NASA hərdən hansısa planetdə su əlamətləri tapdığını açıqlayanda elə bil mənə od vururlar. Çox amansız təşkilatdır. Amerikanın oyunlarıdır, nə deyəsən? İstəmirlər bizi. Uğurlarımızı gözləri götürmür.
Bax, elə dünən də xəbər lentində gördüm, Yerdən neçə işıq ilisə uzaqdakı planetdə su tapıblar. Qardaş, sən onu orda axtarana qədər biz Binəqədi sakinlərinə su tapa bilməzsənmi? 3 gündən çoxdur suyumuz gəlmir, “Azərsu”nun 955 nömrəli müştəri xidmətinə zəng vuranda isə adamla məzələnirlər. Öncə azı yarım saatın “Azərbaycan dili üçün 1-ə, rus dili üçün 2-ə basın” cümləsinə gedir. Bu xarabada dövlət dili Azərbaycan dilidirsə, dövlətin su idarəsi nə üçün rus dilinə basmağı istəyir, məlum deyil. Əgər bütün dillərə hörmət üçündürsə, o zaman suaxili dili də olsun. İçində su da var, üstəlik. “1-i basmaqla” da iş düzəlmir, robot dayanmadan təkrar edir: “Seçim etməmisiniz, seçim edin”. Rəhmətliyin uşağı, bunu bilirik, seçkilərin bizsiz keçirildiyini, MSK-da saxta rəqəmlər çıxarıldığından xəbərimiz vardır, daha bunu niyə başımıza vurursunuz? Seçim etməmişiksə, bizə su düşmür?
Bu seçki dövrünü birtəhər keçəndən sonra nəhayət, müştəri xidmətində nəsə cırıldayır, xırıldayır və bir səs gəlir: “Bakının filan-filan-filan rayonlarında qəza olub, sutkada 24 saat su verilən ərazilərdə gündəlik su təchizatında müəyyən problemlər olacaqdır, üzr istəyirik-filan-beşməkan”. Səs yazısıdır, bu da dayanmadan təkrar edir. Misal üçün, mən bir neçə sulu söyüş səsləndirdim, müştəri xidməti heç bir reaksiya vermədən üzr istəməyə davam edirdi.
Aşkar məzələnməkdir. Bizdə onsuz sutkada 1 saat su gəlirdi. 24 saat su alanların probleminin bizə nə dəxli? 24 saat su alanlar kimdir ümumiyyətlə? O xoşbəxt insanlarla tanış olmaq istərdim. Başqa planetin sakinləridir onlar.
Yaxşısı budur baxaq görək başqa ölkələrdə nələr olur. İqtisadçı ekspert Rövşən Ağayevin Gürcüstan haqda yazdıqlarını oxuyanda adamı ağlamaq tutur: “Gürcüstanın son 5 illik iqtisadi göstəricilərində yetərincə dinamik inkişaf var. Məsələn, ixracın həcmi 50%-dən çox artıb, ÜDM-nin adambaşına həcmi 2.5 min dollardan 3.2 min dollara yüksəlib. Müqayisə üçün, Azərbaycanda 2010-2015-ci illərdə qeyri-neft ixracı 2.1 milyard dollardan 1.6 milyard dollara, ÜDM-nin adambaşına həcmi 5.5 min dollardan 3.5 min dollaradək azalıb. Son 6 ildə lari cəmi 25% dəyər itirib. Gürcüstan hökumətinin 2015-ci il üçün büdcə hesabatında yazılır ki, 2012-ci ildə ölkədə tibbi sığortası olan 1.6 milyon əhali vardı, hazırda bütün ölkə əhalisi – təxminən 4.4 milyon nəfər sığorta sistemi ilə əhatə olunurlar.
Ölkədə azad seçki sistemi əsasında formalaşan yerli və regional hakimiyyətlər, çoxpartiyalı parlament var. Bir sözlə bizdən çox sürətlə uzaqlaşırlar – amma təkcə ona görə yox ki, onlar çox sürətlə hərəkət edirlər. Həm də o səbəbdən ki, biz çox sürətlə geri gedirik. Nəticə etibarı ilə aradakı fərq sürətlə böyüyəcək”. Sitatın sonu.
Mən Gürcüstan məsələsinə niyə xüsusi diqqət ayırıram? Yeri gəlmişkən, yuxarıda bu inkişafa ağladığımı yazdım, düşünürəm düz eləmədim. Bəlkə sevinc göz yaşlarıdır yazaq, çünki Gürcüstanın tərəqqisi bizim üçün də xoşdur. Qonşuda bir normal Avropa dövləti olsun barı. Üstəlik, nə qədər azərbaycanlı yaşayır orda. İndi diqqət məsələsini yazım. Söhbət ondadır ki, Azərbaycanda niyə filan demokratik işlər görülmür, niyə islahat olmur sualı veriləndə yapistlərin guya mütərəqqi hissəsi (dəyənək yox, müvəqqəti də olsa mikrofonla danışanlar, çünki arqument bitəndə onlar da hamısı dəyənəyə, zorakılığa əl atırlar) belə cılız arqument irəli sürürlər: “Bizim Qarabağ dərdimiz var, müharibə şəraitində yaşayırıq, elə şeylər var, elə islahatlar var onları həyata keçirmək üçün gərək biz ərazi bütövlüyümüzü bərpa edək, 1 milyon qaçqın ev-eşiyinə qayıtsın” və sairə.
Bax, sizin üzərindən repressiya yapdığınız bu durumdan Gürcüstanda da var. Hətta onların “Qarabağ dərdi” düz 2 dənədir: Abxaziya və Cənubi Osetiya problemləri. Rusiya bu əraziləri müstəqil dövlət kimi tanıyaraq Gürcüstanın dövlət müstəqilliyini tapdalayıb, ərazi bütövlüyünü pozub. Qaçqın sayı da əhali nisbətində götürsək, Gürcüstanda daha çoxdur: 500 min nəfər. (Bizim “1 milyon qaçqın” əfsanəsi yapistlərin uydurmasıdır. Bütün məcburi köçkün və qaçqınlarımız bir yerdə 750 min nəfərdən çox eləmirdi).
İndi özünüz düşünün, Gürcüstan bu cür “Qarabağ dərdləri” ilə necə islahat aparıb? Saakaşvili hakimiyyətə gələnə qədər hansı kökdə idi?
Bəlkə daha dərinə getsək, Gürcüstanda reformatoru hakimiyyətə gətirən adam SSRİ-nin perestroyka lideri olmuşdu.