Bunu əvvəllər də yazmışıq: özünü yandırmaqla intihara cəhd sıradan bir suisid təşəbbüsü deyil, etiraz aksiyasıdır. Hətta özünü yandıracağını anons etməyin özü də etiraz aksiyasıdır, insanın öz hiddətini ictimaiyyətə duyurmaq, bu intihara səbəb olanların üzərinə nifrət oxu yönəltmək məqsədi daşıyır.
Çəkdiyi ağrı-acılardan, iztirablardan, gördüyü haqsızlıqlardan bezən, maddi, mənəvi, psixoloji sıxıntılara tablaşmayan insanlar az qala hər gün səssiz-səmirsiz şəkildə ya intihar, ya da intihara cəhd edirlər: zəhər içirlər, yüksək dozada dərman qəbul edirlər, özlərini odlu silahla vururlar, damdan atılırlar, özlərini asırlar, damarlarını kəsirlər və s.
Amma özünü yandırmaq (və ya yandıracağı ilə hədələmək) üsyan deməkdir. Adam etiraz edir və istəyir ki, onun bu addımı ictimailəşsin, müzakirə olunsun, eşidən-bilən onu bu addıma vadar edənləri qınasınlar.
İki il öncə obyekti əlindən alınıb sökülmüş Qarabağ qazisi Zaur Həsənovun atdığı müvafiq addımın ölkədə nə cür ajiotaj doğurduğu hələ də yaddaşlardadır. Mərhum veteran o addımı ilə mülk davasını öz xeyrinə həll edə bildi, amma ona görə heç kəs cəzalandırılmadı. Sadəcə, adam özünü balalarının gələcəyi və rifahı üçün fəda etdi.
Sonradan özünü yandırmağın daha təhlükəli olduğunu, əksər hallarda ölümlə nəticələndiyini görən cana-boğaza yığılmış etirazçılar öz son ümid aksiyalarını körpü üstünə, dama çıxaraq həyata keçirməyə başladılar.
Az qala həftədə bir dəfə “Koroğlu” körpüsünün dəmir konstruksiyalarının üstünə çıxaraq, özlərini aşağı atmaqla hədələyən, haqq-ədalət tələb edən, hansısa məmurların, deputatların hadisə yerinə gəlməsini tələb edənlər olurdu.
İlk dəfə körpü üstünə çıxan adam öz haqqını almışdı, almamışdı, bəlli deyildi, ancaq onun presedenti populyar olmuşdu və xeyli narazı adamın məhz bu, sözün birbaşa mənasında axırıncı yola əl atacağı şübhə doğurmurdu.
Nəhayət, hakimiyyət “körpü üstündə intihar hədəsi” aksiyasının qarşısını həmin yerdə daimi post qoymaqla, körpüyə 7/24 rejimdə keşik çəkən mühafizə polisi göndərməklə həll etdi.
İndi həmin körpünün üstünə heç kim çıxmır, çıxa bilmir. Hamı anlayır ki, orada keşik çəkən polislərin gözündən yayınaraq bu cür hərəkət etmək mümkün deyil.
Ancaq bu da o anlama gəlmir ki, narazı insanlar öz hiddət və qəzəblərini bildirmək üçün yol tapa bilmirlər.
O cür hadisələr, təhdidlər davam edir. Dünən də biri qeydə alındı. Sahibkar Dönməz Məmmədov Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüdə özünü yandıracağını elan etdi. O, fikrində xeyli dərəcədə ciddi idi və əsəb gərginliyi pik həddə çatmışdı. Yəqin ki, mane olmasalar, adam özünü yandıracaqdı.
Bu cür adamlar bu hərəkəti kefdən eləmirlər, məqsədləri, bəzən iddia olunduğu kimi, şou göstərmək, şöhrət qazanmaq deyil. Adamlar istəyirlər ki, məruz qaldıqları zülmə son qoyulsun, haqları təmin olunsun, zalımlar onlardan əl çəksinlər.
İnsanları bu addıma qəddar, tamahkar məmurlar vadar edirlər. Onlar əllərindəki səlahiyyətlərdən yararlanır, sırf öz şəxsi sərvətlərini artırmaq, varlanmaq üçün 3-5 manat pul-para qazanan şəxslərdən cürbəcür xəraclar tələb edir, ala bilmədikdə, mərdiməzarlığa əl atır, insanlara problem yaradır, onları çörək qazanmaq imkanından məhrum edirlər.
Belə olanda bıçaq sümüyə dayanır və bir yol qalır: intiharla təhdid etmək və son addımı atmaq.
Bu ölkədə insanları intihar həddinə çatdıranlar heç vaxt cəzalandırılmır. Onların beli yuxarılardan bağlıdır. Zatən, öz qulluq mövqeyindən sui-istifadə edənlərin hər hansı bir cəza qorxusu olsa, onlar bu qədər zülmkar olmazlar. Ona görə də müftəxor və tamahkar məmurlar özünü yandırmaqla hədələyənlərə bəzən alışqan uzadan, “yandırmayan belə-belə olsun” deyə bilirlər.
Dünənki hadisə zamanı faciənin bir addımlığından qayıdılsa da, bu, hələ ölkədəki haqq-ədalət probleminin həlli demək deyil. Heç də hər haqqı tapdanan şəxs hansısa körpünü son instansiya kimi seçməli deyil. Camaatın harayına, fəryadına vaxtında qulaq vermək lazımdır.