Qurban, Allah sənə lənət eləsin! Erməninin küpəsində su gətirib gəc qayırdın və dünya-aləmi mırdar elədin. Allah sənə lənət eləsin!”
(Cəlil Məmmədquluzadə, “Usta Zeynal”)
***
5 oktyabr ölkəmizdə Müəllimlər günü kimi təntənəli şəkildə qeyd edilir, hər bir valideyn azı 10 manatdan pul yığaraq təhsil prosesinə töhfə verməyə çalışır. Bu baxımdan, uca millətimizin qoşduğu “Ey hörmətli müəllim, Hər yerində cibin var” tipli poetik örnəklər müəllimlərin peşə bayramları ərəfəsində çox aktual olur.
Müəllim peşəsinə böyük hörməti vaxtilə dahi rəhbərimiz də öz çıxışlarında qeyd etmişdir. Sitat: “Müəllimlər bizə bilik öyrədirlər. Bizə başqaları da bilik öyrədir, lakin müəllimlər daha çox bilik öyrədir. Bu o deməkdir ki, biz müəllimləri sevməliyik, daim onlardan biliklər öyrənməliyik. Əlbəttə, başqalarından da biliklər öyrənmək olar, müəllimlər bizə bunu da öyrədirlər”. Gördüyümüz kimi, çox hikmətli fikirlərdir. Mən bunu Təhsil Nazirliyinin foyesində oxuyub öyrənmişəm. Deyilənə görə hələ də orda qalır, Mikayıl müəllim Misir müəllimin bu yadigarını sökməyi düzgün olaraq təhsil prinsiplərinə zidd saymışdır.
Amma hər bir müqəddəs bayram kimi Müəllimlər günü bayramının da bir tarixçəsi olmalıdır. Rəyini soruşduğumuz müəllimlər hərəsi bir söz dedilər. Örnək üçün, Bakı şəhəri, Səbayel rayonunda yerləşən Müəllimləri Təkmilləşdirmə və Təmkinləşdirmə İnstitutunun direktoru, əməkdar incəsənət xadimi, iki dəfə deputatlığa namizəd, 3 qat “Seçki qanadları” mükafatı laureatı Faciə Naxçıvanlıdan münasibət öyrəndik. Faciə xanım qaşlarını kamil şəkildə çataraq, əlini çənəsinə ataraq, dərs dediyi uşaqların başını qataraq sualımıza belə cavab verdi: “5 oktyabr Azərbaycanda ilk dəfə repetitor yanına gedən uşağı itin tutduğu gündür”.
Binəqədi rayonu 666 saylı məktəbin “Qeybətin əsasları” müəlliməsi Ümbülnisə xanım isə sorğumuza belə cavab vermişdir: “Vaxtilə uşaqlar müəllimlərə hədiyyə olaraq ”Nazpəri” şokoladı verirdilər. Sonra müəllimlər o şokoladı başqa müəllimlərin doğum günündə hədiyyə edirdilər. Həmin şokolad qutusu bir neçə il dövr edəndən sonra mənbəyinə qayıdırdı. İlk dəfə 1999-cu ilin 5 oktyabrında Biləsuvar şəhər məktəbinin idman müəllimi İmamqulu bəy həmin qutulardan birini açaraq çay içmişdir. Bu görünməmiş hadisə Müəllimlər gününün yaranmasına səbəb olmuşdur”.
Versiyalar çoxdur. Misal üçün, bəziləri deyirlər ki, müəllimlər 5 oktyabrda seçkilərə hazırlaşırlar, bülletenləri paltarın harasında gizlədib qutuya yaxınlaşmağı məşq edirlər. Guya bu, 5 oktyabrı bayram kimi qutlamağa metodik əsas yaradır.
Yeri gəlmişkən, Təhsil Nazirliyinin, o cümlədən Bakı Tikiş Evinin
zəhmətkeş və fədakar rəhbərliyi müəllimlərin hər seçkidə üzləşdiyi bu pedaqoji problemin həlli üçün tədbirlər görsələr yaxşı olardı. Müəllimlər, direktorlar, xüsusən müəllimələr bir topa seçki bülleteni ilə qutuya yaxınlaşarkən əziyyət çəkirlər. Bəzən Əfruz müəllimə kimi əllərində tuturlar, yaramaz jurnalistlərin hücumuna məruz qalırlar. Bəzən isə alt paltarında bülleten və protokolları gizlədirlər, nəticədə Məzahir müəllim əziyyət çəkir. Fikrimcə, yaxşı olardı dövlət səviyyəsində müəllimlərin iş geyimində xüsusi bülleten cibləri hazırlansın. Ölçüsü geniş olsun, hər reysdə qutuya azı 30 bülleten basmağa imkanlar yaratsın.
Bir versiya da belədir ki, guya 5 oktyabr YUNESKO tərəfindən bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Açığı, mən bu söhbətə heç inanmıram, çünki bizim öz milli mənəviyyatımız, musiqimiz, idmanımız, dolmamız, sarı gəlinlərimiz, öz müəllimlərimiz, öz şagirdlərimiz vardır. Biz heç vaxt başqa xalqların bayramını keçirdə bilmərik. Lazım gəlsə biz bayram qayırmaq mövzusunda başqa xalqlara dərs keçərik. Ən əsası, müəllim kimi şərəfli peşənin bayramını biz xaricdən götürsək xaricdən maliyyələşən qara qüvvələrin gününə düşərik!
Gördüyümüz kimi, söhbətlər çoxdur, ancaq mən ən çox “İmamqulu müəllimin şokolad qutusunu açması günü” versiyasına inanıram. Siz də bildiyinizi yazın. Bilik paylaşdıqca artan şeydir. Müəllimlər günü isə elə əziz gündür ki, biz bunu bütün il uzunu bayram eləsək azdır.