Yayda evimizin damında oturub sərin küləkdə dəniz kimi dalğalanan yaşıllıqlarını seyr etməyə böyük şəhərimiz var idi.
Tinində yığışıb tay-tuşlarımızla söhbətləşməyə daş divarlı, taxta eyvanlı qədim məhəlləmiz var idi.
Bütün hasarlarının başından bayıra qızıl güllər sallanan uzun küçəmiz var idi.
Qız-gəlinin yay uzunu yığışıb məhəllənin başında xalça-palaz yumağa kəhrizimiz var idi.
Səhərlər çay içib ilıq yumurta yeməzdən əvvəl düşüb bir neçə dövrə qaçmağa böyük həyətimiz var idi…
Həftədə bir dəfə qalamağa təndirimiz var idi.
Hərdən pilləkənin ayağında köz salmağa samovarımız var idi.
Günortalar tut ağacının kölgəsinə palaz salıb mütəkkəyə dirsəklənərək kitab oxumağımız və elə oradaca yatmağımız var idi.
Axşama doğru gündüzdən həyətə dağılışmış toyuqları hinə yığmazdan əvvəl yumurtaları toplamağımız var idi…
Payızda səhər qaçışından sonra acqarına meyvələrini dərib yeməyə böyük qara əncir ağacımız var idi.
Əl-üzümüzü yumağa evin qarşısında bulaq, ağacların dibinə tökülən almanı, armudu, heyvanı içində yuyub məhəllə uşaqları ilə yeməyə qəşəng hovuzumuz var idi…
Qışda şəhərimizə yağan çox vaxt sulu qarı hündür evimizin üst mərtəbəsinin pəncərələrindən seyr etməyimiz var idi.
Eyvanın sürahisindən, künc-bucağından qar yığıb qartopu düzəldərək küçədən keçən həmyaşıdlarımıza atmağımız var idi.
İsti otaqlarda saatlarla kitab oxumağımız, rəsm çəkməyimiz, piano çalmağımız, film izləməyimiz var idi…
Yazqabağı qışdan qalan xəzəli həyətin ortasına toplayıb yandırmağımız var idi.
Torpaq özünə gələndə yüngülvari şumlayıb göyərdi, pomidor, xiyar və mütləq az da olsa günəbaxan əkməyimiz var idi…
Sonra yenə yayın gəlməyi var idi. Sonra payızın. Sonra yenə yazın…
Sonra daha payız gəlmədi. Heç yay da sona çatmadı…
22 il bundan əvvəl, iyulun 23-cü günündən sonra yəni…