Bakı yollarında elə bir durum var ki, öz avtomobili ilə hərəkət edənlər piyadalara həsəd aparır, piyadalar isə mənzil başına şəxsi avtomobili ilə gedənlərə. Hər iki tərəf hesab edir ki, digərinə daha rahatdır.
Düzdür, mən dəfələrlə rahat avtobusda oturaraq yanından keçən alçaq avtomobillərdə əyləşənlərə sözün bütün mənalarında üstdən aşağı baxan, öz vəziyyəti ilə qürur duyan adamlar görmüşəm, amma onlar çox azdır.
Əksər piyadalar istər ki, öz maşınları olsun və “xalxın kişiləri” kimi onlar da tıxacda qalsınlar, yerə gələndə maşını əzib usta yanına aparsınlar. Hətta sırf piyadaların üstünə çirkli su sıçratmaq niyyəti ilə maşın sahibi olmaq istəyənlər də var.
Avtomobili olanlar isə ha “əşi, maşın ikinci arvad kimi bir şeydir, bir aləm məsrəfi var”, “hayıf deyilmi ictimai nəqliyyat, tıxacda qalanda düşüb gedirsən, nə də parkinq dərdi çəkirsən” desələr də öz avtomobillərindən düşüb xalqa qarışmırlar.
Ancaq həqiqət budur ki, miniklilərə də çətindir, piyadalara da. Çünki bu ölkədə nəqliyyat çox da ağıllı şəkildə idarə olunmur. Nəqliyyatın intellektual idarə olunması barədə qulağımızı dəng, başımızı keçəl eləsələr də fakt belədir.
Məsələn, metro nəqliyyatında guya ki, səmərələşdirici tədbir görüblər, yeni kart sisteminə keçiblər, amma camaata problem yaradıblar.
Dünən günorta saatlarında şəhər mərkəzinin minik avtomobilləri sarıdan basabas olduğunu nəzərə alaraq “Sahil” metrostansiyasına metroyla getmişdim. Səsi lentə yazılmış qızın sözü olmasın, “Neftçala steyşn”dən minib gedəndə problem olmadı, qayıdanda məlum oldu ki, iş yoldaşımdan birovuz götürdüyüm kartda metroya ödəmək üçün vəsait yoxdur, pul yükləmək lazımdır. Bədbəxtlikdən, 1 manatlığım yox idi. Əlimdə 5 manatlıq əskinas metrodan çıxdım, bir-birilə söhbət edən taksi sürücüsünə yanaşdım: “Buna xırdanız olmaz, metro kartına yükləməliyəm”. İkisi də çiynini çəkdi, sanki onlara Trinidad və Tabaqo dövlətinin dollarını təqdim edirəm, ömürlərində belə pul görməyiblər. Yandakı bijuteriya mağazasına girdim, gənc xanımlar gülərüzlə xırdaları olmadığını dedilər. Zərgərlik dükanındakı qız da eyni sözü, amma tam ciddi, azca da qaşqabaqlı dedi. Kosmetika dükanındakı xanım da “yox” dedi, amma bir qısa izahat və bir tövsiyə verdi: “Burda hamı hər gün xırda axtarır; Marketlərdən bir şey alın, xırdalayacaqlar”.
Əlac nəydi? Daha bir taksi sürücüsünə müraciət edərək və “vallah, yoxumdur” cavabı alaraq yolun o tayına, marketə girdim. Aha, qara lavaş. Birini götürərəm, pul da xırdalanar. Götürdüm. “Neçəyidir?” “60 qəpiyə”. “Buyurun” deyib, beşliyi uzadıram. Qız döyükür: “Mümkünsə, xırda verin, cəmi iki manat xırdamız var, qalıq qaytara bilməyəcəm”. Lavaşi yerinə qoyub bayıra çıxıram. Bay, aptek. Ağrıkəsici alaram, xırda qaytararlar. Yanaşıram. “İki dənə aksenfort verin, zəhmət olmasa”. Əlimdəki pulu görüb xəbərdarlıq edirlər: “Xırda verin, bizdə manatlıq yoxdur, olanda da metroya girmək istəyənlərə veririk”. “Hazırda mən də elə bir problemlə qarşılaşmışam” deyirəm və məlum olur ki, xanımlar mənə kömək edə bilməyəcəklər. Əvəzində onlar mənə yolun o üzündəki “Çudo peçka”nı tuşudur, ordan nəsə bir şey almağımı məsləhət görürlər. Orda işləyənlər də xırdalarının olmadığını deyir, çıxıram, daha bir taksi sürücüsündən beşliyə xırda rica edirəm. Təəssüf. Yanda daha bir market görürəm, içəri girib bir şüşə su götürürəm, kassirə yaxınlaşıram, görürəm, adam masanın üstündə xəbərdarlıq yazıb qoyub: “Yalnız qəpiklə”. Hər ehtimala qarşı şüşəni göstərib pulu uzadıram və budur, nəhayət, şans üzümə gülür, satıcı xırda qəpiklər və dörd ədəd manatlıq qaytarır. Lotereyası avtomobil udmuş adam sevinciylə mağazadan çıxıb metroya girirəm. Karta pul yükləyəndə bir cavan oğlan yanaşır: “Əmi, məni də keçirə bilərsənmi?” Niyə keçirmirəm, keç. Nə qədər də şanslı bir adam. O hardan bilsin ki, mən metroya daxil olmaq üçün yarım saatdır mübarizə aparıram və azı 15 adama müraciət etmişəm.
İndi oturub fikirləşirəm ki, bunu bir az sadə etmək olmazdımı? Heç olmasa metro stansiyasında pul xırdalayan bir kassir olsun. Deyilə bilər, beş manatın hamısını karta yükləyə bilərdin. Prinsipcə, mümkündür, amma 5-lik adamın (eləcə də minlərlə başqasının) sonuncu beşliyidirsə, bu, praktiki olaraq mümkün deyil.