Qədim hind məsəli kimi yadımda qalan bir aforizm var: “Qüdrətli padşah əlindəki gücdən insanlara qarşı zorakılıq üçün yararlanan padşah deyil, qüdrətli padşah zor imkanı olan, ancaq bunu etməyəndir”. Mən bu məsəli iki gün qabaqkı əfv fərmanı olanda bir daha xatırladım. Əslində ona əfv yox, humanizmə karikatura aksiyası demək daha düzgün olardı.
Amerikanın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin bu münasibətlə verdiyi təəssüf dolu intervüdə bir cümlə diqqəti çəkdi: “Azərbaycanın mübarizə apardığı dərin iqtisadi böhran xarici investisiyaların yatırılmasını tələb edir, ona görə də məntiqli olardı ki, Azərbaycan ABŞ və Avropadan üz döndərməsin, əksinə, onları özünə daha çox cəlb etsin”. Ancaq əlbəttə, söhbət məntiqli hakimiyyətdən gedir. Bizdə isə məntiqin izi-tozu yoxdur. Ölkədə dollar böhranı yaşanır, bunlar isə dolların yiyəsi ilə dava eləmək kimi gülünc fikrə düşüblər.
Əlbəttə, bu davada müttəfiqə – Rusiyaya arxayındırlar.
Bu yaxında deputatxana Artur müəllimin qoluna girib birlikdə sınıq-salxaq 2016-cı il dövlət büdcəsini qayırdı. Orda biabırçı, 2015-ci ilə nisbətdə bir neçə milyardlıq azalmalar vardı. Gəlirlər 14 milyard yarım manat, xərclər isə 16 milyard 200 milyon nəzərdə tutulub. Bunu manata çevirəndə isə lap karikatur rəqəm alınır. Oxucular qorxmasın, mən yapist iqtidar deyiləm, xalqa rəqəm yedizdirmək fikrim yoxdur, mən söz yazıram. Sadəcə, bu rəqəmi müqayisə üçün yazdım. Almaniya ilə müqayisə üçün. Dünən Almaniya hökuməti sığınacaq verdiyi 1 milyona yaxın müsəlman-şərqli qaçqına 2016-cı ildə edəcəyi yardımın miqdarını açıqlayıb: 16 milyard 500 milyon avro! Manata çevirəndə Azərbaycan büdcəsindən 2 dəfə çox! Yapistlər isə belə bir dövlətə savaş elan etmişdilər.
Belə bir hökumətimiz olduğuna görə də biz uzun illərdir öz ölkəmizdə qaçqın kimi yaşayırıq. Heç bir insan hüququ, sağlamlıq, azadlıq qarantiyalarımız yoxdur. Kasıb, tək çaxır və mineral su ilə dünyada özünü tanıda bilən Gürcüstan tibbi sığorta qanunu qəbul edib, hər bir insanın ildə 9 min dollara qədər tibbi xərclərini dövlət ödəyir. Bizim isə nəinki çörəyimizin duzu, çörəyimiz özü də yoxdur. Uzun illər millətin beynini Calal Əliyevin “Qaramuncuq”, “Qanqalotu” tipli gülməşəkər adlar daşıyan buğda sortları ilə xarab elədilər. Yadımdadır, dövlət qəzetində hətta Cəlal əminin rayonda taxıl sahəsində, əlində … “Mona Liza” portretli reportajı verilmişdi. Müxbir tam ciddi şəkildə belə yazmışdı: “Leonardo da Vinçi ”Cokonda”nı hansı məhəbbətlə yaradıbsa, Cəlal Əliyev də “Qaraqılçıq-1″ sortunu elə bir sevgiylə düzəldibdir”. İndi isə utanmadan, həyasızcasına bəyan edirlər: “Azərbaycanda istehsal edilən buğda mal-heyvan yeminə yarayır, ölkəmiz özünün insan buğdasına, çörəyə tələbatının yalnız 20 faizini ödəyir, o üzdən məcburuq dollar bahalaşan kimi çörək də bahalaşsın”. Bəs nə oldu o təbəssüm? Bəlkə Cəlal müəllimin Saatlıda tarla qırağında əlində tutduğu həmin “Cokonda” elə bizim xalqın avamlığına gülürmüş?
Valyutadəyişmə məntəqələrini, dolayısı ilə dolların kursunu iqtisadi mexanizmlərlə tənzimləyə bilməyib inzibati üsula əl atmaqları, “eksçeync”ləri bağlamaq anonsu da həmin məntiqsiz, hikkəli, avam siyasətdən doğur. Bunlar kommunistlərin varisləridir, gördükləri iş SSRİ-ni təkrardan başqa nə ola bilər? Axı SSRİ-də də valyutadəyişmə məntəqələri yox idi. Onun da sərhədləri dəmir pərdə ilə bağlanmışdı, Almaniya və Amerika ilə savaş aparmaq istəyirdi.
Bir fərq vardı ki, SSRİ-də ASAN-xidmət yox idi. Bəlkə valyuta alveri də ASAN-xidmətə verilsin? Nəsə son günlər bu “uğurlu kəşf” az reklam edilir. Elə bil özləri də başa düşür ki, neft pulları azalan dövrdə administrativ aparatın caynaqlarını xalqın bədəninə salıb təzədən pul yığmaqdan başqa yolları qalmır. Məndən demək: yenə arayışları pulla, uzun müddətə alacaqsınız.