki, Fazil bəy də, oxucularımız da bilsinlər ki, Tofiq Nəcəfli çox savadlı bir alimdir.
Ümumiyyətlə, gərək elmi polemikalarda heç kəs öz rəqibini savadsızlıqda ittiham etməsin, aşağılamasın, təhqir etməsin. Ziyalılarımız başqalarına nümunə olmalıdırlar