Son 25 ildə bir xeyli dost-tanışın yolu məhkəmələrdən keçib. Onların sırasında cinayət məsuliyyətinə cəlb edilənlər də olub, inzibati qaydada mühakimə olunanlar da.
Siyasi motivlərlə mühakimə olunanlardan xəbəriniz var, bütün hallarda onlara cəza kəsilib. Eyni sözü inzibati qaydada mühakimə olunanlara da aid etmək olar, ancaq onların sırasında az-az cərimələnməyələr, cəza almayanlar da olub.
Bu iş də ona görə baş verib ki, məhkəmə iddiası hansısa orta ranqlı məmurun kaprizindən doğub, yuxarıların sifarişi olmayıb, hakim də baxıb ki, həm iddia absurddur, həm də “hökumət sifarişi” yoxdur, ona görə ədalətli qərar qəbul edib. Belə hadisələr qəzetimizin başına çox gəlib.
Ya sifariş olsaydı… Onda indiyədək 347 (şərti rəqəmdir) məhkəmədə uduzduğumuz kimi, bunda da uduzacaqdıq.
Yəni hər şey sifarişə bağlıdır. Azərbaycan hakimlərinin “yuxarıdan verilən göstərişlər”ə, “hökumət sifarişləri”nə qarşı heç bir immuniteti yoxdur. Sifariş verildisə, bitdi, haqq-ədalət bir kənara atılacaq, cəza sifariş əsasında kəsiləcək.
Bu uzun illərdə “hökumət sifarişləri”nə dirənən bir hakim belə görmədik. Bəlkə də nə vaxtsa, hansı işdəsə belə bir hadisə baş verib, amma adamı elə cəzalandırıblar ki, nə medianın xəbəri olub, nə də ictimaiyyətin.
Ortada isə həmişə sifarişli hökmlər çıxaran hakimlərin adı hallanıb. Bir ara onlar əməlli-başlı ixtisaslaşmışdılar. Bir qrup hakim idi, bütün siyasi motivli işlərə özləri çıxırdılar və həmişə də bir kimsənin “gözünün yaşına baxmadan” saraydan verilən hökmü oxuyurdular.
Bunlar o hakimlər idi ki, Avropa İnsan Haqları Məhkəməsi də onların əlindən bezar idi, bu hakimlərin çıxardığı çox sayda qanunsuz və ədalətsiz hökmlərə yenidən baxmış, qanunsuz olduğunu təsbit etmiş, üstəlik, bu hökmlərə görə Azərbaycan dövlətini cərimələmişdi.
Fəqət dövləti cərimələtdirən bu hakimlərə güldən ağır söz deyilmirdi, onlar yenə də sifarişli hökmlər çıxarmağa davam edirdilər və edirlər. Çünki bu şəxslər o hökmləri öz iradələrinə, keflərinə uyğun olaraq çıxarmırlar ki, sonra da cavabdeh olsunlar. Onlar icraçıdırlar və yaxşı icraçı olduqlarına görə hətta peşə bayramı olan günlərdə mükafatlandırılan hakimlərin önündə gəlirlər.
Budur, o cür hakimlərdən biri olan Ənvər Seyidovun, Bakı Ağır Cinayətlər Məhkəməsinin məşhur hakiminin dağılmış MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub ortaya çıxıb.
Həmin məktubda Seyidov MTN tərəfindən həbs olunan bir qrup məhkuma qapalı məhkəmədə 10-14 il həbs cəzası verəndən sonra ürəyi soyumur, götürüb nazirə məktub yazır ki, MTN-nin antiterror mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırsın.
Bu yazışma 10 il öncə olub. Sabiq nazir Eldar Mahmudov yəqin ki, həmin məktubu əldə rəhbər tutaraq öz “vicdanlı əməkdaşlar”ını mükafatlandırıb, amma bu gün onlar hamılıqca içəridədirlər. Çünki məlum olub ki, bu “ləyaqətli təhlükəsizlik işçiləri” dövlətə və xalqa qarşı silsiləvi bəd əməllər törədiblər.
Jurnalistlər belə bir məktub yazdığına görə Ənvər Seyidova sual veriblər, ancaq o, əvvəlcə bu cür məktub yazmasını danıb, sonra, fakt qarşısında qalandan sonra deyib ki, Eldar Mahmudovun goreşən olduğunu bilməyib.
Ən maraqlısı odur ki, Ənvər Seyidov vaxtilə təriflədiyi mükafatlandırılmasını xahiş etdiyi MTN-çilərin cinayət işinə baxmağı ona həvalə edəcəkləri təqdirdə bu işə məmnuniyyətlə baxacağını bildirib: “Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər”.
Heç kəsin şübhəsi olmasın ki, Ənvər Seyidov bu işə də yüksək səviyyədə baxacaq.
Sadəcə, bir məsələ var, sifariş məsələsi. Əgər yuxarıdan sifariş olsa, Seyidov mühakimə olunanlara qanununun bütün sərtliyi ilə cəza kəsəcək. Yox, sifariş olmasa, müttəhimləri cəzalandırmağı onun öz vicdanına buraxsalar (hərçənd bu, mümkün deyil), o zaman bütün ölkə Seyidovun nə qədər humanist bir hakim olduğunu sübut edəcək. Ona qalsa, o, hətta həmin şəxsləri məhkəmə zalından azadlığa da buraxa bilər. Yetər ki, bu iş onun öz iradəsinə buraxılsın, sifariş olmasın.
Yazar : Xalid KAZIMLI