Medianews.az
Yunanıstanın ibrətlik halı
280 baxış

Yunanıstanın ibrətlik halı

img1830847 Siyasətə atıldığı qısa müddət ərzində xalqın etimadını qazanaraq, həlledici səs toplayaraq hakimiyyətə gəlmək, dövləti idarə etmək hüququ qazanmaq hələ yaxşı, uğurlu siyasətçi olmaq demək deyil. Yaxşı siyasətçi odur ki, əldə etdiyi hakimiyyəti xalqının, dövlətinin mənafeyi naminə istifadə edə bilsin, onu ağ günə çıxarsın, bunu az vaxtda bacarmasa belə, heç olmasa, xalqının vəziyyətini ağırlaşdırmasın. Yunanıstanın çiçəyi burnunda baş naziri Aleksis Sipras (türkcə desək, Çipras, rusca - Tsipras) dünənə qədər uğurlu siyasətçi sayıla bilərdisə, bu gün o cür səciyyələndirilə bilməz. Adam ölkəsini uçurumun kənarına gətirib, Yunanıstanın və onun özünün düşəcəyi girdabın dibi isə görünmür. Əslində Yunanıstanın bu günə düşməsinin başlıca günahkarı yeni baş nazir deyil. Ondan əvvəl ölkəni idarə edənlər öz səriştəsizlikləri, tamahkarlıqları, tənbəllikləri, korafəhmlilikləri ilə dünya mədəniyyətinin beşiyi olan ölkəni yavaş-yavaş bu duruma gətirirdilər. Sipras isə gəlib ölkənin can verməkdə olan iqtisadiyyatına yiyə durub və vəziyyətdən çıxmaq üçün məsuliyyəti xalqla bölüşərək addımlar atır, çabalayır, özünü sağa-sola çırpır. İndilikdə Siprasın addımları daha çox populist xarakterlidir. O, Avropa Birliyinə cəbhə açmaqla bəlkə müvəqqəti olaraq xalqın gözündə qəhrəman olacaq, amma bu avantüranın sonunun necə olacağını, belə görünür ki, özü də bilmir. Hazırda Sipras Avropaya qarşı getməklə Rusiyanın təbii müttəfiqidir və özü də ağır durumda olan bu ölkədən aşağı faizli kredit, bonus, ənam alacağına ümid edir, ancaq çökməkdə olan Rusiya iqtisadiyyatının Yunanıstanın xilası üçün atacağı xilasedici kəmər saman çöpündən başqa bir şey olmayacaq. Avropa isə Yunanıstanın son referendumda 61 faizlə verdiyi qərarı heyrətlə qarşılayıb. Bir ölkəyə bu qədər yardım olunsun, ancaq o, yardım edənlərə, onu vəziyyətdən çıxarmaq istəyənlərə dirsək göstərsin. Belə bir nankorluq hadisəsi son 70 ildə Avropada baş verməyib. Söhbət 240 milyard dollardan gedir. Yunanıstan hökuməti bu qədər pulu alıb, xərclədiyini xərcləyib, yediyini yeyib, dağıdıb, indi isə onu nəinki geri qaytarmağı düşünmür, hətta daha çox pul istəyir - həm də sonradan qaytarmamaq şərtilə. Sanki Yunanıstan ərköyün övlad, Avropa isə varlı valideyndir və o, şıltaq balasının xərclərinə, israfçılığına sona qədər dözməlidir. Bu dövlətin vətəndaşlarının ifrat tənbəlliyi, müftəxorluğu barədə deyilənlərə, yazılanlara çox da vurğu salmadan, onlara başlıca arqument kimi istinad etmədən demək olar ki, Yunanıstanın digər Avropa ölkələrindən fərqli olaraq bu sayaq pis durumda olmasının səbəbi gerçəkdən də daxili problemləri ilə bağlıdır. 25 il öncə sosialist düşərgəsindən ayrılan Şərqi Avropa ölkələri - Polşa, Çexiya, Macarıstan, Serbiya, Rumıniya öz iqtisadi problemlərini pis-yaxşı həll edib, öz xalqlarını böyük ölçüdə sabit rifaha qovuşdurublar. Hətta Xorvatiya, Sloveniya, Çernoqoriya və Makedoniya kimi ölkələr də başlarını dolandıra bilirlər. Adını çəkdiyimiz ölkələrin təbii resurslar baxımından Yunanıstandan elə bir fərqləri yoxdur, əksinə, turizm imkanları baxımından ondan geridədirlər. Fəqət Yunanıstan Avropanın turizm mərkəzinə çevrilməklə milyardlar qazana biləcəyi halda bu sektorunu da axsadır, nəticədə İspaniya, İtaliya və Türkiyəyə uduzur. Yunanıstanın aqibəti göstərir ki, korrupsiya və səriştəsizlik bir ölkəni hansı fəlakətlərlə üzləşdirə bilər. İqtisadiyyatın doğru-dürüst mexanizmlər üzərində qurulmaması əvvəl-axır öz acı fəsadlarını verir. Heç bir ölkə kreditlərlə, qonşudan sinidə gələn xörək payıyla dolana bilməz. Bizim kimi ölkələr Nigeriya kimi neft ölkəsinin acınacaqlı durumuna, Yunanıstan kimi qeyri-neft ölkəsinin hazırkı halına baxıb öz dərsini götürməli, 10-15, hətta 20 il sonrakı güzəranını fikirləşərək indidən başına çarə qılmalıdır.

Bizə qoşulun