Sərlövhəyə baxıb heç də təəccüblənməyin. İstirahətdə olduğum günlərdə kəndimizə qonşu olan Lerikin ucqar yaşayış məskənində baş verən faciəli hadisənin şahidi olmasaydım, bəlkə mən də bu barədə deyilənə inanmazdım. Tələbə adını qazanmaq heç də həmişə sevinc gətirmirmiş. Necə ki, mənim uşaqlıqdan tanıdığım Buludxan bu sevinci yaşaya bilməyib 47 yaşında dünyasını dəyişdi.
Oğlu Lənkəran Dövlət Universitetinə qəbul olubmuş. Eşidəndə həm sevinib, həm də qalıb çıxılmazda. Təhsil haqqı üçün təcili 1500 manat lazımmış. Nə həyətdə satmağa artıq heyvan-qara qalmayıb, nə aylıq maaşı var, nə də… Gümanı gələn insanlara borc üçün müraciət edib, ancaq əksəriyyətin bankdan asılı qaldığı bu ağır dönəmdə aldığı cavab müsbət olmayıb.
Elə dünyasını dəyişən gün də bir neçə nəfərə zəng edibmiş, yas yerində danışırdılar. “Dedi uşağı oxutmasam, bunu heç vaxt özümə bağışlamaram, bu boyda zəhmət çəkib”, -bunu da yaxınlarından biri söylədi. Elə söhbət əsnasında ürəyində ağrıların olduğunu deyibmiş. Həkimə getməyi təklif edənlərə isə belə deyib: “Qoy uşağı yerbəyer edim, sonra gedərəm…”
Bu, bir tələbə atasının faciəsi deyil. Bu, heç bir ailənin, onun tələbə adını almış, indi gözüyaşlı qalmış oğlunun da müsibəti deyil. Mən qəbiristanlıqda tez-tez donub qalmış, gah atasının qazılmış məzarına, gah da cansız nəşinə tərəf göz gəzdirən tələbə oğlana baxırdım. Yəqin ki, özünü də qınayır, tələbə adını qazanmasaydı, bu faciə baş verməzdi, deyə… Ancaq övlad nə bilsin ki, ailəsinə sevinc bəxş etdiyi yerdə təhsil haqqı xəbəri bir güllə kimi atasının ürəyini dəlib keçəcək. Elə oğlunun qolları üstündə keçinibmiş Buludxan. Qonşu kənddən həkim gələndə çox gec imiş.
Hər tələbə qəbulu ilə bağlı imtahanlardan sonra tələbə adını qazana bilməyənlərin intihar xəbərini eşidirik. Elə bu il də eyni faciələr yaşandı. Amma unuduruq ki, tələbə adı qazanan, ancaq ödənişli təhsilə düşənlərin də faciəsi yaşanır. Ölkə insanının yarıdan çoxu banklardan asılı vəziyyətdədir. Belə bir durumda təhsil haqqını ödəmək çox ağır dərddir, buna ürək dözmür, necə ki, haqqında bəhs etdiyim valideyn dözmədi. Dəfn mərasimində olarkən beynimdən bir fikir keçdi: bu yerlərdə insanlar övladlarının əsgərlikdə cəbhə xəttinə düşməsini daha sakit qarşılayır, nəinki balaları ödənişli təhsilə düşəndə. Birinci halda “Allah saxlayar” deyirlər, ancaq ikinci halda yüksək təhsil haqqını ödəməmək variantı yoxdur.
Hələ bu, bir müşahidədir.
Görün, nə qədər belə səssiz faciələr, ölümlər var. Nə vaxta qədər valideynlər övladlarının təhsil haqqını ödəmək dərdini daşıyacaq? Niyə belə olmalıdır? Axı, bu məmləkətin insanı heç olmasa uşaqlarının problemlərini həll edəcək qədər imkanlı olmalıdırlar. Mənim tanıdığım Buludxan çox zəhmətkeş adam idi. Hətta həyatının son günündə ürəyində sancılar olsa da, həyətdə odun doğrayırmış, ailə-uşaq üçün qışa hazırlıq görürmüş. Ancaq işsizlik, alternativin olmaması onu çarəsiz vəziyyətə qoyubmuş.
İşsizlik, insanları çox karıxdırıb. Qızıldaş, Güzdək, Lökbatana, daş karxanalarına işləmək üçün gedənlər də son vaxtlar geri dönməkdədir, tikinti dayanıb, daş alan yoxdur deyə. Yenə qabaqlar gənclər ilin 5-6 ayını karxanalarda işləyib çörəkpulu qazanırdılar. İndi yeganə variant qalıb-Ağdam rayonunun işğalda olmayan ərazilərində əkilmiş soğan sahələrində iş ardınca gedirlər. Kisəsi 70 qəpiyə (!) soğan yığımına…Belə durumda övladın da pullu təhsilə düşsün, təbii ki, sadə məsələ deyil.
İllərdir yazırıq, danışırıq, parlamentdə də məsələ qaldırılır. Nələrdən? İcbari tibbi sığortadan. Əgər vətəndaşların tibbi sığortası olsaydı, 4 uşaq atası həkimə müraciəti oğlunun təhsil haqqının ödənilməsindən sonraya saxlamazdı, xəstəxanaya gedib hüquqları çərçivəsində müayinə olunardı. İllərdir tələbə kreditləri barədə deputatlar təklif verir. Tələbələrə güzəştli kreditlər verilsəydi, heç bir kasıb ata övladının pullu təhsilini özünə dərd eləməzdi. Niyə biz bu günümüzə, həm də elə gələcəyimizə laqeyidik, niyə heç olmasa dünya təcrübəsindən yararlanıb vətəndaşlarımıza gün ağlamırıq?