Yaxud, İlhamiyyə xanım məni necə aldatdı
Orqanizm üçün ziyanlı olması haqda söhbətlər gəzsə də tərəvəz turşularının həvəskarı olduğumu qeyd etməliyəm. El dilində bunların “tutma”, “şoraba” kimi maraqlı adları da var. Ona görə turşular haqda xəbərləri dərhal oxuyuram. Sosial şəbəkədə də hansısa dostumun divarında turşu söhbəti görəndə, pis çıxmasın, ağzım sulana-sulana oxuyuram. Bugünlərdə belə bir söhbətdən necə kuryoz yaşadığımı sizə bildirim.
Demək, istedadlı telejurnalistlərimizdən olan İlhamiyyə Rza bu il deputatlığa namizədliyini irəli sürmüşdü, ancaq təəssüf ki, ona qarşı da saxtakarlıq elədilər, seçilməyə qoymadılar. İlhamiyyə xanım həm də bunu nəzərdə tutaraq 2-3 gün qabaq Facebook-da təxminən belə yazmışdı: “Bu il başım çox qarışıq oldu, heç bir mürəbbə, turşu hazırlaya bilmədim. Heç bir banka brilyant da düzəltmədim”.
İndi mən bunu oxuyuram, gözümü döyürəm. Çünki ilk dəfə idi brilyant turşusu kimi bir ərzaq məhsulu adı görürdüm. Fikirləşirəm görəsən bu nədir. Hətta ağlıma belə bir şey gəldi: brilyantin deyə bir maddə var, bundan saçı-saqqalı parıldatmaq üçün yararlanırlar, nəsə kosmetik vasitədir; fikirləşdim yəqin turşu hazırlamaq üçün bu brilyantin də istifadə edilir. Sonra badımcanın müəyyən qədər parıltılı olması beynimdə oyandı, düşündüm yəqin brilyantin nəsə badımcan növüdür, bunun tutması var. Tam səmimi deyirəm, İlhamiyyə xanımın bunu zarafat üçün yazdığını, məzələndiyini ağlıma gətirmədim.
Sonra isə… Sonra xəbərləri izlədim, məlum oldu keçmiş MTN şefi Eldar Mahmudovun evindən bir balon brilyant (qiymətli daş) çıxması söhbəti var. Halımı təsəvvür edin. Özümə, ağlıma gələnlərə xeyli qımışmışam. İlhamiyyə xanıma da burdan təşəkkürümü göndərirəm – xəbəri olmadan məni də doladığı üçün, amma sonra güldürdüyü üçün.
Vəziyyət bax beləcə çox qarışıqdır. Bakıda payız havası kimi – bilmirsən buludludur, yoxsa küləkli. Yağış kəsir, günəş çıxır, an keçmədən soyuq duman gəlir. Göy qurşağına baxdığın yerdə çiskinə ayazlı düşürsən.
Vergilər nazirinin işdən çıxarılması söhbəti yayılmışdı. Dünən nazirliyin əməkdaşı Şahin müəllim buna belə cavab vermişdi: “Şaiyədir, nazir indi də iş yerindədir”. Guya kiminsə iş yerində olması onun həm də vəzifədə qalmasını göstərir. Rəhmətliyin oğlu, məmurları kreslodan qoparmağın çətinliyi dövründəyik. Son çağlar gör nə qədər vəzifəli şəxsin işdən çıxarılandan sonra kabineti tərk eləmədiyi, dirəndiyi yayılıb? İndi mən bu yazını təhvil verdiyim anlarda da kim bilir, bəlkə vergilər naziri artıq “balonlarını” təhvil verir? Bəlkə onu qurbağaya döndərəcəklər? Hər şey mümkündür.
Kimin ağlına gələrdi ki, biz Çovdarovun qandallanması səhnəsini əyani görəcəyik? Mən bu istiqamətdə prezidenti dəstəkləyirəm. Daha çox general var tutulmalı. Daha çox nazir işdən qovulmalıdır. Bu arada siyasi dustaqlar da azad edilsə islahat lap gözəl görünərdi.
Oxucular deyə bilər, aha, bu da satıldı. Haqlısınız, belə görünür. Ancaq vəziyyət yuxarıda yazdığım kimi, ərəb saçına dönüb. Əgər Prezident Administrasiyası, Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı “Obama G20 görüşündə İlham Əliyevin qoluna toxundu, bu, cənab prezidentə yaxınlıq əlamətidir, eyni zamanda Qarabağ danışıqlarında bizim xeyrimizə irəliləyişdən xəbər verir” tipində yazı yazırsa, mən nə yazım? Mən məcburam hakimiyyətə dəstək verim. Çünki bu hakimiyyət belə istedadlı insanların qədrini bilir, qabağa çəkir. Çovdarovun tutulmasını dəstəkləyəndən sonra bəlkə məni ASAN-xidmətdə köşə yazarı vəzifəsinə qoydular.
Xalqımızın bir qisminin də bir az nankor olmasını görürəm, bu çox pisdir. Deyirlər guya Çovdarovun cinayətləri indi bilindi, niyə tutmurdular bu vaxtacan, başqalarını niyə tutmurlar və sairə. Yoldaşlar, niyə tələsirsiniz? Niyə yaxşı işə dəstək vermək əvəzinə köhnə palan içi tökürsünüz? İmkan verin. Hərəniz bir nazirin, generalın qulpundan yapışın, cənab prezidentlə bərabər onların hamısını aşırdaq. Camaat elə illərdir “Prezident yaxşıdır, ətrafı pisdir” deyərkən bu halları uzaqgörənliklə qeyd edirdi.