2003-ün 15 oktyabrına 12 il sonrakı baxış
“12 il oldu, gərək 15-16 oktyabr hadisələrindən yazaq” deyə bu yazını yazmağa başlayanda gənc əməkdaşlarımızdan biri səmimi şəkildə soruşdu: “15 oktyabrda nə olub ki?”
Zarafat etmirdi, ciddi-ciddi soruşurdu. 15 oktyabrda nə olduğu, hansı hadisənin baş verdiyi dərhal yadına düşməmişdi. Biz deyəndən sonra yadına saldı ki, bəli, 12 il öncə bu cür hadisələr olub.
Zaman belədir, ötür, gedir, yaraları sağaldır, yeni yaralar açır, ehtirasları soyudur, şövqləri korşaldır, bir zamanlar aktual olan şeyləri sıradan çıxarır, hər şeyi yıpradır, unutdurur.
2003-cü ilin 15 oktyabrı da beləcə unudulur.
12 il öncənin 13-14 oktyabrına dönmək mümkün olsaydı, o vaxtkı seçki ehtirasının, siyasi gərginliyin, qarşılıqlı nifrət atmosferinin durumunu birə-bir dəqiqliklə təsvir edərdik.
İndi oturub xatırlamaq, nostaljiyə qapılmaq, “ah, necə ümid dolu, parlaq günlər idi”, yaxud, “getsin, gəlməsin, o günlərdə çox acılar çəkdik” demək asandır, amma həmin günlərdə ölkədə bir qanlı vətəndaş müharibəsinə bəs edəcək qədər nifrət, gərginlik, hiddət vardı.
Hərdən adam o qədər qatı düşmənçilik ovqatı hökm sürən dönəmdən salamat çıxdığına, bir-birinə qarşı “ölüm-dirim” savaşına köklənmiş insanların sonradan bir ölkədə yaşaya bilməsinə mat qalır.
Başqa ölkələrdə belə şeylər olmadı – nə Liviyada, nə İraqda, nə Misirdə, nə Suriyada, nə Tunisdə.
Bu və digər ölkələrdə inqilabçıların qalib gəldiyi variantlarda keçmiş iqtidar komandasının üzvlərini kütləvi şəkildə qırıb çatdılar, inqilabın baş tutmadığı variantlarda isə inqilabçıları kütləvi şəkildə edam etdilər.
Bizdə də qarşılıqlı nifrət o qədər güclüydü, amma repressiya dalğası az itki ilə, liderlərinin və siyasi fəalların bir qrupunun həbsi ilə ötüşdü. Kütləvi şəkildə güllələnənlər olmadı.
İndi hakimiyyət adamları bunu özlərinin səbatının, qanunpərəstliyinin bəhrəsi kimi qələmə verə bilərlər, amma məsələ heç də iqtidar komandasının insafında deyildi. Bəzi qüdrətli xarici dairələr total repressiya və “hakimiyyəti devirmək istəyənlər”in kütləvi güllələnməsinin qarşısını aldı.
Hətta hakimiyyət dəyişsəydi də, iqtidara gələn yeni qüvvələr köhnələri kütləvi şəkildə repressiya etməyəcəkdi, ən çoxu 5-6 odioz oliqarx bir neçə aylığa zərərsizləşdiriləcəkdi, daha sonra hamısına siyasi və iqtisadi amnistiya veriləcəkdi.
Əslində isə 2003-cü ilin oktyabrın 15-də heç bir inqilabi hərəkat yox idi, sadəcə, prezident seçkisiydi. Bu seçki inqilabi dəyişikliklərə səbəb ola bilərdi. Xalqın gözləntisi bu idi.
Fəqət hakimiyyət komandası vəzifədən, dövlət idarəetməsindən getməyi, müxalifətə çəkilməyi ölüm-qalım məsələsinə çevirmişdi. İqtidar komandasının üzvlərinin gözündə prezidentliyə əsas namizəd İsa Qəmbər “böyük düşmən” idi, hesab edirdilər ki, o, hakimiyyətə gəlsə, onlar hər şeylərini itirəcəklər.
O cür düşünən adamlar monolitcə birləşərək İsa Qəmbərin qanuni əsaslara hakimiyyətə gəlməsinin qarşısını zorakılıqla, saxtakarlıqla aldılar, ala bildilər, amma bu, onlara xoşbəxtlik gətirmədi. Onların bir xeylisi onsuz da çox şeylərini itirdilər – vəzifələrini, bizneslərini, nüfuzlarını, etibarlarını. Hətta sonradan azadlıqlarını itirənlər də oldu.
Bircə şey dəqiq idi ki, hakimiyyətə İsa Qəmbərin gələcəyi təqdirdə o şəxslər bu qədər itkiyə məruz qalmayacaqdılar. Hətta vəzifə pillələrində daha da qabağa gedənlər olacaqdı. Hansısa biri prezident kürsüsündə İsa Qəmbəri əvəz edəcəkdi. Demokratik düzənlərdə adətən, belə olur.
Ancaq bunların heç biri olmadı. 2003-cü ilin 15 oktyabrında əks-inqilabi qüvvələr Azərbaycanın yeni bir relsə oturmağının qarşısını almaqla yanaşı, özlərinin də gələcəklərini baltaladılar.
Ölkəni bu duruma onlar gətirdilər.
İndi baxın, dövlət başçısı ölkədə korrupsiyanın tüğyan etməsindən, məmur özbaşınalığından, talançılıqdan, harınlıqdan danışır, bütün bunlara son qoyulmasını tələb edir, o adamların cəzalandırılacağını deyir. O bunu bu il oktyabrın 12-də deyib.
2003-cü ilin oktyabrının həmin günü isə bu sözləri “Bizim Azərbaycan” blokunun, müxalifətin vahid namizədi İsa Qəmbər deyirdi. Xalq da ona görə seçki məntəqələrinə gedərək İsa Qəmbərə kütləvi şəkildə səs vermişdi. Çünki vəziyyətin düzəlməsini istəyirdi.
Üstündən 12 il keçib, dəyişən bir şey yoxdur, xalq hələ də ölkədə haqq-ədalətin bərqərar olmasını, məmur zülmünə son verilməsini istəyir.
Hər şeyin yaxşı olacağına ümid indi çox azdır. Amma 2003-cü ilin 15 oktyabrında ümid iddiadan daha böyük idi.
Biz 12 il öncə ağ səhifədən, yeni abzasdan, təzə sətirdən başlayaraq, Azərbaycan üçün yeni bir alın yazısı yaza bilərdik. Bəlkə də indiyə 3 prezident, yeddi baş nazir dəyişmiş olardıq, amma indiki durumda olmazdıq.