xalid kazimli kose 1

Ölkəmizdə turizmdən, bu sahənin inkişafından, ölkəyə öz şəxsi işləri üçün daxil olan əcnəbiləri belə baş-baş sayıb turist kimi qələmə vermək çoxdanın dəbidir. Hətta idman oyunlarını izləmək üçün bir günlük gələnləri də turist sayırlar.

Bunu etməkdə məqsəd nədir, məmurlar nəyə nail olmaq istəyirlər, aydın deyil, ancaq ortada olan odur ki, bu, özünü aldatmaqdır. Turizm sahəsi çox axsayır.

“Bizdə turizm çox inkişaf edib, buyurun gəlin, ölkəmizdə dincəlin, görməli yerlərimizi, tarixi abidələrimizi ziyarət edin” deyə dünyaya səs salmaqla heç kəs diyircəkli çamadanını qablaşdırıb Azərbaycana cummur və cummayacaq.

Bundan ötrü bəlli bir standartlara malik olmaq lazımdır. Bunların başında viza məsələsi durur. Ölkəyə daxil olmaq asan olmalıdır.

Məlum olduğu kimi, Azərbaycan MDB məkanına daxil olan ölkələrin dışında az qala dünyanın bütün ölkələri ilə vizalı gediş-gəlim rejimi tətbiq edir. (Deyəsən, yalnız Cənubi Amerikanın və uzaq Asiyanın ölkələrindən biri ilə vizasız gediş-gəliş rejimi bərqərar edilib). Bunların içində hətta bizim vətəndaşlardan viza tələb etməyən Türkiyə də var.

İllərdir biz Türkiyəyə istədiyimiz vaxt asanca gedə bilirik, ancaq qardaş ölkənin vətəndaşları viza növbəsinə durmalı, artıq vəsait ödəməli, əziyyət çəkməlidirlər.

Müasir dünyanın vətəndaşları bu kimi formal və ya vacib prosedurlara, mənasız sənədtoplama işlərinə vaxt, enerji itirmək istəmirlər. Əgər onların hansısa viza tələb edən ölkədə xüsusi, vacib işləri yoxdursa, sadəcə, turist səyahətinə çıxmaq istəyirlərsə, dərhal viza tələb etməyən ölkələrə yola düşürlər.

Bu cür ağıllı siyasət yeridən ölkələr çoxdur. Onlar səyahəti həyat tərzinə çevirən avropalıların hesabına hər il turizmdən milyardlar qazanırlar.

Adicə qonşumuz Gürcüstan və Ukrayna Avropa Birliyi ölkələrinin vətəndaşlarından viza istəmir. Ona görə də bu ölkələrə gedən avropalıların sayı bizim ölkəyə gələn bütün turistlərin sayından on dəfəyə yaxın çoxdur.

Bu günlərdə İsveçdən, Stokholmdan Finlandiyanın Turku şəhərinə üzən gəmidə sərnişin oldum və minlərlə turistin bu Skandinaviya ölkələri arasında necə səyahət etdiyini əyani şəkildə gördüm.

Turistlərin arasında yaponlar, çinlilər, koreyalılar, monqollar, iranlılar, qaradərililər, bir sözlə, dünyanın hər millətindən adamlar vardı və onlar əylənə-əylənə qısamüddətli kruizə çıxmışdılar.

Bu şəxslərin gəmidəki “düti-fri” mağazalarından bahalı içki, parfüm, tütün, ərzaq və sair məmulatları necə bol-bol aldıqlarını görmək lazım idi, bunu təsvir etmək çətindir. Gəmidə olan hər kəs N qədər pul xərclədi.

İnsanların səyahət, istirahət və əyləncəsini bu cür yüksək səviyyədə təşkil edən və bundan hər gün milyonlar qazanan ölkəyə nə neft buruqları lazımdır, nə də qaz yatağı.

Viza məsələsinə yenidən qayıdaq. İsveçdə yaşayan dostlar danışır ki, hərdən onların iş yoldaşları Azərbaycanla, onun mədəniyyəti ilə maraqlanırlar və ölkəmizə gəlmək istədiklərini deyirlər, ancaq viza problemini biləndə niyyətlərindən vaz keçirlər.

İndi baxaq görək, biz, başqa ölkələri demirəm, səyahətsevər avropalılara viza rejimi tətbiq etməklə nə qazanırıq? Maddi planda heç nə. Siyasi planda da bir qazancımız yoxdur, dilimizin əzbəri olan “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq” işi də bu üzdən axsayır.
Bəlkə bu viza rejimi bizə miqrasiya məsələsində milli təhlükəsizlik baxımından vacibdir? Bu da absurd düşüncədir. Sülhsevər avropalılar öz cənnətlərini qoyub sığınmaq üçün ölkəmizə axışmayacaq. Əsl qorunmalı olan fitnə-fəsad, şər, terror yuvaları şərqdədir. Şərqlilərlə ehtiyatlı olmaq lazımdır. Bu işlərlə məşğul olma üçün MTN və Miqrasiya Xidməti kimi strukturlar var.

Bu baxımdan viza siyasətinə yenidən baxmaq, ölkənin qapılarını Avropa turistlərinin üzünə açmaq lazımdır. Onlar əllərində çamadan, ciblərində dolu pul kisəsi, yeni bir ölkəyə asan səyahət etmək üçün gözləyirlər, il ərzində ölkəmizə milyardlar gətirəcəklər.