Dünən axşam redaksiyada ustaya kompüterimi sazlatdırırdım, bekarçılıq idi, əlimi atdım rəfdən bir kitab götürdüm ki, bir saat çəkəsi sazlama prosesində başımı qarışdırım. Baxdım ki, yazıçı Elçinin “Beş dəqiqə və əbədiyyər” kitabıdır.
Diqqət elədim ki, bir neçə povest, pyes, çoxlu hekayə və yol qeydlərindən ibarət olan bu kitab 31 il əvvəl kiril əlifbasıyla buraxılıb, qiyməti də 1 manat 30 qəpikdir. Müasir oxucu bundan qat-qat kiçik həcmli, “Evlər köndələn yar” tele-tamaşasında deyildiyi kimi, 150 qramlıq kitabların qiymətinin 5 manatdan başladığı indiki dövrdə buna təəccüblənərdi, amma biz bilirik ki, o vaxt eləydi.
Kitabın içindəki birinci səhifəyə baxdım. Dedim, bəlkə bu, müəllif tərəfindən kiməsə bağışlanmış kitabdır. Hazırda dəbdir axı, müəlliflər oxucularına satdıqları, bağışladıqları kitabın, demək olar ki, hamısını imzalayırlar. Amma hazırda baş nazirin müavini vəzifəsində işləyən müəllifin bu kitabında imza yox idi, əvəzində möhürfason bir şey vardı və orda yazılırdı: “Babək rayon kitabxanası”.
Bəs necə olub ki, ölkənin o biri ucundakı kitabxanada olmalı olan kitab gəlib bizim redaksiyanın rəfinə çıxıb? Yadıma düşdü. İki il əvvəl bunu və yeddi-səkkiz də başqa kitabı pəncərəmizdən görünən zibillikdən Fərahim İlqaroğlu yığıb gətirdi. Həmkarımız gördü ki, bir kişi karton qutularda bir xeyli kitabı gətirib zibilliyin ortasına olmasa da, bir küncünə atıb getdi, bu da düşüb bəzilərini seçib götürüb gəldi. O kitabların içində Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” romanı da vardı. Hələ mən də dedim ki, ey gidi dünya, vaxt vardı, bu kitabı oxumaq üçün növbəyə durmuş, axırda oxunmaqdan cırıq-cırıq olmuş variantını tapıb oxumuşduq, indi o kitabı zibilliyə atırlar.
Xüləs, “Beş dəqiqə və əbədiyyət” kitabında toplanmış hekayələrə göz gəzdirməkdəydim ki, gördüm, bu hekayələrin hamısını oxumuşam, amma lap çoxdan – ən azı 33-35 il əvvəl.
“Bu dünyada qatarlar gedər” hekayəsindən yadımda qalan yalnız o idi ki, dəmiryol kənarında yerləşən bir kənddə böyüyən bir oğlan olur və qatarlara həsrətlə baxır. Vəssalam. Ona görə də bu hekayəni yenidən oxudum. Əla hekayəymiş. Diqqətim bu hekayədə günümüzlə səsləşən iki məqama yönəldi. Biri bu idi: “Əbili dünyanın bu işləri barədə fikirləşirdi ki, uzaqdan bir qatar göründü və Əbiligilin yanından ötüb-keçəndə vaqonların birindəki bir qız pəncərədən xeyli zir-zibil tulladı: boş butulka, kağız, yumurta qabığı, pomidor artığı və bir də bunlara bükülmüş kitab vərəqləri” .
Təsəvvür edin, yazıçı Elçin bu sətirləri 42 il əvvəl, 1973-cü ildə yazıb. Gördüyünüz kimi, aradan yarım əsrə yaxın vaxt keçib, dünyanın ən böyük imperiyası dağılıb, dünyada 50-dən artıq dövlət əmələ gəlib, Nyu-Yorkda yaşayan insanla Sulutəpədə yaşayan adam bir-biriylə görüntülü danışa bilirlər, amma biz bu zibilatma işində çox da dəyişməmişik. Hələ də zibilimizi vaqonun, avtomobilin pəncərəsindən hara gəldi tolazlayırıq. And içə bilərəm ki, təyyarənin illüminatoru açıq olsa, yaxud onun açmaq mümkün olsa, biz təyyarədən də yerə zibil atarıq.
Hekayədə diqqətimi çəkən ikinci detal budur: kasıbçılıqla böyüyən, amma “5”lə oxuyan kənd uşağı (sonradan o, Moskvada universitetə daxil olur) olur, qatardan düşüb yol kənarında oynayan bir ərköyün qız onun təhər-töhrünə, pal-paltarına rişxənd edib gülür, rəfiqələrinə göstərib ələ salır, şokolad plitkası ilə “klass-klass” oynayır, sonra şokoladı toz-torpağın içinə atıb qatara minib gedir.
Söhbət yağ-bal içində yaşayan, vəzifəli, imkanlı valideynləri ilə sovet kurortlarına yollanan harın bir yeniyetmə qızdan gedir. O, yüzminlərlə yaşıdının həsrətlə baxdığı, tapmadığı şokolad plitkasını ayağının altına atıb yastı daş kimi oynadır və atıb gedir. Bu, sovet dövrünün harın züryətlərinin etdiyi hərəkətdir.
Hazırda miqyas daha da böyüyüb. İndi harın züryətlər cip ötüşdürür, bəzən bahalı maşınlarını divara, dirəyə çırpıb xurd-xəşil edir, ordaca atıb gedir, avtosalondan yenisini alırlar.
Yaxşılığa doğru dəyişən bir şey yoxdur, 40 il əvvəl necəydiksə, eləyik, bir az da üstünə qoymuşuq, bir az da mədəniyyətsiz olmuşuq, bir az da harınlaşmışıq, bir az da ötkəm olmuşuq.
Yaxşı ki, hələ də öz başı ilə “5”lə oxuyan və ən yaxşı universitetlərə daxil olan əbililərimiz var. Onlar da olmasaydı, bu ölkə tamam yaşanmaz olardı.