Dostum-qardaşım, dəyərli jurnalist həmkarım Aynur Elgünəş dünən sosial şəbəkədə böylə bir status yazmışdı: “Dünya mətbuatı Putinin bombasından danışır, bizim mətbuat da Xatirənin bankasından”.
Məsələdən hali olmayanlar üçün aydıralım ki, söhbət srağagün Rusiya prezidenti Vladimir Putinin iradəsi ilə Rusiya qırıcılarının Suriyada prezident Bəşər Əsədə qarşı çıxan terrorçuların mövqelərini bombalamasından və tanınmış müğənni Xatirə İslamın soyuqlama səbəbi ilə kürəyinə küpə (öz dilimizdə desək, banka) düzülmüş halda şəklinin (və bu barədə xəbərin) internet resurslarında yayılmasından gedir.
Həmkarım da fikir verib ki, dünya mətbuatı eyzən Suriyanın bombalanmasından yazdığı halda bizdə əsas müzakirə mövzusu Xatirənin bankasıdır.
Əlbəttə, bizim mətbuat da rus qırıcılarının Suriya çöllərinə tökdüyü bombadan yazırdı, amma bu, ictimai müzakirəyə səbəb olmurdu. Çünki 4-5 ildir camaat Yaxın Şərqdən ah-vay, vur-həşir, bomba-terror xəbərlərinin gəlməsinə vərdiş eləyib. Zatən, oralardan başqa xəbər gəlmir. Amma kürəyə düzülmüş banka efirdə yeni səsdir, bu, yeni xanədəndir.
İndi qədirbilən, amma o qədər də tənqidçi olan oxucu irad tuta bilər ki, burda xəbər olası nə varı, çox adam soyuqlayanda bu cür belə küpə qoydurmaq kimi türkəçarəyə əl atır.
Amma bu başqa məsələdir axı, Xatirə sıradan biri, adi, sadə adam deyil, ünlüdür, tanınmışdır, məşhurdur, elə adamların hər bir addımı, sözü, hərəkəti xalq üçün maraqlıdır. Məsələn, adi adam yol qəzasına düşüb həlak olsa, bu, üç cümləlik sadə bir xəbərin mövzusudur, amma Xatirənin və ya Rəqsanənin maşınını küçədə dayandığı yerdə mismarla cızıblarsa, yaxud böyründən keçən naməlum avtomobil onun buferini sürtüb qaçıbsa, bu, artıq sensasion xəbərdir, saytlar, qəzetlər yazmalıdır, televiziyalar çəkib göstərməlidir. Bunlar mediada “bomba xəbər” hesab olunur.
O baxımdan banka-küpə məsələsinə heç kəs elə-belə şey kimi baxmasın. Xalqın belə xəbərlərə ehtiyacı var. İnanmırsınız, Suriyanın bombalanmasına dair xəbərin də oxunuş statistikasına baxın, Xatirənin beli bankalı şəkildə üzüquylu uzanmış halda çəkilmiş şəkliylə müşayiət olunan müvafiq xəbərə də. Bu iki xəbərin oxucu sayları arasında on qat fərq görməsəniz, gəlin, deyin ki, noutbukunu da götür get mediadan.
Dünya miqyaslı hadisələrə biganəliyimiz indinin söhbəti deyil, 100 il, 70 il qabaq da böylə olub. Məsələn, danışırlar ki, II dünya müharibəsi zamanı şair Əliağa Vahid radioda işləyirmiş və vurub gəlib oturubmuş redaksiyada. Birdən xəbər gəlir ki, Amur çayı daşıb, Yaponiya da Çinə hərbi müdaxilə edib, xəbər hazırlamaq lazımdır. Şair də bədahətən deyib ki, Amur çayı daşıbdı, su çıxıb qurşağıma, Yapon girib Kitaya, mənim nə… işimə?
İndi onun sözü olmasın, orda Putin qırır İŞİD-i, qan axıb dönüb gölə, burda küpənin vaxtı ötüb, suluqlar gəlib belə. Əsas sənətkarın xəstələnməsi və sadə bir insan olduğu üçün hamı kimi xalq təbabətindən istifadə edərək sağalmağa cəhd göstərməsidir. O da bəziləri kimi durub İsrailə, Almaniyaya getmir ki? (Hərçənd o təxəllüslə Xatirəni İsrailə buraxmazlar).
İntəhası, bir əngəl var. Hörmətli müğənnimiz bu xəbəri yayan jurnalistləri söyüb-yamanlayıb, onların ünvanına pis-pis sözlər işlədib.
Burası düz deyil. Çünki belibankalı şəkilin yayılmasının təşəbbüskarı xanım özüdür, şəklin müəllifi də hər kimsə yaxın adamıdır, bu məsələdə ilk jurnalistliyi onlar edib. Heç kəs unutmasın ki, iki cür media var: 1. peşəkar media (qəzet, sayt, jurnal, televiziya, radio). 2. Sosial media (bloqlar, sosial şəbəkələrdəki səhifələr və s.). Əgər kimsə bunların birində özünə aid nəsə yayırsa, artıq onun sonrakı tirajlanmasına yasaq qoya bilməz. Heç mümkün də deyil.
Ona görə də kimsə tumançaq şəklinin yayılmasını istəmirsə, onu instaqrama, facebook-a, digər sosial şəbəkələrdəki səhifələrə qoymamalıdır. Qoydunsa, sənin deyil artıq.
Bu cür “kitayski” xəbərlərin çox oxunmasına gəlincə, burda bir məntiq, bir əsas var. Düzü budur ki, insanlara bankalı bel, tumansız diz daha xoş gəlir, nəinki kəsilmiş baş, tikə-parça olmuş qol-bud… Bu qədər bəsit.