İndiyədək bu mövzuda çox yazmışıq. İndi yenidən bu söhbəti təzələməyimizin əsas səbəbi odur ki, yol-hərəkəti qaydalarını kobudcasına, hətta cinayətkarcasına pozan bir şəxsin üzündən sözü gedən problem öz eybəcərliyi ilə düz qarşımızdadır: əməkdaşlarımızdan birinin qardaşı böyük maddi ziyana düşüb, ölümdən dönüb.
İnternet resurslarında həmin qəzanın son nəticəsini əks etdirən fotolar var, görənlər mat qalır və hər kəs deyir ki, bu maşındakı sürücü ölümün bir neçə santimetrliyində olub. Yol kənarına çəkilmiş dəmir məhəccərlərin tiyələri onu kəsib-doğraya bilərmiş. Məsələ ondadır ki, qəza zərbəsi zamanı bu dəmirlər gilyotin tiyəsinə dönür.
Ancaq bu yazının mövzusu həmin ölümsaçan dəmirlərin insan həyatı üçün nə dərəcədə təhlükəli olması deyil. Bəzən deyənlər olur ki, yaxşı sürücünün, avtomobilini ehtiyatla, qaydalar çərçivəsində sürən şəxsin o dəmirlərlə işi, təması ola bilməz. Elə deyil. Avtoxuliqanlar amili var axı.
Onlar öz yolu ilə sakit, ehtiyatla gedən təcrübəli sürücünü bir göz qırpımında vurub o dəmir məhəccərə çırpa, həyatlarına təhlükə yarada bilərlər. Necə ki hər gün haralardasa bunu edirlər.
Elə bizim əməkdaşımızın ailə üzvünün başına da həmin hadisə gəlib. O, öz yoluyla normal sürətlə irəliləyərkən “Mersedes S class” markalı avtomobilin sürücüsü onu vurub məhəccərlərə çırpıb və yaralı olub-olmaması etina etmədən sürətlə sürərək aradan çıxıb.
İndi problem həmin avtoxuliqanın tapılmasıdır. Hadisə baş verən gün yarım saatın içində aşkar olunmalı olan həmin şəxsin kimliyi hələ də bilinmir.
Hadisə isə çarpaz kameraların görüş dairəsində baş verib. Hələ bundan başqa, həmin istiqamətdə başqa kameralar da var. Nə işdirsə, kameralar cinayətkarcasına idarə olunan o “Mersedes S Class”ın dövlət nömrə nişanını “görmürlər”.
Bəlkə də əsas məsələ maşının markasında və nömrəsindədir. Bu markalı maşınları bir qayda olaraq imkanlı və vəzifəli şəxslər sürürlər.
Ümumiyyətlə, şəhərin demək olar ki, bütün küçə və yollarında quraşdırılmış kameraların mühüm bir özəlliyi var, superbahalı maşınların nömrəsini “oxuya bilmirlər”.
İndiyədək onlarla belə hadisə olub. Eyni yerdə hansısa məsuliyyətsiz sürücü ucuz maşınla qəza törədib aradan çıxanda heç yarım saat çəkmir ki, avtomobilin əsl yiyəsi də tapılır, onun vəkalətnamə ilə maşını verdiyi sürücü də. Ancaq avtomobil bahalı, nömrəsi “blatnoy” olanda iş çətinləşir.
Bununla belə, bu məsələ ilə maraqlanın yüksək mənsəbli şəxslərin olaya yanaşması ümid verir ki, sözü gedən şəxs yaxın günlərdə tapılacaq.
Yox, əgər tapılmasa, demək, adamın yüksək vəzifəli himayədarları var və onu qəsdən gizlədirlər.
Bahalı avtomobillərinə oturarkən əjdahaya dönən və yol hərəkəti iştirakçılarının həyatına, eləcə də əmlaklarına təhlükə yaradan bu harın şəxsləri, nə yazıq ki, cilovlamaq mümkün deyil. Onlar öz bahalı, idman stilli avtomobillərini sürərkən belə bir düşüncədə olurlar ki, adi adamlar deyillər, başqaları kimi sürə bilməzlər və avtomobilin texniki imkanlarından maksimum istifadə etməlidirlər. Belələri bir-birindən 300 metr məsafədə olan iki işıqforun arasında nəyə görəsə beş saniyənin içində 120 km/s sürət yığmağı və işıqfora çatanda kəskin tormozlama etməyi (çox vaxt isə qırmızı işıqdan düz keçməyi) sevirlər.
Onlar hər gün neçə-neçə qəza şəraiti yaradırlar, bəzən isə qəzaya, insan ölümünə səbəb olur, sonra da məsuliyyətdən yaxa qurtarırlar. Bu cür avtoxuliqanlar aradan çıxa bilirlərsə, “tapılmırlar”, yox, aradan çıxa bilməyiblərsə, yüksək mənsəbli himayədarları onlara qahmar çıxır, məsələni sonrakı mərhələlərdə yat-yut edirlər.