(tarixi araşdırma)
Allaha şükür, hər şey əmin-amanlıqla geridə qaldı. Xalqımız əziyyət çəkmədi, hökumət özü deputatları təyin elədi, qarşıdan gələn 5 ildə də asudə dolanacağıq. Yoxsa seçki keçirdən ölkələri görmüşük nə kökə düşür. Almaniya dağılır, Suriyada müharibə gedir, Ermənistan boşalır, Fransada biqeyrətçilik baş alıb gedir. Bizdə bunların hansı var? İnsafla danışaq gərək. Hətta qeyrətli müsəlman kişilərimiz dünən çox yaxşı bir təklif irəli sürüblər, deyirlər gərək metroda bir vaqon qadınlar üçün ayrılsın. İnşallah, qadınların bizdən tamam ayrılıb Amazonka Respublikası tipində bir cümhuriyyət qurmasını da görərik. Hərənin öz yeri var. Kişi kişi ilə, qadın qadınla yaşamalıdır.
Seçki günü kimi deputat qoyublar, kim harda məntəqə sədri ilə cırmaqlaşır - bunlara qəti maraq eləmədim. Dünən bu haqda yazmışam, çox başınızı ağrıtmayım. Ancaq gecə yarısı, artıq təqvim 2 noyabrı göstərəndə internetə girdim ki, görüm respublikamızın çiçəklənməsi naminə hansı işlər görülmüşdür. Google axtarış sistemini açanda gördüm bura şirkət bir təzə “dudl” (türkün məsəli) yerləşdiribdir. Həmin haqq-hesabdan məlum olurdu ki, 2 noyabr riyazi məntiqin atası Corc Bul adlı kişinin doğum günüdür. Bizdə məntiq-zad heç kimə lazım olmur, o üzdən baxdım ki, görüm bu rəhmətlik Bul müəllim nə bulmuşdur. Belə yazmışdılar: alim ilk dəfə düşüncə obyektlərini hərf və rəqəmlərlə işarələyib riyazi modelləşdirmə aparıbdır, misal üçün, buynuzlu heyvanları x  (“iks”), qoyunları isə y (“iqrek”) ilə işarələyib, daha sonra “xy” vahidi ilə “bir sürü qoyunu” sinifləşdirmişdir. Gördüyümüz kimi çox böyük alim olub, Bakıda yaşasaydı MSK-da işə götürərdik.
Bu gün sizə ayrı bir mövzudan bəhs etmək istəyirəm. Başqa dahini aşkar eləmişəm, bu adam da milliyətcə fransızdır, özü islamı qəbul eləmişdir, daşı düşsün bizim ateistlərin başına - söhbət multiplikator Jak Mensong İmprudent yoldaşdan gedir. Bəlkə hamınız izləmisiniz, bu insan “Minyonlar”, “Çılğın oğru” cizgi filmlərinin yaradıcısıdır, çox sevimli minyon obrazları yaratmışdır.
Hə, indi mətləbə keçim: mən analizlər nəticəsində aşkar etmişəm ki, bu minyonlar əslində azərbaycanlıdır. Doğrudur, indiyə qədər minyonların hansı millətdən olması dəqiq bilinmirdi, onların damarlarında hansı qanın axması şübhə altında idi. Örnək üçün, minyonlar ac olanda “Mi vont banana” deyirlər. Niyə məhz banan? Diqqət etsəniz, bizim ölkədə əsas müqayisə edilən ərzaq məhsulu banandır. Hər dəfə hansısa jurnalist yazır: “Gürcüstandan bananı filan qəpiyə aldım, Bakıda isə filan manata”. Bu, çox geniş yayılmış ekonomik ölçüdür. Amerikada-zadda qamburgerin qiyməti kimi.
Yaxud minyonlar qəzəblənəndə “Tatata bala tu!” deyir. Görün nə qədər bizə yaxındır, sanki “Balanı tutsunlar” deyilir. Yanğına “Bi du bi du bi du” deyirlər. Biz də harasa yananda bənzər səslər çıxarırıq. Yanğınsöndürən maşının gəlişini bu cür imitasiya edib içəridə ölənlərə təskinlik veririk.
İkincisi, minyonlar  sarıdır, aşırma şalvar geyinirlər. Eynilə bizim məktəbli uşaqlarımıza bənzəyirlər. Gülüşləri də tam azərbaycanlı gülüşüdür, xüsusən ictimai nəqliyyatda 3-4 qara gödəkçəli gənc oğlanlarımız və əsəbi qızlarımız bir yerdə olanda bu cür səslər çıxararaq sevinclərini büruzə verirlər.
Üçüncüsü, minyonlar azərbaycanlılar qədər şirindir. Allah hər kəsə belə şirin bala qismət eləsin, ilahi amin! 
Laçının Minkənd kəndində qədim minyon babalarımıza aid küp-qəbirlər aşkar edilmişdi, indi ermənilər onları özününküləşdirir. Mingəçevir şəhərini də minyonlar tikiblər, adı “Minyonlar gəldi çevirdi” deməkdir. Yaqub müəllimin Tarix İnstitutunun araşdırmalarına görə Midiya dövlətinin adı Minyoniya olub, sonra Mindoniya-Midoniya-Midoya-Midiya şəklində dəyişərək günümüzə çatmışdır.
Ancaq təbii, əsas bənzərliyimizi qəsdən axıra saxladım. Minyonların da azərbaycanlılar kimi ən böyük dərdi yiyə dərdidir! Hər 3 filmdən bildiyimiz kimi, minyonlar qədim dövrdən bəri özlərinə ağa axtarırlar. İstəyirlər hansısa lotu bir oğlan, hansısa xilaskar olsun (son filmdə bir arvad yiyə tapmışdılar, ancaq o qədər yarımadılar), bunlar da onun arxasıyca düşüb yeni üfüqlər kəşf etsinlər. Bu ağa mümkün qədər qəddar, oğru, alçaq, yaramaz, pis adam olmalıdır. Nədənsə minyonlar normal rəhbərə qane olmurlar.
Yazımın sonunda təzə deputatxananın köhnə üzvlərini minyon dilində təbrik edirəm: “Poka bananonina baboy!”
  
                              
          
                                            
            