Heç kəs belə olacağını gözləmirdi. Heç kəs proqnozlaşdıra da bilməzdi ki, belə alınacaq, ölkənin ictimai-siyasi fəal kəsimi bu hadisəyə bu cür reaksiya verəcək, ajiotaj yaranacaq.
Bu, həmin gün idi ki, ölkə əhalisinin diqqəti Nardarandaydı. Orada ajiotaj vardı, hər saat yeni xəbərlər gəlirdi və millət o hadisəni müzakirə edirdi.
Birdən-birə, adi bir yazıyla insanların diqqəti Nardarandan Gəncəyə yönəldi, qeyri-rəsmi bir görüşdə baş vermiş qalmaqallı hadisə ölkənin bir nömrəli müzakirə mövzusuna çevrildi.
O yazının müəllifi əməkdaşımız Xalidəydi. Xalidə Gəray.
O da gəncəlidir, özü də doğulma-böyümə gəncəlidir, əsərinin qəhrəmanı gənc deputat Naqif Həmzəyevlə həmyerlidir.
Ən qəribəsi odur ki, onların hər ikisinin tarix müəllimi eyni müəllimdir. Hərəkatçıların da yaxından tanıdığı Bəhram müəllim. Bir dönəm, adı “Yeni Müsavat” olanda, Rəsulzadə firqəsinin də üzvü olub…
Gəl gör ki, onlar şəhərdə xüsusi nüfuza malik müəllimlərindən fərqli dərs alıblar, daha dəqiqi, onun dediyi dərsdən fərqli nəticələr çıxarıblar.
Xalidə hesab edir ki, Azərbaycana müstəqillik bəxş etmiş qurucu liderlərin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin tarixi xidməti danılmamalıdır, şəxsiyyəti barədə artıq-əskik söz işlədilməməlidir.
Naqif Həmzəyev hesab edir ki, müstəqillik tarixi boş şeydir, əsas indidir, ona deputat mandatını indiki rəhbərlər verib, ona görə də o, “tarixi şəxsiyyətləri tanımır”.
Bəlkə də Xalidənin yerində başqa jurnalistlər olsaydı, digər həmkarları kimi o da susub oturardı, dinməzdi, gənc deputat həmyerlisi ilə münasibətini korlamazdı.
Ancaq Rəsulzadənin qurduğu partiyanın adaşı olan qəzetimizin gənc əməkdaşı xoşagəlməz ifadələrin qarşısında susmayıb, dillənməyi vacib sayıb və söhbət böyüyüb deputatla onun dilləşməsinə gətirib çıxarıb.
Əgər Xalidə böyük öndər Rəsulzadəyə sayğısızlıq edən deputatın sözünü kəsmədən, sakitcə dinləsəydi, yenə kimsə deyə bilərdi ki, jurnalistin məkrli niyyəti olub, oturub adamın “özünü yandırmasını” gözləyib, sonradan yazsın, sensasiya yaratsın.
Ancaq elə olmayıb, əməkdaşımız qəlbinin hökmü ilə deputatla mübahisəyə qalxıb, məclisdə pərtlik yaranıb, qalmaqal düşüb.
Məhz bu yerdə gənc deputata yarınmaq istəyən başqa jurnalistlər də söhbətə müdaxilə edib, daha canincidən ifadələr işlədiblər (detalları, həmin replikaları bilirsiniz). Yeri gəlmişkən, “o nə liderdir ki, arvadına sahib çıxa bilməyib” kimi olduqca yaramaz ifadənin müəllifi tədbirin təşkilatçısı Vüsalə Hüseynova olub. Bunu Naqif Həmzəyev deməyib, bu söz onun sözünə qüvvət vermək üçün deyilib.
Söhbət böyüyüb, qalmaqal yaranıb deyə bu hadisəni yazmaq vacib idi. Ona görə ki, bu sözgəlişi dilə gətirilmiş, söhbət əsnasında təsadüfən keçmiş bir söz deyil. Həmzəyev konseptual olaraq dövlətimizin banisini qəbul etmir, ona qarşı hədyanlar işlədir və olduğu dar auditoriyada özünə, sözünə dəstəkçilər tapır.
O dar auditoriyada elə olmuşdu, Xalidə orda təklənmişdi (ona yalnız bir həmkarımız aktiv, biri də passiv dəstək verib), amma söhbət qəzetimizin vasitəsilə geniş auditoriyaya çıxanda Həmzəyev təkləndi.
Budur, dörd gündür ölkənin ictimai-siyasi fəalları ondan danışır, söyür-yamanlayırlar. Həmin yazıya gələn ağır sözlü şərhlərin sayı-hesabı yoxdur. Müzakirələr davam edir. Minlərlə fəal deputatın, obrazlı desək, “kəlləsini” tələb edir, mandatının ləğv olunmasını istəyir.
Bu, hamıya dərs olmalıdır. Tarixi şəxsiyyətlərə, xüsusilə də canını, həyatını, ailəsini vətən uğrunda fəda etmiş, heçdən bir bayraq ucaltmış, dövlət qurmuş adama qarşı nəsə deyəndə hamı sözünün dalını, qabağını fikirləşməlidir.
Bir də heç kəs əbəs yerə yaxa yırtmasın, bütün tariximiz “Azərbaycan” adlı yeganə milli dövlətimizi 1918-ci ildə Rəsulzadənin rəhbərlik etdiyi kişilər yaratmasaydılar, bu gün də dövlətsiz xalq olaraq onun-bunun tapdağı altında qalacaqdıq.
Ona görə də biz bu gün biz onların qaldırdığı bayraqla hər zaman qürur duymalıyıq, xidmətlərinin haqqını verməliyik.
Corc Vaşinqton, Tomas Cefferson, Con Adams, Ceyms Medison, Aleksandr Hamilton, Bencamin Franklin, Tomas Peyn, Con Cey ABŞ üçün kimdirlərsə, bizim üçün də Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev və başqaları odur.
Tarixi şəxsiyyətlərimizi yanlışları, doğrularıyla qəbul edib, sayğıyla anmalıyıq. Keçmişə nifrət püskürəndə olmur, adamı hoydu-hoyduya götürürlər.
İndi Naqifi müdafiə edənlər də var. Dilində küfr tutulmuş şəxsi necə müdafiə etmək olar? Gəncliyindən, siyasi konyukturaya uyması üzündən səhvə yol verib, ağzının üstünə “şillə alıb”. Buraxın, dərsini də alsın, dəstək verib qızışdıracaqlar, çıxıb, “düz deyirəm, demişəm, əcəb eləmişəm, hələ filan-filan şeylər də eləyib” deyəcək, tamam-kamal badımcanlığa girəcək.
Öz liderinə sayğı göstərilməsini istəyən şəxslər də belə məsələlərdə diqqətli və həssas olsalar, yaxşı olar.
Rəsulzadə barlı ağaclar əkmiş, bağ salmış, ancaq bağının bar-bəhrəsini dadmamış bir bağbandır, müstəqil Azərbaycanın gülünü dərib, meyvəsini yeyə-yeyə bağbana hörmətsizlik edənlər yaxşı-yaxşı düşünsünlər. Nə pis iş görüb o? Nə işiniz var? Nə istəyirsiniz?