Medianews.az
Çaxmağı çax, papağı tapaq
56 baxış

Çaxmağı çax, papağı tapaq

Bir çoban olur, Allaha dua edir ki, quraqlıq olmasın, ot-mot bitsin, heyvanlar yesin. Sonra dəhşətli yağış yağır, göy gurultusu, sel, dolu, uçqun, nə bilim, daha nələr olur, qoyunları daşqın aparır, çoban özü isə dağın yamacıyla diyirlənir, papağı başından düşür. Hava da zülmət qaranlıq imiş, çoban papağı tapa bilmir, üzünü göyə tutub deyir: “Qurban olduğum, başa düşdük, bizə yağış lazım deyilmiş. Ancaq heç olmasa o çaxmağı yenə çax, papağı tapım”.

Sözümün canı budur ki, həqiqətən 26 mayda Bakıya yağan dolu-yağış-leysanı mən ilk dəfə görürdüm. Daha dəqiqi, Qarabağda, Şamaxı tərəflərdə görmüşəm, Abşeronda xatırlamıram. Bu nəsə ayrı fəlakət idi, yaxşı qurtardıq, bəlkə də. Ancaq görünür, belə hadisələrə hazır olmalıyıq, çünki təbii fəlakətlərimiz təkrarlanmağa başlamışdır. Sabah Bakıya tornado gəlib maşınları havaya qaldırıb AzTV-nin başına qoysa, Xəzərdən sunami çıxsa, canım sənə desin, Masazırdan palçıq yox, əsl vulkan püskürsə, mən buna artıq təəccüb etməyəcəyəm.

Girişdə yazdığım pritçanın isə səbəbi var. Məncə, göydən buz yağmağı bizim... uşaq pulu-zad arzularımızla bağlı idi. Yuxarıdan bizə ekoloji-sosial-siyasi mesaj verildi ki, qələtinizi eləyin, oturun yerinizdə, şükür eləməyə davam edin. Yadıma gəlir, 2000-ci ildə parlament seçkisindən dərhal sonra da Bakıda zəlzələ olmuşdu, camaat özünü balkondan atmışdı. O vaxtdan bəri biz demokratik seçki, nə bilim, parlament-filan arzulamırıq. Nəyimizə lazımdır? Başımız salamat olsun. Yalnız bir dəfə, 2020-ci ilin fevral seçkisində xalqımız çaşmışdı. Hamı namizədliyini-zadı irəli sürürdü, deyərdin, yel əsib, qoz tökülüb. Axırı nə oldu? Pandemiya.

Ancaq biz demokratik seçki təcrübəmizi bütün dünyaya yaymalıyıq, buna şübhə etmirik. Hazırda çox uzaqda deyil, lap yaxında, qonşumuzda bu təcrübəyə böyük ehtiyac yaranmışdır.

Ermənistanda gələn ayın əvvəli parlament seçkisi olmalıdır, yəqin xəbəriniz vardır, hazırkı erməni lideri, baş nazir Nikol Paşinyan əlində ürək simvolu təsvir edərək ora-bura dolaşır, hakimiyyətini qorumağa çalışır. Nə qədər əvvəlki neqativ çıxış və hərəkətləri yadımızdan çıxmasa da, hazırda biz azərbaycanlılara ən sərf edən namizəd kimi Paşinyan görünür. Çünki Azərbaycana qarşı (o cümlədən Türkiyəyə) torpaq, ərazi iddialarından əl çəkib, sülh şəraitində yaşamaq istəyir, dinc qonşuluq, bütün yolların açılması tərəfdarıdır.

Paşinyan yenidən seçilə bilərmi? Reytinqlər, sorğular üzrə hələlik yarışmanın lideri kimi görünür, ancaq xalq arasında nüfuzu da çox yüksək sayılmaz. Üstəlik, Paşinyanın rəqibi olan əski müharibə caniləri – Köçəryan və sairəyə Rusiya, şəxsən onun lideri Putin ciddi dəstək verir. Təsəvvür edin, Putin utanıb-qızarmadan Moskvada Paşinyanın üzünə demişdi ki, istəyirik bizim adamlar, Rusiya vətəndaşları sizin parlamentin üzvü olsun, hətta bəlkə baş naziriniz olsun. İmperializmin buynuzu olmur ki? Açıq işğalçı bəyanatı idi. Hər ölkənin hakimiyyətini yalnız onun vətəndaşları qurmalıdır, əksi işğaldır, müstəmləkədir, zülümdür.

Sözümün canı odur ki, biz 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinə dəstək verməliyik. Bu həm Putinin qanlı barmaqlarını Qafqazın bir hissəsindən kəsər, həm də Ermənistanla sülh prosesimiz davam edər. (Paşinyanın rəqibləri revanşist, qisasçı açıqlamalar verir, Azərbaycana qarşı yenidən müharibə istəyirlər).

Dəstəyimiz isə ilk növbədə MSK sədri Məzahir Pənahovdan ibarət müşahidəçi missiyasını İrəvana göndərmək ola bilər. Məzahir müəllimin təşkilatçı və müşahidəçi olduğu seçkilər həmişə dinc, demokratik, sülhsevər, namuslu xarakteri ilə yadda qalmışdır.

Həm də Məzahir müəllim müşahidə edəndə adətən müxalifət uduzur. Bunu da girişdəki “çaxmaq təcrübəsi” əsasında bilirik.

Bizə qoşulun