“Nəsibə xanımla nənəm dayıqızı bibiqızı olublar. Ailəmizin içi idi. Uşaq idim, yadıma gəlir ki, Nəsibə xanım həmişə nənəmə teatr tamaşalarına baxmaq üçün dəvətnamə göndərirdi. Mən də həvəsli idim, uşaq olmağıma baxmayaraq getməyə can atırdım. Təxminən 5 yaşım olardı. Nənəm məni özü ilə tamaşalara aparırdı. Əgər səhnədə Nəsibə xanım idisə bilet tapmaq olardı?!! İnanın ki, kassada növbə olurdu. Tale elə gətirdi ki, 10 yaşımdan bu sənətdə oldum, televiziyada böyüməyə başladım.

1983-1984-cü illərdə Ofeliya Məmmədzadə məni o vaxtkı Musiqili Komediya teatrına apardı.Nəsibə xanımla teatrın pilləkənində rastlaşdıq. Ona evdə də, teatrda da, çəkilişlərdə də hamı “mömə” deyə müraciət edirdi. Mən də zarafatca dedim ki, mömə necəsən?! O dəqiqə dedi ki, “ədə, sən Zibeydə xanımın nəvəsi deyilsən, burada neynirsən?”. Dedim ki, hə, işə düzəlmişəm. Nəsibə xanım çox sevindi. Dedi ki, “maşallah, necə böyümüsən, bundan sonra mənimlə birgə qruppamda işləyəcəksən”. Qastrol səfərlərinə gedirdik. İnanın ki, Nəsibə xanım avtobusa böyük qazanla gəlirdi. Özü də həyat yoldaşı Mütəllim müəllim onu yola salırdı. Həmin qazanda nələr olmurdu ki?! 100-ə yaxın peraşki, kotlet, toyuq və s. Özü də ətli peraşkiləri mənə verirdi".
Bunu Medianews.az-a açıqlamasında Akademik Musiqili Teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov deyib. O daha sonra Nəsibə xanımı yamsılayan sənətçilərdən danışıb:

“Nəsibə xanım əslində filmdə öz qaynanasını oynamışdı. Özü çox mehriban, qayğıkeş qaynana olub. Nəsibə xanımın hər kəslə münasibəti gözəl idi. Dövlətin də, millətin də, ölkə başçısının da sevimlisi idi. Bu gün də teatrımızın bir qrup kollektivi ilə, rəhbərliyi ilə Nəsibə xanımın məzarını ziyarət etdik. Bu dahi aktrisanın 110 yaşı tamam olur. Nəsibə xanımdan bir dənə idi. Gəldi və getdi. Heç kəs Nəsibə xanım ola bilməz. Düzdür, onu yamsılayanlar, onun izi ilə gedənlər olub və bu gün də var. Kimlərsə bəlkə öz aləmində deyə bilər ki, mən gəlmişəm, Nəsibə xanımı da keçmişəm. Yox, o bir dənə idi. Nəsibə xanım yaşayır. Cismən yanımızda deyil, amma ruhən yanımızdadır. Bu dəqiqə onun ölümünə də paxıllıq edənlər var. Hər teatra daxil olanda o sənətkar gözümün qarşısına gəlir” deyə sənətkar bildirib.
Çingiz Əhmədov Nəsibə xanımla uzaq səfərlərindən də danışıb:

“Çox xoşbəxtəm ki, belə bir sənətkarı öz maşınımla gəzdirmişəm. Uzaq səfərlərə, uzaq rayonlara birgə getmişik. Hər dəfə də ona diqqət və qayğı olurdu. Rayon rəhbərliyi eşidəndə ki, Nəsibə xanım gəlir o qədər xoşbəxt olurdu ki.. Amma Nəsibə xanım bu hörmətdən, bu sevgi və diqqətdən öz xeyrinə heç vaxt istifadə etməyib. Onunla bağlı gülüşdoğuran bir xatirəni də sizinlə bölüşmək istəyirəm. 1999-cu il idi. Nəsibə xanımın Xudatda bir bacılığı var idi. Dedi ki, məni onun yanına apar. Xudata çata-çatda Nəsibə xanım su istədi. Mağazaya girdim, hamı axışdı üstümə ki, Çingiz gəlib. Suyu gətirib Nəsibə xanıma verəndə həmin insanlar onu görüb məndən əl çəkdilər. İzdihamı təsəvvür edə bilməzsiz. Aaz qala maşını aşırdırdılar. İnanın ki, qapıdan o qədər sallandılar ki, maşın əyildi. Biri əlindən öpürdü, biri alnından, biri qucaqlayıb bağrına basırdı. O əsl aktrisa idi. İnanın ki, əsl sənət adamı belə olar. İndi belə sənətkarlar var? Vallah yoxdur” deyə Çingiz Əhmədov bildirib.