Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bu günlərdə deyib ki, əgər yaxın gələcəkdə gömrükdə ciddi dəyişikliklər baş verməsə, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq.
Saakaşvili bu sözləri Ukrayna üçün, öz rəhbərlik etdiyi vilayəti nəzərdə tutaraq deyib, ancaq onun bu sözləri dünyadakı bütün dövlətlərə şamil edilə bilər.
Saakaşvilinin haqqında çox adam çox söz deyə bilər, amma bu şəxsin əsl dövlət xadimi olduğunu, korrupsiyaya qarşı apardığı mübarizənin prinsipiallığını və səmimiliyini şübhə altına almaq mümkün deyil.
Saakaşvili 8 il prezident oldu, vəzifəsindən gedəndən sonra nə gizli bank hesabları çıxdı, nə biznes imperiyası aşkarlandı, nə də ölkənin və dünyanın dilbər guşələrində tikdirdiyi möhtəşəm sarayları, villaları tapıldı. Elə bir çey olsaydı, filmləri olardı.
Bununla belə, öz ölkəsində qalsaydı, onu mütləq həbs edəcəkdilər. Korrupsiyaya bulaşmadığına baxmayaraq, hələ də onu dövlət səviyyəsində təqib edirlər. Niyəsi siyasi rəqabət və revanş məsələsidir.
Saakaşvili isə bir zamanlar Gürcüstanda mafiyanın, reketçiliyin, oğurluğun və sair cinayətkarlığın kökünü qazıdığı, Gürcüstan kimi kriminalda ad çıxarmış ölkədə dövlət qayda-qanunları bərqərar etdiyi kimi, eyni işi Ukraynada, Odessada da görməkdədir.
Çünki adamın başqa yolu yoxdur. Ya dövlət qiyafəsi altında fəaliyyət göstərən mafiyanın başında durub, cürbəcür cinayətkarlıq əməlləri ilə milyonlar yığmalıdır, ya da mafiyaya müharibə elan edərək, gerçək bir dövlət strukturları, qanunçuluq bərqərar etməlidir.
Saakaşvili bir zamanlar Gürcüstanın əsl Avropa ölkəsi olmasına çalışırdı, indi də Ukraynanı o cür görmək istəyir. Ona görə də təkcə öz ölkəsində yox, bir çox ölkələrdə də dəstəklənir, sevilir.
Budur, son vaxtlar bizim ölkəmizdə də korrupsiyaya, dövlət adından aparılan reketçiliyə qarşı mübarizə görüntüləri müşahidə olunur. Amma anormal olan odur ki, hamı MTN-in sabiq rəhbərliyinin üzrəinə fokuslaşıb.
Sanki bu öllkədə bütün korrupsiya əməliyyatlarının, maxinasiyaların, büdcə talamalarının, reketçiliyin başında yalnız və yalnız MTN-in generalları dururmuş.
Elədirsə, artıq onların çoxu vəzifələrindən götürülüb, həbs olunanları da var, vəziyyət avtomatik olaraq düzəlməliydi. Düzəldimi?
Xeyr. Şikayətlər gəlməkdə davam edir. Verilən sərəncamlara baxmayaraq, korrupsiya dəyirmanı öz işindədir. Elə strukturlar var ki, 17 oktyabrdan əvvəl necə işləyirdilərsə, necə xərac toplayırdılarsa, öz işlərinə eləcə də davam edirlər.
Sadəcə, hiss olunur ki, onlar Eldar Mahmudova və MTN-in “vurulan” generallarını, məşhur təmsildə olduğu kimi, “gözü çıxan qardaş” hesab edirlər. Yəni hamısı bilir ki, onların saraydışı edilmələrinin əsl səbəbi korrupsiyaya uğramaları və reketçilikləri deyil, başqa məsələdir, özlərini yaxşı aparsalar, cızıqlarından çıxmasalar, hansısa qırmızı xətləri keçməsələr, başlarına bu iş gəlməzdi.
Elə bir gün olmaz ki, hansısa dövlət strukturunda növbənöv şikayətlər gəlməsin. Ən çox şikayətlər də gömrükdən gəlir.
Belə görünür ki, gömrükdəki “xərac dəyirmanı”na təsir etmək mümkün deyil. Bu komitə qanunların fövqündədir, sahibkarlara istədikləri məzənnəni diktə edir və alırlar. “Aldıqlarının içində rüsumlar da olur” – məşhur ifadə ilə desək. Bu strukturun fəaliyyəti ölkənin hər bir vətəndaşının büdcəsinə ziyan verir. Çünki ölkəyə əmtəə gətirən sahibkarların cibindən çıxan yüz minlərlə, milyonlarla manat pul sonradan sadə vətəndaşların cibindən manat-manat çıxarılır.
Uzun sözün qısası, MTN-də aparılan ifşa əməliyyatı ilə kifayətlənmək olmaz, ölkəni dövlətin içində qurulub böyümüş mafiyaların cəngindən xilas etmək təşəbbüsləri ciddi və səmimidirsə, başqa stukturlarda da bənzər əməliyyatlar həyata keçirilməlidir.
Bundan narazı qalanlar, rahatlığı pozulanlar, milyonları əldən çıxanlar olacaq, amma əsas odur ki, xalq məmnun qalacaq və bu tədbirləri dəstəkləyəcək.
Saakaşvilinin korrupsiya ilə mübarizəyə dair xəbərdarlığı bundan ibarətdir: “Əks halda hakimiyyət iflic vəziyyətinə düşəcək”.