Bu yazını yazmağa hazırlaşanda əməkdaşlarımızdan biri maraqlı hadisə danışdı və hesab etdim ki, söhbətə giriş elə o hadisənin üzərindən olsa yaxşıdır.
Hadisə belədir: ötənlərdə bir azərbaycanlı jurnalist ölkəmizdə hələ də adı çoxlarına tanış olan AŞ PA həmməruzəçisi Andres Herkellə görüşüb və onunla Azərbaycan barədə, AŞ PA-ya dair söhbət edib.
Öz prinsipiallığı və ələalınmazlığı ilə zaman-zaman hökumət adamlarının əsəbini tarıma çəkən Herkel azərbaycanlı jurnalistə danışıb ki, həmməruzəçi olduğu vaxt birinci dəfə Azərbaycana gələndə onu ziyafətə aparıblar və masada onun önünə içində xörək qaşığı olan küftə kasasında qara kürü (hardasa 3-4 min dollarlıq təam) qoyublar.
Herkel həm azərbaycanlıların bu səxavətinə, həm də qidalanma mədəniyyətinə mat qalıb. Bu hadisə onu necə şoka salıbsa, budur, 15 ildir yadından çıxarmır, Azərbaycandan söhbət düşəndə o hadisəni danışır.
İndi kimlərsə deyə belər ki, bəli, biz beləyik, hörmətli qonağa qarşı xəsislik etmərik, əlimizdən gələni edərik ki, o razı getsin.
Ancaq AŞ PA həmməruzəçisinə küftə kasasındakı qara kürünü xörək qaşığı ilə yedirtmək istəməyin bir adı da bədnam “kürü diplomatiyası”dır.
Çoxdan qəzet oxuyanlara bəllidir ki, bir ara ölkəmizdə keçirilən seçkilərlə maraqlanan, insan haqlarına riayətə dair durumu öyrənən avropalı diplomat və siyasilərə digər sovqat və bəxşişlərlə yanaşı, “qara kürü” payı qoymaq da dəb olub. Avropalı emissarların içində çox nadir adamlar olub (Andreas Qross və Andres Herkel) ki, bu müftə ənamlardan imtina ediblər. Qalanları kürüdən qaşıqlayıb, Azərbaycan hökumətinə uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyət arzulayıblar.
Ancaq bu yazıda söhbət heç də bəzi ikiüzlü avropalı emissarlardan getmir, azərbaycanlı məmurların ölkənin pul-parasını görünməmiş səxavətlə əcnəbilərə yedirtməsindən, israfçılıqdan gedir.
Bir vaxtlar neftin qiyməti 100 dollardan artıq idi, ölkəyə pul sel kimi gəlirdi və bizimkilər elə düşünürdülər ki, həmişə belə olacaq. Nazirlər o qədər pulu səmərəli xərcləməyə yer tapmırdılar. Hərəsinin qoltuğunda smeta dəyəri bir neçə milyard olan layihələr vardı. Əksəriyyəti də onu təsdiqlətmişdi. Dövlət büdcəsi sağım aqreqatına qoşulmuş İsveç inəyi kimi sağılırdı. Ancaq yenə də sel kimi gələn neft pullarını dağıdıb-bitirmək mümkün deyildi.
Əlbəttə, xalq umurdu ki, camaatı siyahıya alıb adambaşına xeyli neft pulu paylasınlar, amma belə bir təşəbbüs yox idi. Əvəsində hökumət o pullar hesabına vətəndaşların illərlə dövlət şirkətlərinə yığılmış borcunu (qaz, işıq, su, digər kommunal xərclər) bağışlayırdı.
Ölkənin reputasiyasının pul gücünə yaxşılaşdırılması, Azərbaycanın adının bahalı reklam layihələri (məsələn, Madridin “Atletiko” komandasının oyunçularının formasında “Land of Fire – Azerbaijan” yazılması) ilə dünyaya tanıdılması, bahalı musiqi və idman yarışlarına təşkilatçılıq etmək xətti götürülmüşdü.
Bu günümüz heç kəsin ağlının ucundan keçmirdi. Hamı düşünürdü ki, neft də torpaq kimidir, ildən-ilə azaldığı üçün qiyməti həmişə arta-arta gedəcək.
Ancaq tərsinə oldu, neft pulları Rusiyanı necə qudurtdusa, o SSRİ dövründəki qədər aqressiv oldu və dünya birliyi onu yavaşıtmaq üçün ona qaz verən maddənin – neftin qiymətini süni şəkildə aşağı saldılar. İndi qurunun oduna yaş da yanır.
Budur, xəbər gəlir ki, böyük pullarla adını ARDNŞ-dən çevirib dünyaya SOCAR kimi tanıdan neft şirkətimiz “kəmərsıxma” tədbirlərinə başlayıb, ölkədə və dünyada idman, incəsənət layihələrinə sponsorluq etməyi məhdudlaşdırıb.
Heç kəsə sirr deyil, hər il bu layihələrə şirkətin, dolayısı ilə xalqın yüz milyonlarla pulu gedirdi. Tam əksəriyyəti də mənasız tədbirlər idi, pul mənimsəmə, müftə-müsəlləm kef eləmə səciyyəsi daşıyırdı.
İndi ARDNŞ bu havayı dağılan, havaya dağıdılan pula qənaət edəcək – ta ki, neftin qiyməti babat olana qədər.
Güman ki, indən belə ölkəmizə təşrif buyuran diplomatların masaına da qara kürünü içində xörək qaşığı olan küftə kasasında yox, böyründə çay qaşığı olan nəlbəkidə qoyacaqlar.